Seksist, pedofil, provakativ

Sevda Sultanova, kinoşünas

Sevda Sultanova, kinoşünas

15 avqust 2022
# 15:00

Cəfər Cabbarlı müasirimiz olsaydı və “Dünyanın ən pis adamı” filmini izləsəydi, bəlkə də, onun məqaləsi “Hara gedir dünya kinosu” adlanardı. Norveçli rejissor Yoakim Trierin ötən il Kann festivalında premyerası baş tutmuş sözügedən bu lenti adi həyat həqiqətlərinin səthi fiksasiyası, həyatın, insan varlığının mənasızlığı haqda dərin məna tutumuna malik olmayan filmdir. Çünki müəllif insanın “ekzistensial narahatlığı” haqda öz nəticəsini, bədii kəşfini təklif eləmir. Və mənə elə gəlir ki, müasir kino daha çox, katarsis yaradacaq mənəvi, hissi təcrübə, bədii kəşf, özünəxas bədii reallıq əskikliyindən əziyyət çəkir.

Bu, Y.Trierin filmoqrafiyasından izlədiyim ikinci filmdir. Onun 2011-ci ildə Kann kinofestivalının “Xüsusi baxış” proqramında nümayiş olunan, elə həmin ildə Stokholm festivalında “Ən yaxşı film” və “Ən yaxşı operator” işinə görə mükafat qazanan “Oslo, 31 avqust ” dramı reabilitasiya mərkəzində narkotik asılılıqdan müalicə alan, həyatını dəyişmək istəyən, keçmişini saf-çürük edən, alternativ yaşam tərzi tapa bilmədiyindən sonda yenə özünün illüziya dünyasına qayıdan 34 yaşlı Anders (Anders Danielssen Li) haqdadır.

Y.Trier filmboyu boyu dəyişməyən, özünüaxtarışları nəticəsiz qalan orta statistik avropalı haqda mövzusunu son filmində də davam etdirir. Gənc qadın Culia (Renate Reinsve) həm peşəsində, həm şəxsi həyatında fasiləsiz axtarışdadır: o, gah həkim olmaq sevdasına düşür, sonra fikrindən daşınaraq psixologiyanı seçir, daha sonra yazıçılığa meyl salır, fotoqrafiya ilə məşğul olur və kitab dükanında satıcı-məsləhətçi işləyir. Həyatını duyğularına uyğun qurur, sevgililərini dəyişir, vəziyyət onu qane etməyəndə asanlıqla konflikt quraraq münasibətləri bitirir. Culia – öz həyatını yaşamaq istəyən, uğursuzluqla üzləşən Qodarın Nanasının mənəvi deformasiyaya uğramış XXI əsr Norveç versiyasıdır. Nanadan fərqli olaraq, onun istəklərini məhdudlaşdıran sosial maneələri yoxdur, o, hər arzusunu asan gerçəkləşdirir. Sadəcə, Culia öz daxili konfliktində boğulan, sentimental, həyatdan çox şey istəyən, amma istədiyinin mahiyyəti konkretləşməyən maraqsız tipdir. Və rejissor bu maraqsız obrazın həyatına iki saat vaxt ayırır.

Sonlara yaxın bir səhnədə telekanala müsahibə verən Aksel (Anders Danielssen Li, Culianın sevgililərindən biri, o seksist, pedofil, provakativ komikslər müəllifidir) müsahibəsində sənət kredosunu belə bəyan edir ki, yaradıcı insan daxili kədərini, qaranlıq fikirlərini ifadə etməlidir, hər kəsin söz və seçim azadlığı tanınmalıdır. Aksel haqlıdır, hərçənd, çox vaxt müasir kinematoqrafiya bu sualları doğurur: sənətə iddia edən şəxsin fikir dünyası universal dəyərlər daşıyırmı, onun subyektiv reallığı həyatla nə qədər əlaqəlidir, yoxsa bu, təhtəlşüurdan süzülüb gələn, məhdud individual baxışdır? Əksi olduğu halda sənət müəllifin özünüterapiya vasitəsinə çevrilərək, tamaşaçı ilə ünsiyyətdən imtina edir.

Y.Trierin isə problemi ondadır ki, Tarkovskinin təbirincə desək, “reallığı təkrarlayan rejissorların” kateqoriyasına daxildir. Hərçənd, dərindən baxsaq, filmdə problem də yoxdur, bu, sadəcə, daxili konflikti aydın olmayan qızın şıltaqlıqlarıdır. Ümumi mesaj isə budur ki, istər Aksel kimi uğurlu karyeran olsun, istər Yuliya kimi infantil, ortabab – bütün hallarda finalımız ölümdür. Bu iddiasını təsdiqləməkdən ötrü uğurlu karyera quran Akseli də xərçəng xəstəliyindən öldürür.

Bütün bunlar əlbəttə, məlum həqiqətlərdir və pis odur ki, hekayədə gerçəklik yeni mənalarla yüklənmir, həyat bədii rekonstruksiyaya məruz qalmadan illüstrasiyaya çevrilir.

Y.Trier ikisaatlıq filmini 12 hissəyə bölüb və guya ənənəvi dramaturgiyadan qaçaraq zamanla forma eksperimentlərinə cəhd göstərir. Qəhrəmanlar real və şərti zamanda hərəkət edir, fleşbək metodu ilə Culia və Akselin, Eyvindin (Herbert Nordrum) keçmişinə qayıtması, bir səhnədə bütün Osloda zamanın dayanması (bununla da, rejissor, bəzi nağıllarda istifadə edilmiş üsula istinad edir) fonunda qadının yeni sevgilisi ilə romantik anlar keçirməsi, narkotikin təsiri nəticəsində Culiyanın sürreal, təhtəlşüuri zamana düşərək travmaları, qorxuları ilə üzləşməsi, təhkiyənin ləng tempini saxlamaqla bu cür kəskin zaman dönüşləri, nəticə etibarilə, filmin dramaturji keyfiyyətinə təsir göstərmir.

Hadisə boyu Culianın sevgililəri ilə uşaq olsun ya olmasın, ailə yoxsa karyera dilemmaları zərurət olmadan Şekspir faicəsi səviyyəsinə qaldırılır.

Culia və Eyvindin tanışlıq günü xəyanət motivlərində gəzişmələri Vudi Allen filmlərinin tonallığındadır.

Gender bərabərliyi məsələsi ətafında polemik dialoqlar bəzən ironiya, bəzən bəlli konyunkturaya sadiqlik kimi təzahür eləyir: Culia kişi orqazmı, cinsiyyət orqanı haqqında mətn və filmlərə etiraz eləyir, qadın menstruasiyasının gündəmə gətirilməsini vacib sayır, “MeToo” dövründə feministin oral sekslə məşğul olması prosesində hansı hisslər keçirməsi haqda məqalə yazır.

Rəqəmsal texnologiyanın həyata müdaxiləsi haqda bayağı söhbətlər edilir, Aleksin psixoanalitik şərhləri köhnəlmiş görünür, iqlim dəyişikliyi, ekoloji fəlakətlər kinematoqrafik baxış olmadan klip estetikasında təqdim olunur.

“Dünyanın ən pis adamı” ilə müqayisədə “Oslo,31 avqust” ideya-məzmun və ifadə vasitələri baxımından səmimi filmdir. Qəhrəmanın problemi, içindəki boşluq əsaslandırılır, gərgin ritmli montajla, Oslonun hüznlü, asketik təsvirləriylə, minimal musiqiylə, həyatdan təcrid olunmuş, reallığa özgələşmiş üz planlarıyla onun daxili aləmini dərk edirik, emosional baxımdan doğmalaşırıq. Mərkəzdə Anders və onun əhvalatı olsa da, rejissor təhkiyəsində qırılmalar edir, yan xətlərdə gənclərin həyatının lakonik təsvirinə nail olur. Məsələn, kameranın fokusu restoranda nahar edən Andersdən yayınaraq, digər gənclərə, onların dialoquna hədəflənir. Kollajvarı təsvirdə onların istəkləri, problemləri, sıxıntısı yer alır.

Dram, komediya, melodram janrlarının elementləri üzərində qurulan “Dünyanın ən pis adamı” filmi, rejissorun “Oslo trilogiyası”nın (“Oslo, 31 avqust” və “Repriza”) son hissəsidir.

/kinoyazar.az/

# 1682 dəfə oxunub

Oxşar xəbərlər

# # #