Tolik kimin kəbinli arvadıdır?!

Tolik

Tolik

14 yanvar 2022
# 15:07

Kulis.az Səddam Laçının “Dissosiativ” yazısını təqdim edir.

Dissosiativ pozuntu (şəxsiyyətin ikiləşməsi) insanın eyni zamanda iki və daha çox şəxsiyyətə malik olmasına deyilir. Belə olan halda şəxsin pis-yaxşı bütün davranışları iki fərqli şəxsiyyət tərəfindən icra olunur. Psixoloqlar hər bir sağlam insanın daxili ziddiyyət yaşamasını normal qəbul edir. Onların fikrincə bu ziddiyyət şəxsi başqa insana çevirmir. Lakin məsələ şəxslərdən çıxıb kütləviləşdikcə, kütlə isə böyüyüb milliləşdikcə iş ciddi hal almağa başlayır. Şəxsiyyətin ikiləşməsi daha çox şəxsin, millətin ikiləşməsi isə bütün bir cəmiyyətin, məntiqi ardıcıllıqla da dövlətin maraqlarına xələl gətirir. Nədir axı milliyyət ikiləşməsi? Özünü harda və hansı formada büruzə verir?

Gəlin bir az tarixə nəzər yetirək. Çox yox, bir il geriyə qayıdaq. Bakı və ümumilikdə ölkə ərazisində küçələrə axışan, qisas eşqi ilə alışıb-yanan, müharibə istəyən, istədiyinə çatan, 30 illik həsrəti vüsala yetən bir xalq görəcəyik. O xalq ki, əli silah tutan hər bir nəfəri döyüşə can atır, 44 günlük müharibədə bir addım belə geri atmır, qəhramanlıq göstərir və zəfər çalır. O xalq ki, çörək sexi düşmən tərəfindən vurularkən qız-gəlini evində çörək bişirib əsgərinə göndərir, ağsaqqalı-ağbirçəyi olan-qopan 180 manatlıq pensiyasını orduya verir. O xalq ki, 44 gün boyu hərbi hissələrin, hərbi komissarlıqların önündə döyüşmək üçün növbə gözləyir, döyüşə gedənləri bəxtəvər hesab edir. O xalq ki, şəhadəti şərəf sayır. Şəhidini böyük izdihamla dəfn edir, qazisini belində gəzdirir. Müharibənin yekununda sağ-salamat evinə qayıdanlar üçün bayram edir. Küçələrdə hərbi formalı adam görəndə ürəyi dağa dönür.

Tolik də belə edir...

Çox keçmədən həmin xalqın qələbə eyforiyası bitir. Hər şey öz mistikasını itirməyə, daha real, yəni iyrənc hal almağa başlayır. Xalq izləyicisi olduğu müharibənin iştirakçılarına qarşı hörmətsizlik etməyə başlayır. Yaşadıqları psixoloji travmaları nəzərə almır, mesajlarını, statuslarını məsxərəyə qoyur, lağ-lağı obyektinə çevirir. Fərqinə varmadan gülüş hədəfinə çevirdiyi adamlardan gülünc vəziyyətə düşür. Dünənini, düşmənini unudur.

Tolik də belə edir...

Xalqın şəxsiyyət ikiləşməsində ən böyük payı isə, ümumiyyətlə, şəxsiyyəti olmayan adamlar öz üzərinə götürür. Bunlardan sadəcə birinin adını çəkməklə, onu izləyən, fikirləri ilə tərəddüdsüz razılaşan, özünə, nəslinə ağsaqqal-ağbirçək hesab edən adamların da haqqında danışmış olaram. Əsl adı Tarix olan, xalq arasında Tolik kimi tanınan şəxs öz sosial media hesabından MAXE-lər (Müddətdən artıq xidmət edən hərbi qulluqçular) haqqında təhqiredici ifadələr səsləndirir. Həqiqi hərbi xidmətdə olduğundan şübhə duyduğum Tolik “O MAXE kimdir ki, məni qorusun, məni əsgərim qoruyur” deyir. Burada əsgəri xüsusi qiymətləndirmək cəhdini özünü ağıllı hesab edən prodüserin ucuz manevri kimi də qiymətləndirmək olar. Lakin Tolik bununla da kifayətlənmir, MAXE-ləri “dövlətin kəbinli arvadı” adlandırır. Bu fikrini isə onların aybaay maaş alması ilə əlaqələndirir. Yaxşı, əgər elədirsə və maaşla xidmət etmək həmin qurumun, şəxsin arvadına çevrilməkdirsə, Tolik kimin arvadıdır? Arvadıdırsa, kəbinlidirmi?

Bütün bunlar bir yana. Canı-qanı bahasına dövlətinə, millətinə xidmət edən, aldığı maaşın artıqlaması ilə haqqını verən hərbi qulluqçuları təhqir etmək, onları arvad adlandırmaq hüququnu Tolikə kim verir? O nəyə, kimə, hətta kimlərə arxalanaraq bu fikirləri irəli sürür? Məqsədi nədir? Hər halda ordu mənsub olduğu millətin şərəfidir. Hərbiçi isə bu şərəfi qoruyub saxlayan keşikçi. Hərbiçini təhqir etmək millətin şərəf və ləyaqətini təhqir etməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində“Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.” deyilir. Tolik isə təkcə şəxsiyyətin yox, millətin, dövlətin şərəf və ləyaqətini alçaldır. Özü də bu ilk deyil. Bir müddət əvvəl eyni Tolik öz sosial şəbəkə hesabında “MAXE-lər məni görsələr mənə “çest” (hərbi salam) verəcəklər... O MAXE-lərin də torbasını tikərəm” deyir.

“O MAXE-lərin də”.

Azərbaycan dilinə yaxşı bələd olan hər kəs -da, -də-nin iştirak bağlayıcısı olduğunu, yəni bu fikri səsləndirən adamın əvvəllər də torba tikdiyini, MAXE-ləri də onların sırasına qatmaq istədiyini bilir. Yenə deyirəm, axı Tolik, Tarix Əliyev kimdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrini təhdid etmə cəsarəti göstərir? Tolik hansı statusla Azərbaycan əsgərini şantaj edir? O bütün bunları edərkən biz nə edirik? Bir il əvvəlki şəxsiyyətimizi əsas götürüb ordumuzla çiyin-çiyinə dayanırıq , yoxsa bugünkü şəxsiyyətimizə uyğun şəxsiyyətsizlik edirik? Tolikə bu cəsarəti verən elə bizlər deyilikmi? Onu izləyən, ona hədiyyələr göndərən, onu adam yerinə qoyan bizlər...

# 6076 dəfə oxunub

Oxşar xəbərlər

# # #