"Qu" desən, qulaq tutulan gecələr - Həcər

"Qu" desən, qulaq tutulan gecələr - Həcər
30 sentyabr 2024
# 11:00

Kulis.az Həcərin "Payız düşüncələri" yazısını təqdim edir.

Bakıda ilin fəsilləri bilinmir çox vaxt. İndi payızı hiss etmək olur. Yağış...Çiskin../ Saralmış yarpalar “Payızam”,- deyir.

Yadıma Laçın düşür, kənd, meşə düşür. Çiskin yağışda atla getdiyim uzun yollar düşür. Bostanı sovmağımız, evə yığışmağımız, sakitlik, aramsız yağan yağışın mürgü gətirən zümzüməsi düşür. Arada qabığı islanıb ağırlaşmış cevizlərin budaqlarda duruş gətirə bilməyib özünü aşağı atması, şıppıltı ilə bulağa, daşların üzərinə düşməsi, quşların səsini içinə çəkib budaqlarda büzüşməsi düşür. İslanmış qanadlarını çırparaq tarlanan toyuqlar, hinduşkalar.. Navalçalardan axan suyun bulaq kimi zümzüməsi.. Üzlü zığzığların kallaşmış səsi, gecələr İsa-Musa quşlarının oxuduqları duetin doğurduğu kədərli ovqatı xatırlayıram:

- İsa, tapdın?

- Musa, yox.

- Musa, tapdın?

- İsa, yox.

"Qu" desən, qulaq tutulan gecənin dərin səssizliyində bu səsləri eşidən, dinləyən varmı? O səslər nə üçün bu qədər hüzn, qəmginlik gətirirdi ovqatıma, bilmədim ki. Xoşbəxtlik axtaranların əlçatmaz arzuları kimi idi o səslər. Hərdən köç edən durna qatarlarını seyr etməyim, onların əlvida nəğməsi kimi səslənən qaqqıltılarına kövrəlməyim.. Bəzən bağçada, bağda tapdığım durna lələklərinə niyyət tutmağım(ilah, necə də inanırdım).. Gecə qatı dumanlı havada azmış köçəri quşların işığa üz tutub açıq balkonun divarlara özünü çırpması, səhər onların ətindən bişidiyim dadlı salyankalar(gürcü yeməyi)..

Yağış gücləndikcə üzüyenişə döşlərdə, dərələrdə kiçik sellərin açdığı ahıl adam əllərinin damarlarına bənzər şırımlar.. Tökülən yarpaqların səssizcə yerə qonması.. Vaxt keçdikcə meşənin min rəngə çalması, inanılmaz, nağılvari görkəm alması... Fəslin sonuna yaxın yarpaqların rəngbərəng xalı kimi yerə döşənməsi düşür yadıma. Meşənin quru odunlarının ulaqla daşınıb həyətin bir tərəfində tığlanması, sacda bişən bozlamacın qızarmış üzü, yuxanın nazikliyi...

Bağçalarda başını aşağı dikib fikirli görünən meyvə ağacları.. Yetişmiş sapsarı, ətirli heyvalar.. Burnunacan yüklənmiş alma ağacları.. Akasiyaların çılpaq budaqlarında üzə çıxan sərt tikanlar.. Boş qalmış qaranquş yuvalarının cansıxıcı görkəmi.. Onlara baxanda özümü daxilən zorla məcbur edib bahara - payız xanımın heç vaxt qonşusu olmayan bahara ümidlənməyim....

Payız girəndə qurulan sobalardan qalxan odun tüstüsünün xoş qoxusu, sobada məhşər ayağına çəkilən odunların çatırtısı, közləmə bişən kartof .. Hindən çıxanda həyəti bürüyən totuq çolpaların ilkinin seçilib kəsilməsi.. Yağa düşən kimi əti bişən çolpalardan hazırlanan dadlı yeməklər.. Payız girəndə ürəyimiz istəyən lobyalı, nanəli əriştə aşı.. Qiyməli, cızdıqlı, turşulu-əvəlikli umac. Oğlumun çox sevdiyi qiyməli yarpaq xəngəli. Buğda qovurqasının dadlı qoxusu, sacın içindən özünü çölə atan ağ pambıq kimi qarğıdalı patlaması.. Çöldən gələnlərin içəri girən kimi əllərini hovxurub isitməsi.. Yağışda islanmış paltarların sobanın yanına sərilib qurudulması - bunlar da vardı.. Yun ipləri hazırlayıb hamımıza qarşıdan gələn soyuq qış üçün naxışlı corab toxumağa başlamağım, yay paltarlarını yığışdırmağım.. Doğranmış tərəvəzlərdən emallı qablarda həftəbecər turşu qoymağım.. Sonra nələr..nələr..

Hər şeylə bərabər, ağır işlərlə, qayğılarla bərabər bir saniyə də olsun yaddan çıxmayan, nəzərdən qaçmayan ana qayğısı, narahatlığı: görən hardadırlar, üşümürlər ki, islanmayıblar ki, ac deyillər ki? Bircə evə tez gəlsəydilər.

Bütün bunlar olubmu, görən? Yuxudurmu bunlar?!

# 2761 dəfə oxunub

Oxşar xəbərlər

Sərdar Ortaç zərərli vərdişləri tərgitdiyini açıqladı

Sərdar Ortaç zərərli vərdişləri tərgitdiyini açıqladı

12:40 2 sentyabr 2026
"Onun yaradıcılıq eşqi yaşamaqda davam edir..." - Nəriman Həsənzadənin xatirəsinə

"Onun yaradıcılıq eşqi yaşamaqda davam edir..." - Nəriman Həsənzadənin xatirəsinə

12:00 2 sentyabr 2026
Cem Yılmaz əməliyyat olundu

Cem Yılmaz əməliyyat olundu

11:40 2 sentyabr 2026
Estrada ilə yanaşı elmi də "ağladan" müğənnilərimiz... - Şəbnəm Tovuzlunun dəmiri necə çəkildi?

Estrada ilə yanaşı elmi də "ağladan" müğənnilərimiz... - Şəbnəm Tovuzlunun dəmiri necə çəkildi?

11:15 2 sentyabr 2026
Şahzadə Diananın əşyaları ABŞ-də nümayiş olunacaq

Şahzadə Diananın əşyaları ABŞ-də nümayiş olunacaq

11:00 2 sentyabr 2026
Nepaldakı daşqın mədəni irsi yox edə bilər

Nepaldakı daşqın mədəni irsi yox edə bilər

10:40 2 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər