“Son xətt” tamaşası təqdim edildi

“Son xətt” tamaşası təqdim edildi
9 noyabr 2023
# 17:56

Akademik Milli Dram Teatrının laboratoriyasının “Son xətt” tamaşası təqdim olunub.

​Kulis.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edib. O, 8 Noyabr – Zəfər Günü münasibətilə kollektivi və tamaşaçıları təbrik edib, Zəfər Gününün qeyd olunmasının tarixi əhəmiyyətindən danışıb:

​“Bu, elə bir şərəfli tarix, elə bir gözəl gündür ki, biz bu tarixin iştirakçıları olduğumuz üçün özümüzü xoşbəxt sayırıq. Bu gün Azərbaycanın Qarabağ bölgəsinin hər yerində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Bu, Azərbaycan üçün son iki əsrin ən böyük qələbəsidir. Bizim elə arzularımız çin oldu ki, bu günləri ancaq yuxuda görə bilərdik. Bu döyüşlər ölkə gəncliyi üçün bir imtahan oldu. Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə bir daha göstərdi. Bu gənclik bu gün təkcə orduda deyil, sənətdə də öz xidməti borcunu verir. Çalışırıq ki, mədəniyyətimizə xidmətimizlə bu tarixə töhfəmizi verək. Biz mədəniyyət səngərində xidmətdəyik. Bu qələbə naminə hər kəs öz bacarığını ortaya qoymalıdır. Mədəniyyət və İncəsənət Universiteti ilə aramızda olan bağlantının, aktyor transferinin siqnal variantı olaraq bu tamaşanı diqqətinizə təqdim edirik”.

​Mehriban Ələkbərzadə əlavə edib ki, Akademik Milli Dram Teatrının böyük hədəfləri, bu hədəflərə aparan yolun strateji mərhələləri var:

​“Bu mərhələlərdən biri də Sınaq Laboratoriya təşkil etməkdir. Bu laboratoriyada Mədəniyyət və İncəsənət Universitetinin ən istedadlı tələbələrinin içərisindən kastinq yolu ilə, yardımçı heyətə gətirmək mərhələsi ilə yeni nəsil aktyor seçimini edəcəyik. Gələcəkdə truppamıza daxil etmək üçün onları məhz bu teatrın estetik və yaradıcı atmosferində yetişdirəcəyik. Məhz bu teatrın korifeyləri, sənətkarları öz​ yaradıcılıq yolunu, mərhələlərini və ustadlığa doğru gəldikləri peşəkar xüsusiyyətləri onlara bir dərs olaraq keçəcəklər.

Həmçinin​ laboratoriya gənc rejissorların, rəssamların, bəstəkarların, teatr sənəti üzrə mütəxəssislərin hazırlığı üçün nəzərdə tutulur. İl ərzində üç tamaşanın nümayişini planlaşdırırıq. Onlardan hansı yüksək qiymətləndirilsə, gənc kadrların təqdim etdiyi iş kimi Milli Teatrın meyarlarına cavab versə, bu teatrın tamaşası olaraq kiçik səhnədən böyük səhnəyə vəsiqə qazanıb repertuara daxil ediləcək”.

​“Son xətt” tamaşası Jal Pol Sartrın “Dəfn edilməmiş ölülər” əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.

​Yeni yaradıcılıq işində Mədəniyyət və İncəsənət Universitetinin tələbələri – Aydan Həsənzadə, (Lusi), İlqar Səmədli (Fransua), Elçin Nurəliyev (Anri), Məmməd Rəfiyev (Kanoris), Nurlan Ağayev (Sorbiye), Ülvi Haşim (Jan), Nihad Aslan (I Polis) və Tural Rzayev (II Polis) çıxış edir.

​Tamaşa düşmənə qalib gəlmək naminə döyüşə atılan, amma əsir götürülən insanların dözümündən bəhs edir. Verilən qurbanlar bahasına işğaldan qurtulmaq lazımdır və azadlıq əldə edilməlidir. Ən həlledici məqamda insan seçimi ilə öz mahiyyətini​ cızır. “Son xətt” məhz bundan bəhs edir.

# 1795 dəfə oxunub

Oxşar xəbərlər

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
Qədim “Herakl qapısı"  tapıldı

Qədim “Herakl qapısı" tapıldı

16:30 28 avqust 2026
Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

16:03 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər