Səddam Hüseyn Füzulinin məzarını niyə dağıtdı?

Səddam Hüseyn Füzulinin məzarını niyə dağıtdı?
25 iyun 2025
# 16:00

Kulis.az Məcid Rəşadətoğlunun yeni yazısını təqdim edir.

1556-cı ildə İraqın Kərbəla şəhərində vəfat edən və öz vəsiyyətinə əsasən İmam Hüseyn məqbərəsinin yaxınlığında dəfn olunan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarının 1984-cü ildə dağıdılması bir dövr mətbuatında geniş müzakirə olunmuşdu. Bu hadisə ilə bağlı yayımlanan bəzi yazılarda təhriflərə də yol verilmişdi. Lakin son illərdə Türkiyədə dərc olunmuş elmi araşdırmalarda bu hadisəyə dair yeni və diqqətəlayiq faktlar ortaya çıxıb.

1984-cü ilin yaz gecəsində Səddam Hüseynin göstərişi ilə buldozerlər İmam Hüseyn türbəsinin ətrafındakı tikililəri dağıtmağa başladı. Rəsmi bəhanə yol qovşağı tikintisi idi. Söküntü zamanı məhv edilən tikililərdən biri də Füzulinin məzarının yerləşdiyi türbə oldu. Ancaq türbə dağıdılanda artıq Füzulinin məzarı boş idi. Çünki bir gün öncə Səddam rejiminin nümayəndələri məzarın içini açaraq böyük şairin qalıqlarını çıxarmış və Sultaniyyə məscidinə köçürmüşdülər. Füzulinin sümükləri uzun illər bu məsciddə saxlanıldı. Lakin bir müddət sonra həmin məscidin də yol tikintisi səbəbilə sökülməsi gündəmə gəldi və bu dəfə də şairin nəşinin taleyi qeyri-müəyyən qaldı.

Həmin dövrdə, Azərbaycan SSR rəhbərliyi İraq hökumətinə rəsmi nota göndərərək Füzulinin oğuzların Bayat tayfasından olan bir Azərbaycan şairi olduğunu qeyd edir və onun nəşinin Azərbaycana gətirilib, burada yüksək səviyyədə dəfn olunması üçün icazə istəyirdi. Lakin İraq tərəfi bu təkliflə razılaşmadı. Türk müəlliflərinin araşdırmalarında bildirilir ki, iraqlı rəsmilər cavablarında belə demişdilər: "Bağdadlı Süleyman oğlu Məhəmməd ərəb şairi olmasa da, İraq torpağında yaşamışdır. Onun nəinki sümükləri, hətta məzar torpağının bircə qum dənəsi belə bu torpaqdan çıxarıla bilməz."

Hadisədən illər keçdi. 1994-cü ildə Azərbaycan artıq müstəqil dövlət idi. Bu dəfə Azərbaycan dövləti İraqla birbaşa əlaqə qurdu və Füzulinin nəşinin ölkəyə gətirilməsi üçün rəsmi müraciət etdi. Qarşı tərəf isə bunun əvəzində belə bir təklif irəli sürdü: "Biz də Türkiyədən xahiş edərik, İslamdan öncəki dövrün məşhur ərəb şairi İmrul-Qeysin Ankaradakı məzarının İraqa köçürülməsinə icazə verilsin." Nəticədə İraq tərəfi bir daha təklifi rədd etdi.

Bununla belə, Azərbaycanın təkidi davam etdi. 1994-cü il sentyabrın 17-də Bağdadda “Füzuli” Konqresi keçirildi. Azərbaycanın tanınmış ziyalıları və füzulişünaslarından ibarət 128 nəfərlik nümayəndə heyəti Bağdada səfər etdi. Heyət üzvləri Füzulinin məzar məsələsinin həll olunmayacağı təqdirdə ölkəni tərk etməyəcəklərini bildirdilər. Üç gün və üç gecə davam edən danışıqlardan sonra İraq hökuməti Füzulinin qalıqlarının hörmətli bir məkanda dəfn ediləcəyinə və onun üçün yeni türbə tikiləcəyinə söz verdi.

Yeni məkan Azərbaycan tərəfinin seçimi ilə müəyyənləşdirildi — Həzrəti Hüseyn türbəsinin yaxınlığındakı məscidin qiblə yönünə baxan əlyazmalar hücrəsi. Füzulinin sümükləri həmin yerdə dəfn olundu və məzarın üzərinə mərmər kitabə yerləşdirildi. Lakin bütün bu proseslər zamanı, Füzulini özünün böyük şairi hesab edən Türkiyə tərəfi susqun mövqe sərgilədi. O gündən bəri, yəni 1995-ci ildən etibarən, Füzulinin məzarı həmin məkanda yerləşir.

# 4494 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər