Kulis.az apasport-a istinadən İlham Əzizin yeni yazısını təqdim edir.
"Sabah" ilə "Qarabağ" arasında dünən oynanan futbol və oyundakı hadisələr məni sevindirdi.
Bir neçə məqamı sizinlə də bölüşmək istəyirəm.
Əvvəla futbol bir oyundur, istənilən komanda uda da bilər, uduza da. Əsas olan Azərbaycan futboluna marağın artması, kollektiv oyunun peşəkarlaşması və azərkeş kütləsinin yaranmasıdır. "Sabah" futbolumuza çoxsəslilik gətirir. Həmçinin bu “Turan Tovuz"a da aiddir. Tendensiyanı qoruyub saxlamaq həyatı əhəmiyyət kəsb edir.
İlk dəfədir ki, ölkə əhalisi milli çempionata maraq göstərir, stadionlara kütləvi azarkeş axışır. Bəs neçə vaxtdır arzuladığımız bu deyildimi? İndi niyə narahat oluruq?
“Xəzər Lənkəran" da vaxtilə bu vəziyyəti yaratmışdı. “Xəzər”in dağılması ilə futbolumuzun keyfiyyətinin düşməsinin hamımız şahidi olmuşuq.
Əlbəttə, hər hansı komandamız beynəlxalq oyuna çıxırsa onu dəstəkləməliyik. Necə ki “Qarabağ”ın oyunları milli məsələyə dönmüş, qələbələri ölkəni toy-bayram yerinə çevirmişdi. Arzum budur ki, eyni qələbələri “Sabah” da, “Turan” da, başqa komandalarımız da təkrarlasın.
Birqütblü hər şey məhvə məhkumdur. İnkişaf rəqabətdədir. Heç kim özünü imtiyazlı hiss etməməlidir. Məhz “Qarabağ”ın son illərdəki təkhakimiyyətliliyi dünənki oyunda hakimə qarşı elədiklərini şərtləndirib. Onlarda elə hiss yaranıb ki, Avropada və milli çempionatdakı uğurları hakimə qarşı kobudluq etməklərinə haqq qazandırır.
Əziz “Qarabağ” komandası, hakim dövləti, dövlətin və idmanın ədalətini qoruyur, ehtiyatlı olmaq lazımdır. Peşəkarlıq həm də səbir məsələsidir.
“Qarabağ” ölkə çempionatında şəksiz lider olduğuna görə neçə ildir oyunçu transferinə ciddi pul xərcləmir. Komandanın rəhbərliyində belə fikir formalaşıb ki, onsuz da ölkə çempionu olacağıq, Avropada da nə etsək ekstradır.
İndi vəziyyət dəyişib, rəqiblər formalaşıb. Bundan sonra öyrəşilən kimi olmayacaq. Komandanın güclənməsinə ayrılan pul 1-ə 5 artmalıdır. Ölkənin ən prestijli komandasına, ÇL-da sözünü deyən bir kluba pul qoymalısız, yoxsa bu nəticə qaçılmazdır.
Azərbaycan kimi qüdrətli ölkənin əsas klubunun dəyəri də 25-30 milyon dollar olmamalıdır. Çünki beynəlxalq yarışlarda qarşısına çıxan klubların dəyəri yüz milyon dollarlarla ölçülür.
Ətraf ölkələrdə də futbolun inkişafı məhz rəqabət sistemindən faydalanıb. Qardaş Türkiyədə artıq Anadolu komandaları da keçilməz səddə çevrilib. Futbol hər həftəsonu ölkənin gündəmini təşkil edir. Rəqabət sayəsində UEFA kuboku, Super Kubok, Dünya üçüncülüyü qazanılıb.
Bəzi adamlar monoton həyatlarını futbola da şamil etmək istəyir. “Hər şeydən bir dənə” prinsipi boşdur, sonu fəlakətdir.
Hətta birqütblü dünya da nələrə gətirib çıxardı, hamımız görürük. Müharibələr səngimir. İdeoloji rəqabət yoxdur deyə, kim nə istəyir edir.
Bir neçə kəlmə də hakimlik haqda.
Azərbaycan futbol hakimləri yetişməlidir. Onların yetişməsi məhz bu cür sərt, cəsarətli qərarlardan asılıdır. Əgər klublarla hakimlər yaxşı mənada “tərs” düşməsə, hakimlərimiz də inkişaf edə bilməz, kimlərinsə əlində oyuncağa çevrilə bilərlər. Sərt, cəsarətli hakimlər dünya futbol sənayesinin diqqətini çəkir.
Tofiq Bəhrəmov nümunəsi bizdə olub. Avropa çempionatının qədərini dəyişib və tarixə düşüb.
Futbol qədər hakimlik də vacib sahədir. Biz də istərdik ki, Dünya və Avropa çempionatlarında hakimlərimiz ölkəmizi təmsil etsin.
Odur ki, dünənki hakimi canı-könüldən alqışlayıram. Əzilməsinlər, qərarlarında qəti və dönməz olsunlar!
Futbol emosional oyundur, bunu nəzərə almaq lazımdır. Oyunda dava da düşəcək, narazılıq da olacaq, əsas futbol ictimaiyyəti bundan hansı dərsləri çıxaracaq, məsələ budur.
Ölkə futbolunun inkişafının şərti rəqabətdir.