Şəhid və qazi adından reklam tutanlar

Şəhid və qazi adından reklam tutanlar
18 dekabr 2024
# 12:15

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Dünən bir video çıxdı rastıma.

Bərbərxanadı. Bərbər yeniyetmə bir müştərinin saçını düzəldir. Növbədə də iki nəfər gözləyir.

Bir yaşlı qadın girir içəri. Deyir ki, oğlum saçını kəsdirmək istəyir.

Bərbər deyir, növbədə adam var.

Qadın deyir ki, oğlum qazidi, çox gözləyə bilmir.

Bərbər tez yeniyetməni yerindən qaldırır, qaçıb bayırdan qoltuqağacı ilə gələn qazinin qoluna girir, gətirib otuzdurur, digər oğlan da ona kömək edir…

Şərhlərə də baxdım. Hamı bərbəri tərifləyirdi bu hərəkətinə görə.

“Halal olsun”,

“Qazilər baş tacımızdı”,

“Qazilərə qulluq borcumuzdu” və s. və i.a.

Əlbəttə, şərh yazanlar haqlıdı.

Amma qaziləri hələ də reklam materialı kimi işlətmək nə dərəcədə düzgündü? Müharibə dörd ildi qurtarıb, amma adamlar hələ də “qazi çörəyi” yeməyə çalışırlar.

Qazilər özləri bir tərəfdən, qazilərin üstündən reklam tutmağa çalışanlar da o biri tərəfdən.

Hələ bir çox müəssisələrdə “şəhid övladlarına/ailələrinə pulsuzdur” yazılarını demirəm. Bir az qabağa gedib, “borcunuz atanız tərəfindən ödənilib” yazanlar da var. Bu, reklamın ən ucuz versiyasıdı mənə görə. Məncə, heç bir şəhid övladı özünə sığışdırıb hansısa surətçıxartma mərkəzində (kserekopiya), kafedə, mağazada “Mən şəhid övladıyam” deyib, üç qəpiklik surətçıxartma xidmətindən, manat yarımlıq çaydan və ya əlli-altmış qəpiklik çörəkdən yararlanmaz.

Çünki şəhidlər buna görə şəhid olmamışdılar. Onlar Vətən uğrunda vuruşmuşdular.

Eləcə də qazilər.

Vətən müharibəsi haqq müharibəsi idi və bütün millət hamı bir nəfər kimi səfərbər olmuşdu. Təkcə ön cəbhədə vuruşanlar yox, arxa cəbhə də səfərbər idi. Çox danışıb uzunçuluq etməyim, dörd ilin söhbətidi, hər şey hamının yadındadı.

Amma müharibədən sonra biabırçı vəziyyət yarandı. “Qazi”, “qaziyəm”, “qazilərə hörmət elə”, “sən isti yerində yatanda mən vuruşurdum”, “əynimdəki formaya hörmət elə” ifadələri havada uçuşmağa başladı.

Qazi adıyla istənilən imtiyazdan yararlanmağa çalışdılar. Bazarda pal-paltar qiyməti “öldürmək”dən tutmuş, kafelərdə pulsuz yeyib-içməyə qədər. Davalar da oldu bunun üstündə.

Hələ sosial şəbəkələrdə qızlara “girişənləri” demirəm. Və axırda “salam, xanım, qaziyəm” ifadəsi sosial media zarafatına çevrildi.

Qazilərin, şəhidlərin çörəyini isə ən çox meyxanaçılar yedi. Müharibəyə qədər Paşinyanı söyürdülər, müharibədən sonra şəhidləri, qaziləri tərifləməyə başladılar. 2020-ci ildən sonrakı istənilən deyişməyə baxın, hamısında ən azı bir dəfə "Polad (Həşimov)", "Mübariz (İbrahimov)", "Xudayar (Yusifzadə)", "Qazi", "Şəhid" sözlərinə rast gələ bilərsiniz. Hamısı da gurultulu alqış və xeyli şabaşla müşayiət olunur...

Şəhidlərə rəhmətlə, qazilərə hörmətlə bildirim ki, vallah, artıq bu “qazi” söhbətləri ürək bulandırır. Sözün əsl mənasında. Elə qazilərin üstündən tutulan reklamlar da.

Yığışdırın bu söhbətləri. Özünüzə hörmət etmirsiniz, heç olmasa, qazilərin əynindəki formaya hörmət edin.

# 3483 dəfə oxunub

Oxşar xəbərlər

Küləklərə qoşulub gedən rəssam - Tofiq Cavadov kim idi?

Küləklərə qoşulub gedən rəssam - Tofiq Cavadov kim idi?

17:00 20 avqust 2026
Nazim Hikmətin irsinə həsr olunmuş ən böyük sərgi açılır

Nazim Hikmətin irsinə həsr olunmuş ən böyük sərgi açılır

16:30 20 avqust 2026
"YouTube" rejissor Emir Kusturitsanın kanalını ləğv etdi

"YouTube" rejissor Emir Kusturitsanın kanalını ləğv etdi

16:00 20 avqust 2026
Azərbaycanlı jurnalistlər Səmərqənddə: “Əbədi şəhər”, Əmir Teymurun məqbərəsi, Registan meydanı...

Azərbaycanlı jurnalistlər Səmərqənddə: “Əbədi şəhər”, Əmir Teymurun məqbərəsi, Registan meydanı...

15:30 20 avqust 2026
"Neznayka" animasiya filminin rejissoru vəfat etdi

"Neznayka" animasiya filminin rejissoru vəfat etdi

15:15 20 avqust 2026
“Şuşanın dağları” mahnısına görə təqib edilən sənətkar - Ona "Xan" təxəllüsünü kim vermişdi?

“Şuşanın dağları” mahnısına görə təqib edilən sənətkar - Ona "Xan" təxəllüsünü kim vermişdi?

15:00 20 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər