Qızını erkən itirdi, gənc aktyora görə teatrdan getdi, dəli olması barədə xəbərlər yayıldı – Leyla Bədirbəyli hansı məşhur aktrisaya şillə vurmuşdu?

Leyla Bədirbəyli

Leyla Bədirbəyli

23 noyabr 2022
# 11:57

Bu gün Xalq artisti Leyla Bədirbəylinin anım günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında on maraqlı faktı təqdim edir.


Leyla Bədirbəylinin 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Atası Ağalar kişi uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə Energetika Texnikumunda direktor işləyib, 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.

Leyla Bədirbəyli məktəb illərindən rəqqasəliklə məşğul olub. On altı yaşı olanda o, Fərəc Cavanşirovla ailə həyatı qurur. Bir il sonra onların oğlu doğulur. Gənc ana olan aktrisa işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir. Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi 4 il çəkir. İkinci həyat yoldaşı diş həkimi Kamil Aslanovla tanışlığının isə qəribə tarixçəsi olub. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs etməyi xoşlayır, gözəl rəqs edirmiş. Əli Bayramov klubuna gedir, Leylanı orada görür və çox bəyənir. Bir gün Leyla anasını da götürüb diş həkimə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya gətirir. Lakin bu gedişlərin sayı çoxaldıqca Leylanın anasının da hər dəfə bir dişi çəkilirmiş. Elçi gələndə isə artıq hər şey bəlli olur. Bikə xanım zarafata salıb deyir: “Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim”.

1945-ci ildə Rza Təhmasib "Arşın mal alan" filmini çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Hətta belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib. Bəzi sənət adamları isə bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu deyirlər.

***

“Arşın mal alan” qısa vaxt ərzində dünya şöhrəti qazanır. Filmin yaradıcı qrupu, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə "Stalin mükafatı"na layiq görürlər. Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış digər şəxs isə İosif Stalin idi. Onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olmuşdu. Sonralar isə şayiələr yayılır ki, guya Leyla xanımın sovet dövlətinin rəhbəri ilə isti münasibətləri olub.

Sara Qədimova ilə Leyla xanım yaxın rəfiqə olublar. Aktrisanın hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin düşmə xəbəri gəlir. 4 ildən sonra isə ata sağ-salamat geri qayıdır. Bir gün aktrisa Sara xanımgildə qonaq olarkən telefon zəng çalır. Sara xanıma deyirlər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım Leylaya təklif edir ki, onu anasıgilə qonaq aparsın. Leyla Bədirbəyli evlərinin qapısından içəri girəndə atasını sağ-salamat görür və ürəyi gedir.

***

“Dəli Kür” filminin çəkilişləri zamanı Cahandar ağanın arvadı rolunu ifa edən Leyla Bədirbəyli Mələk rolunun ifaçısı aktrisa Zemfira Sadıqovaya rol gərəyi şillə vurmalı idi. Lakin, heç kimin gözləmədiyi halda Leyla xanımın şilləsi çox güclü olur. Zemfira xanım müsahibələrinin birində belə deyir:

“Rəhmətlik Reyhan Müslümova da filmdə Cahandarın qızı roluna çəkilirdi. Onunla biz yaşıd idik. Bir gün ikimiz birlikdə yemək yeyəndə qulağımız eşidə-eşidə Leyla Bədirbəyli dedi ki, bunları hardan tapıb gətiriblər. Nə istedadları, nə də gözəllikləri var. Sonra da məlum səhnədə Leyla Bədirbəyli məni elə bərkdən şillələdi ki, yerimdə səntirlədim. Həmin an özümü itirsəm də, dərhal ələ ala bilmişdim. Çünki aparat işləyir, film isə çəkilirdi. Mən özümə aid olan sözümü deməliydim. Əgər o məni elə möhkəm vurmasaydı, həmin hissəni daha yaxşı və başqa cür ifa edərdim. Amma Allah rəhmət etsin. O, sonradan heç bir üzrxahlıq etmədi. Halbuki, edə bilərdi”.

Leyla Bədirbəylinin pərəstişkarları sırasında məşhur qəzəlxan Əliağa Vahidin də adı çəkilir. Hətta şairin aktrisaya erotik şeirlər həsr etdiyi də deyilir. Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" filmində Nübar Novruzovanın canlandırdığı aktrisa obrazı məhz Leyla Bədirbəylinin prototipidir. Çoxları bilmir ki, xalq şairi Səməd Vurğun da Leyla Bədirbəylinin gözəlliyinin aşiqi olub. Hətta şairin aktrisaya "Allı-güllü Leylam" adlı şeir də həsr etdiyi deyilir. Həmin şeir isə sonradan mahnıya çevrilib. Bu şeirdən sonra şairlə aktrisanın sevgi münasibətlərinin olduğu barədə də müxtəlif fikirlər səslənib.

***
Leyla Bədirbəyli xeyli müddət Akademik Milli Dram teatrında aktrisa kimi fəaliyyət göstərib. Adil İskəndərov teatra rəhbərlik etdiyi dövrlərdə ən yaxşı qadın obrazlarının bir çoxunu Leyla xanıma həvalə edirmiş. Bu isə o zamanlar teatrın priması hesab olunan, demək olar ki, bir çox qadın aktrisalarla intriqalar yaşayan Hökümə Qurbanovanın xoşuna gəlmir. Onların arasında ziddiyyətli münasibətlər yaranır. Nəhayət, günlərin birində yaşlansa belə, gözəlliyini itirməyən aktrisanın adı gənc aktyorla hallanır. İclasların birində söhbət açılır. Bundan sonra aktrisa doğma teatrından incik düşür və oradan gedir. Sonra heç vaxt "Azdrama"ya qayıtmır.

Həyat yoldaşı Kamil Aslanov Almaniyaya gedir. Ordan Azərbaycana qayıdanda Ukraynada ağır yol qəzasına düşərək vəfat edir. Bir il sonra isə aktrisanın qızı Laləni Bakıda maşın vurur. O, isə 48 yaşında dünyasını dəyişir. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli əsəb xəstəliyinə tutulur, heç kimlə görüşmək, danışmaq istəmir və özünə qapanır. Çoxları onun dəli olmaq dərəcəsinə çatdığını və evə qapandığını bildirirlər. Yalnız 1999-cu ilin yanvar ayının 1-də mərhum prezident Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən evdən çıxır. Elə həmin ilin noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişir.

2016-cı ildə isə mediada Leyla Bədirbəylinin oğlu Cavanşirin qızı Sevda Cavanşirovanın 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alması ilə bağlı xəbərlər yayılır. Deyilənlərə görə Sevda Cavanşirovanın anası da psixi pozğunluq səbəbindən həyatının qalan hissəsini məhz hal-hazırda Sevdanin müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında keçirib. Dünyasını dəyişdikdən sonra isə onu "kimsəsizlər qəbristanlığı"nda dəfn ediblər. Bakı Veteranlar Cəmiyyətinin sədri Tamara Hümbətova Filipovna bu məsələyə münasibət bildirərkən deyir:

Xəstənin heç bir qohum-əqrəbası yoxdur. Xəstənin anası kimsəsizlər evində yaşayıb, müəllimə işləyib. Onun psixi durumunda problem yox imiş. Hətta onun kirayə tutmağa imkanı yox imiş


# 2144 dəfə oxunub

Oxşar xəbərlər

# # #