"Sən ya namuslusan, ya da əxlaqsızsan!" - Porno saytların aktiv izləyiciləri olan əxlaq polisləri kimlərdir?

"Sən ya namuslusan, ya da əxlaqsızsan!"  - Porno saytların aktiv izləyiciləri olan əxlaq polisləri kimlərdir?
3 iyun 2025
# 12:00

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Əxlaq polisi sosial şəbəkələrdə fəaliyyətə başlayıb. Adı: “şərhlər bölməsi”

Onlar səni tanımır. Səni heç vaxt görməyiblər, səninlə çörək kəsməyiblər, söhbət eləməyib, dərdinə şərik olmayıblar. Amma "Necə yaşamalısan, geyinməlisən, danışmalısan?" – bax bunları dəqiq bilirlər.

Onların “vəzifəsi” sənin “düzgün” geyinməyinə nəzarət etmək, yerində gülməyini, vaxtında susmağını və heç vaxt, bəli, heç vaxt sərbəst şəkildə özünü ifadə etməməyini təmin etməkdir. Onlara sosial şəbəkələrdə tez-tez rast gəlirik. Formaları yoxdur, amma funksiyaları bəllidir: əxlaq polisliyi. Şərh bölmələrinin homo erektusları…

Yadıma gəlir, sosial şəbəkələr ölkədə təzə-təzə məşhurlaşanda insanlar daha sərbəst idi. Bir cümlə yazmaq, bir foto paylaşmaq, bəzən fikirlərini bölüşmək azadlığın kiçik bir hissəsinə çevrilirdi. Ancaq zaman keçdikcə, bu platformalar informasiya vasitəsi olmaqdan çıxıb, bir növ, “ictimai mühakimə məhkəməsi”nə çevrildi. İndi hər status, hər şəkil, hər cümlə sanki bir cinayət materialıdır. Dərhal “əxlaq polisləri” peyda olur və hökmü verirlər: sən ya namuslu, ya da əxlaqsızsan. Ortası yoxdur.

Ən çox zərbə alanlar isə qadınlardır. Qadın bir az açıq geyinibsə – “utanc qaynağı” olur. Rəqs eləməyi “millətin qeyrətinə ləkə” sayılır. Hətta uşağı ilə şəkil paylaşan ana belə "ailə dəyərlərini reklama çevirən" adlandırılır. Maraqlıdır ki, bu cür sərt tənqidlər çox zaman kişi profillərindən gəlir. Onlar qadını ya müqəddəsləşdirir, ya da ləkələyirlər.

Kişilər də “əxlaq polislərindən” yan keçə bilmir. Məsələn, bir kişi emosional status yazıbsa, zəifdir. Saçını bir az fərqli kəsdiribsə, qeyri-ciddidir. Özünü çox rahat ifadə eləyə bilirsə, ayağını ayağının üstünə atıb oturursa, “həddindən çox” gülürsə, ona da "yaxşı baxılmır". Cəmiyyətin sərt kişi qəliblərinə uyğun gəlməyən hər davranış, “qınaq atəşi”nə tutulur... Əxlaq polisi təkcə qadının bədəninə deyil, kişinin ruhuna da hücum edir.

Bu şərhçilər kimdir? Çox vaxt adi insanlar. Bəzən ailəli, bəzən təhsilli, bəzən özünü “dəyərlərin qoruyucusu” hesab edən şəxslər. Hər gün yanlarından keçirik, salamlaşırıq, sizə deyim ki, bəziləri real həyatda normal adamlardır. Necə olursa, feysbuka, tiktoka girən ki, Cavanşir, Babək, Nəbi, Koroğlu olurlar. O profildəki hər kimdirsə, o adam deyil. Oturursan, söhbət eləyirsən, əlin üzündə qalır. Demirəm, hamısı belədir, ancaq belələri də çoxdur.

Ancaq çoxunda eqo problemi, özünəinam çatışmazlığı və nəzarət ehtiyacı var. Yəni real həyatda təsirsiz, görünməz və sönük olan insanlar virtual aləmdə “qorxulan və hökm edən” olmaq istəyirlər.

Sosial medianın şərhlər bölməsi artıq informasiya, fikir və ya reaksiyanın ifadə olunduğu yer deyil. Ora insanların qorxduğu, söyüldüyü, rüsvay edildiyi yerdir. İnsanlar paylaşım edərkən əvvəlcədən düşünməyə başlayır: “Bunun altında nə yazacaqlar?”, “Kimsə bunu təhrif edərmi?”, “Ailəmə söz deyərlərmi?”

Bu isə birbaşa senzura deməkdir, amma dövlət yox, cəmiyyət tərəfindən tətbiq olunan senzura.

Məsələ burasındadır ki, bu “əxlaq polisi”nin öz əxlaqı çox zaman sual altındadır. Bir qadının geyiminə dil uzadan anonim hesab, bəlkə də, axşamlar porno saytların ən aktiv istifadəçisidir. Ailə, namus və mentalitet deyib status yazanlar, bəlkə də, öz ailəsində psixoloji və fiziki zorakılıq tətbiq edir. Onlar yalnız başqalarının həyatına müdaxilə etməklə öz natamamlıqlarını unutmağa çalışırlar.

Əxlaqın cəmiyyət üçün əhəmiyyəti danılmazdır. Amma bu əxlaq başqasının həyatına nəzarət etmək üçün yox, öz davranışına rəhbərlik etmək üçündür. Biz şəxsi fikrimizi bildirə bilərik, amma başqasının şəxsi sərhədini təhqirlə, linçlə keçmək hüququmuz yoxdur. Əgər kiminsə geyimi, paylaşımı və ya rəftarı sənə görə “əxlaqsızlıqdırsa”, bu sənin şəxsi düşüncəndir, qarşı tərəfin günahı deyil. Onun əxlaqsızlıq saydığı şeylər fərqlidir, bəlkə də.

Yaradıcı insanlar, fərqli düşünənlər, özünü ifadə etmək istəyənlər üçün sosial media artıq sərbəstlik məkanı yox, tələyə çevrilib. Amma bu, belə qalmamalıdır. Əgər, həqiqətən, əxlaqdan danışmaq istəyiriksə, ilk növbədə, hörmət etməyi öyrənməliyik. Çünki əxlaqın başlanğıcı hörmətdir, qorxu deyil.

# 1049 dəfə oxunub

Oxşar xəbərlər

Amaliya Pənahova ilə küsülü olan, atasını dəfn etdiyi gün səhnəyə çıxan Xalq artisti kimdir?

Amaliya Pənahova ilə küsülü olan, atasını dəfn etdiyi gün səhnəyə çıxan Xalq artisti kimdir?

18:37 4 iyun 2025
Ailəsini atıb "müqəddəs ata" olan, rahibəylə eşq yaşayan azərbaycanlı şair

Ailəsini atıb "müqəddəs ata" olan, rahibəylə eşq yaşayan azərbaycanlı şair

18:25 4 iyun 2025
"Azerbaijan Kids Best Model 2025" müsabiqəsi keçirildi

"Azerbaijan Kids Best Model 2025" müsabiqəsi keçirildi

17:30 4 iyun 2025
"Dedilər, Verək Məhkəməyə..." - Meyxanaçı Rüfət Nasosnu Kəramət Böyükçöl haqqında

"Dedilər, Verək Məhkəməyə..." - Meyxanaçı Rüfət Nasosnu Kəramət Böyükçöl haqqında

17:00 4 iyun 2025
"İçərişəhər" Muzey Mərkəzinə direktor təyin olundu

"İçərişəhər" Muzey Mərkəzinə direktor təyin olundu

16:40 4 iyun 2025
Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatları - Siyahı

Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatları - Siyahı

16:30 4 iyun 2025
# # #