Rüstəm İbrahimbəyovun məzarı ziyarət olundu

Rüstəm İbrahimbəyovun məzarı ziyarət olundu
6 fevral 2024
# 10:33

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda məzarı ziyarət olunub.

Kulis.az xəbər verir ki, fevralın 5-də Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun (1939-2022) anadan olmasının 85-ci ildönümü tamam oldu.

Bu münasibətlə ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri sənətkarın Fəxri xiyabanda məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Mərasimdə bildirilib ki, Rüstəm İbrahimbəyov çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə və dünyada şöhrət qazanıb. Qeyd olunub ki, yazıçı Azərbaycan bədii nəsrinin yeni mərhələyə qədəm qoymasında fəal iştirak edib. Sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini öz əsərlərində böyük ustalıqla əks etdirib. Ədibin əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilib.

Qeyd edək ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək, sonra Moskvada SSRİ Elmlər Akademiyasının Kibernetika İnstitutunda aspiranturada oxuyub.

Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə Ali ssenarist kursunu, 1974-cü ildə Ali rejissorluq kursunu bitirib. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmi çəkilib. Rüstəm İbrahimbəyov 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı idarə heyətinin katibi olub. 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilib. 1990-cı ildən yenidən Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik (ömrünün sonunadək) edib.

Ssenari müəllifi kimi Azərbaycan SSR Dövlət mükafatına (1980, “Ad günü” filmi), SSRİ Dövlət mükafatına (1981, “İstintaq” filmi), dörd dəfə Rusiya Federasiyasının Dövlət mükafatına (1993 – “Urqa. Sevgi ərazisi”; 1996 – “Günəşdən usanmışlar”; 1998 – “Səhranın bəyaz günəşi”; 2000 – “Sibir bərbəri”) layiq görülüb. Bundan əlavə, kinorejissor Nikita Mixalkovun Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkdiyi “Urqa. Sevgi ərazisi” filmi Venesiya kinofestivalının “Qızıl şir”, “Günəşdən usanmışlar” filmi Amerika Kino Akademiyasının “Oskar” (“Ən yaxşı xarici film”) və Kann kinofestivalının “Jürinin xüsusi mükafatı”nı qazanıb.

Kinodramaturq 2022-ci il martın 11-də Moskvada dünyasını dəyişib. Martın 15-də Bakıda Fəxri xiyabanda torpağa tapşırılıb.

# 3480 dəfə oxunub

Oxşar xəbərlər

 Kərbəlayi Faiq:  "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..."

Kərbəlayi Faiq: "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..."

15:15 7 sentyabr 2026
Roma dövründən qalan nəhəng mozaika tapıldı

Roma dövründən qalan nəhəng mozaika tapıldı

14:50 7 sentyabr 2026
Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

14:15 7 sentyabr 2026
Əməkdar artist komaya düşdü

Əməkdar artist komaya düşdü

13:29 7 sentyabr 2026
Türkiyə Simfonik Orkestri 200 illik yubileyini qeyd edəcək

Türkiyə Simfonik Orkestri 200 illik yubileyini qeyd edəcək

13:20 7 sentyabr 2026
13 türk musiqiçi "Recording Academy” üzvü seçildi – Tarixi uğur

13 türk musiqiçi "Recording Academy” üzvü seçildi – Tarixi uğur

12:20 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər