Səməd Vurğun cibinə pul qoyub deyib ki... - Əliağa Vahid haqqında

Səməd Vurğun cibinə pul qoyub deyib ki... - Əliağa Vahid haqqında
1 oktyabr 2025
# 10:28

Bu gün görkəmli qəzəlxan Əliağa Vahidin anım günüdür.

Kulis.az onun haqqında əhvalatları təqdim edir.

“Azərbaycan” nəşriyyatında şeirlər toplanırmış. Əliağa Vahid də gəlib şeirlərini deyir, makinaçı qadın yığırmış. Bir gün şair gəlmir. Qadın xeyli narahat olur. İş vaxtının bitməsinə bir az qalmış qapı açılır, Əliağa Vahid başını içəri uzadıb xırıltılı səslə deyir:

- Gəldim deyəm ki, bu gün olmayacağam.


***

Makinaçı qızla başqa bir əhvalatı da var.

Səməd Vurğun, Süleyman Rüstəm şeirlərini gətirib almanax üçün verirlər. Vahid də gəlir. Makinaçı qadın onun köhnə-kürüş üst-başına baxıb gülür:

- Sən də şairsən?

Bu, həmin məqam imiş ki, Vahid “El düşdü bütün heyrətə divanəliyimdən / Sirrim demədim kimsəyə mərdanəliyimdən” qəzəlini gətiribmiş.

Makinaçı qadının rişxəndinə pis olur, elə oradaca qəzələ bir beyt əlavə edir:

- Xakəstəri-eşqəm mənə təhqir ilə baxma,

Min gənc çıxar zahirə viranəliyimdən.

***

Vahid bir səhər söz verir ki, bu gün araq içməyəcək. Hər gün “paxmel” açdığı kafenin qarşısından şəstlə keçib yüz addım atandan sonra dayanır və deyir:

- Vahid, səndə ki bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!

***

Həkim:

- Vahid, az iç, canını korlama.

Vahid:

- Allahın verdiyi canı sağ-salamat nəyə qaytarıram? Qoy bir az işlədim...

***

Vahidin ağciyərlərində xəstəlik olub. Özü də zəif adammış. Buna baxmayaraq, onu yerli komissarlıq müharibəyə göndərmək istəyir. Tibb məntəqəsində “şaqat” edəndə ayağını qaldıra bilmir. Hərbçi onun üstünə qışqıranda o zaman orada həkim işləyən qəzəlxan Həkim Qəni iş otağından çölə boylanır və Vahidi tanıyır. Gəlib onu hərbçilərin əlindən alır, xəstəlik kağızını təsdiqlədir. Beləliklə, Vahid müharibədən qalır.

***

Deyirlər, Mir Cəfər Bağırov onu yanına çağırıb deyir:

- Mənə sən öl de ki, araq içməyəcəksən.

Vahid:

- Ağa, sən öl, içəcəyəm.

Onun mərdliyi Bağırovun xoşuna gəlir və şairi rahat buraxır.

***

Belə bir əhvalat da danışırlar: Vahidin adı repressiya olunacaq yazıçıların siyahısında Bağırovun stoluna gəlir. Bağırov onun üstündən qələm çəkib deyir:

- İçən adamdan vətən xaini olmaz!

***

Vahidə evi də Mir Cəfər Bağırov verib. Vahid ev üçün ona aşağıdakı mənzum məktubu yazıbmış:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax, gecələr gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

***

Vahiddən soruşurlar:

- Şair, deyirsən, Füzulinin yadigarı mən özüməm, bəyəm səndən əvvəlkilər pis yazırdılar?

Vahid:

- Seyid Əzimin Füzuliyə layiq, mənim də Seyidə Əzimə layiq beş-altı qəzəlim var.

***

Yazıçı-jurnalist Aqşin Babayev bir məktəbdə Əliağa Vahidlə görüş təşkil edir. Görüşdən əvvəl Vahidə proqramı açıqlayır. Deyir, görüş belə olacaq, elə olacaq, axırda da bədii hissə təşkil eləmişik – yeyib-içəcəyik!

Vahid:

- Bəlkə, görüşü bədii hissədən başlayaq?

***

Səməd Vurğun Vahidi hər görəndə cibinə pul qoyurmuş və deyirmiş: “Ona borclu idim.”

***

Əliağa Vahid ət növbəsində dayanıbmış. Birdən radio elan verir: “Hörmətli dinləyicilər, indi müğənni Mustafa Payan Ağayi-Vahidin qəzəllərini oxuyacaq.”

Vahid köks ötürür:

- Kül o ağanın başına ki, iki kilo ətdən ötrü növbədə dayanacaq!

***

Özü deyirmiş: “Əmim Məşədi Ağabəy olmasaydı, dələduz uşaqlara qoşulub qazamatlarda çürüyəcəkdim.”

Əmisi Əliağanı mollaxanaya qoysa da, sonra nəzərini onun üstündən çəkir. Mollaxananın haqqını hər ay verə bilməyənlərdən biri də Əliağa Vahid olur. Mollanın tənəsi, danlağı uşağı boğaza yığır və o, mollaxanadan qaçır. Amma ömür boyu orada öyrəndiyi hərflər ona kömək edir. Şeir yazmaqda da, redaktor işləməkdə də.

***

Vahid Hüseyn Cavidgilə tez-tez gedib-gələrmiş. Cavidin yoldaşı da məclis açarmış. İçki-filan da qoyarmış. Bir gün yenə gedir, Hüseyn Cavid deyir, mən içmirəm, tövbəliyəm, sən işində ol.

Vahid bədahətən deyir:

Cavid eylədi şəraba tövbə,

Ya rəbb, bizə çatmasın bu növbə.

***

Şair ahıl çağında, xəstə vaxtı xəstəxanada ona qulluq edən şəfqət bacısına sataşmaq üçün zarafatca deyir:

- Adamın belə arvadı ola!

Şairdən düz 25 yaş cavan olan şəfqət bacısı zarafata zarafatla cavab verir:

- Alsan, niyə olmur!

Zarafat-zarafat evlənirlər. Vahidin əvvəllər başqa həyat yoldaşı olsa da, uşaqlarını bu qadın dünyaya gətirir.

# 116 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Quliyevin sabah xəstəxanadan evə buraxılması planlaşdırılır

Ramiz Quliyevin sabah xəstəxanadan evə buraxılması planlaşdırılır

12:25 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi

11:56 1 oktyabr 2025
Parisdə Ermənistanın mina müharibəsi əleyhinə fotosərgi

Parisdə Ermənistanın mina müharibəsi əleyhinə fotosərgi

11:30 1 oktyabr 2025
“Reebok” “PlayStation” temalı idman ayaqqabıları buraxdı

“Reebok” “PlayStation” temalı idman ayaqqabıları buraxdı

11:20 1 oktyabr 2025
Bədii qiraət müsabiqəsi elan edilir

Bədii qiraət müsabiqəsi elan edilir

11:10 1 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər