#

Şekspirin Şekspir üçün tikdiyi teatr - QLOBUS

Şekspirin Şekspir üçün tikdiyi teatr - QLOBUS
10 sentyabr 2024
# 15:00

Kulis.az Qlobus teatrı haqda 10 maraqlı faktı təqdim edir.

1. Qədim London teatrlarından olan “Qlobus” teatrına həm də “Şekspirin Şekspir üçün tikdiyi teatr” deyirlər. Bu böyük tikintidə dramaturq özü və “Lord-kamerqerin nökərləri” truppasının aktyorları iştirak edib. Qeyd edək ki, həmin truppa Şekspirin bütün əsərlərinin müəlliflik hüququna malik idi.

2. 1599-cu ildə Londonun ilk ictimai teatrı olan “Teatr”ın torpaq icarəsinin vaxtı qurtarır. Teatrın şəriklərindən olan aktyor, Şekspirin yaxın dostu və Hamlet, III Riçard, Lir, V Henrix, Otello, Romeo, Maqbet rollarının ilk ifaçısı Riçard Börbec “Teatr”ın binasını sökdürür. Həmin materiallarla Temzanın cənub sahilində “Qlobus”un tikintisinə başlanılır. Tikintiyə lazım olan sərmayənin bir hissəsini Şekspir özü qarşılayır. Tədqiqatçıların fikrincə tikintiyə dülgər Piter Strit rəhbərlik edib.

3. Teatr binasının ölçüləri barədə məlumat qalmayıb, amma iki yüz il ərzində araşdırma aparan tədqiqatçılar onun planını hazırlaya bilib.

4. “Qlobus” adının hardan qaynaqlandığı hələ də müəmmalıdır. Şekspirin ilk bioqrafı olan Uilyam Oldisin yazdığına görə, “Qlobus” adı Petroniyin “Mundus universus exercet histrionem” (“Bütün dünya oyunbazlıq edir”) fikrinin alluziyasıdır. Amma bu təxmin çoxları tərəfindən ciddi qəbul edilmir.

5. “Qlobus” teatrı üstüaçıq, ətrafında hündür divar tikilmiş, 30 metr diametrli amfiteatrdan ibarət idi. İntibah dövrü rəsmlərində 3000 tamaşaçı üçün nəzərdə tutulmuş teatr dairəvi təsvir olunsa da, 1989-cu ildə binanın özülü tədqiq olunarkən, onun altıguşəli formada tikildiyi meydana çıxıb. Yerdən 1,5 metr hündürlükdə olan səhnə ilə tamaşaçı oturacaqları arasında parteri əvəz eləyən həyət yerləşirdi. İstənilən tamaşaçı 1 penni qarşılığında həyətə düşüb tamaşaya ayaq üstündə baxa bilərdi. Əyanlar və varlılar üçün divarlarda lojalar tikilmişdi, lojaların da səhnə kimi damı vardı.

6. Teatr dövrün tələblərinə cavab verirdi: səhnədə lyuklar, orkestr üçün eyvan, pərdəarxası ləvazimatlar və s. Yəni, o dövrdə yaxşı tamaşa hazırlamaq üçün nə lazım idisə, bu teatrda var idi. Tamaşalar fasiləsiz göstərilirdi. Pərdələr arası aktyorlar hazırlaşanda tamaşaçıları əyləndirmək üçün janqlyorlar, akrobatlar və klounlar çıxış edirdi.

7. 1613-cü ilin iyununda “VIII Henrix” tamaşası vaxtı teatrın topunda nasazlıq yarandığı üçün qığılcımlar ətrafa səpələnir. Tirlər və səhnənin saman damı alışır, teatrın bütün binası yanır. Bir il sonra bərpa edilir və 18 il fəaliyyət göstərir.

8. 1642-ci ildə puritanlar bütün London teatrları kimi “Qlobus”u da bağlayır, iki il sonra isə yerində yaşayış evləri tikilməsi üçün teatrın binası dağıdılır.

9. Aktyor və rejissor Sem Uonammeyker 1970-ci ildə Şekspirin Qlobusu fondunu təsis edir. Yığılan vəsait hesabına 1997-ci ildə “Qlobus” tarixi məkanından 200 metr aralıda yenidən tikilir – 1599-cu ildə necə tikilmişdisə, eləcə. Və bu bina 1666-cı il yanğınından sonra Londonda damının samandan hazırlanmasına icazə verilən ilk tikili olur.

10. “Qlobus” teatrının truppası 2016-cı ildə Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin “Hamlet” tamaşasını təqdim edib.

# 914 dəfə oxunub

Oxşar xəbərlər

Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

10:31 4 oktyabr 2024
Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
# # #