Qəza keçirib xoşbəxt olan taksi sürücüsü

Qəza keçirib xoşbəxt olan taksi sürücüsü
11 noyabr 2021
# 10:37

Kulis.az Furqanın “Zakir dayı Doğan Cücəlioğlunu tanıyır?” adlı yazısını təqdim edir.

Dörd il əvvəl Qubada, özəl bir liseydə müəllim işləyirdim. Liseyin həyət darvazasının önündə həmişə bir neçə taksi dayanırdı. Həmin taksilərdən biri də Zakir dayının qırmızı “07”-si idi. Zakir dayını ilk baxışdan digər sürücülərdən fərqləndirmək olmurdu, amma liseyin müəllimlərindən kimə taksi lazım olurdusa telefonla Zakir dayıya zəng vururdu. Çünki, Zakir dayı, əslində, digər taksi sürücülərindən fərqlənirdi.

“Taksi” dedim, yadıma nə düşdü...

İlk dəfə Qubaya gedəndə “Şamaxinka”dan bir Quba-Xaçmaz taksisinə oturdum. Digər üç sərnişin Xaçmaza gedirdi deyə dönə-dönə sürücüyə dedim ki, mən Qubaya gedirəm haa! Dedi, narahat olma, səni Qubada düşürəcəm. İlk dəfə gedirəm axı, Quba tanımıram, Xaçmaz tanımıram, sürücüyə də fərli-başlı inanmıram, amma inanmaq istəyirəm. Uzun sözün kəsəsi, çatdıq Xaçmaza. Sürücü elə birinci məni düşürdü.

- Qardaş, üzrlü say, bir nəfərə görə Qubaya getmək sərf eləmir, budeey, bunlar Xaçmaz - Quba taksiləridi, 1 manata aparır (qiymətdə səhv edə bilərəm, bəlkə də 2 manat idi, dəqiq xatırlamıram), 15 dəqiqəyə Qubada olacaqsan.

Mən aldığım zərbənin təsirindən ayılmamış sürücü mənim çantalarımı gətirib yanıma qoydu və yoxa çıxdı.

Qubaya ilk gedişim belə oldu...

Zakir dayı isə belə deyildi. Yalan danışmağı, kələk gəlməyi, qiymət şişirtməyi, acgözlüyü yox idi. Üzündə həmişə bir gülümsəmə var idi ki görəndə içinə rahatlıq gəlirdi. Elə buna görə də kimə taksi lazım olurdusa Zakir dayıya müraciət edirdi. Bizim kollektivin sevimlisinə çevrilmişdi. Hətta liseydə olan şənliklərə, tədbirlərə dəvət olunurdu və nəvəsi ilə birgə gəlirdi.

Bir gün eşitdik ki, Zakir dayı qəzaya düşüb. Nəvəsini məktəbdən götürmək üçün gedibmiş. Maşından düşüb yolun o tərəfinə keçəndə başqa bir maşın onu vurmuş, ayağı qırılmışdı. Xəbər bizə çatanda artıq Zakir dayı əməliyyat da olunmuşdu. Bir neçə müəllimlə getdik xəstəxanaya. Gecə idi. İcazə alıb palataya girdik və nə görsək yaxşıdı? Zakir dayı yatıb, amma gülümsəyir. Elə addım səslərimizə oyandı yuxudan. Bizi görən kimi dikəlmək, ayağa qalxmaq istədi, yəqin sonradan xatırladı ki, qalxa bilməz. Biz də icazə vermədik ki, dikəlsin.

- Olmasın azar, ay Zakir dayı, - müəllimlərdən biri dedi - yastığın yüngül olsun!

- Çox sağ ol, müəllim.

- Necəsən indi?

- Pis deyiləm, şükür Allaha - deyib əməliyyat olunmuş ayağına baxdı, - arabir sızıldayır, amma yaxşıyam.

- Yaxşısan, yaxşısan, qəm eləmə! Bir az istirahət elə, sonra qalxarsan.

Gülümsədi. Həmin təbəssüm idi, necə vardısa, yenə eləcə idi. Canındakı ağrılara baxmayaraq gülümsəyirdi, xoşbəxt görünürdü.

Bəlkə, doğrudan da xoşbəxt idi?!

Niyə də olmasın?!

Əgər canı ağrıyan zaman da üzündəki təbəssüm silinmirdisə, deməli xoşbəxt idi.

Əgər heç bir qohumluğu, yaxınlığı olmayan, hərəsi bir diyardan gəlib burda müəllim işləyən adamlar xəstəxanaya onun ziyarətinə gəlmişdilərsə, deməli xoşbəxt olmalı idi. Və bu xoşbəxtliyi özü qazanmışdı. Vicdanı ilə, təbəssümü ilə, səmimiliyi ilə...

Türk psixoloqu, yazar Doğan Cücəloğlu da deyir ki, xoşbəxtlik birdən-birə peyda olan şey deyil, onu özün qurub-ucaltmalısan.

Zakir dayı Doğan Cücəloğlunu tanıyırdımı, görən?

# 3472 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər