Polislərin apardığı biletsatan, stadionu ayağa qaldıran uşaq, qazanla gəzən müxbir – Reportaj

Polislərin apardığı biletsatan, stadionu ayağa qaldıran uşaq, qazanla gəzən müxbir – Reportaj
4 avqust 2022
# 15:00

Kulis.az Mehdi Dostəlizadənin “Qarabağ”- “Ferentsvaroş” oyunundan yazdığı reportajı təqdim edir.

– Gəl gedək, bilet tapa bilməyəcəyik.

– Bir az da gözləyək də.

– Görmürsən, 70 manata satırlar?

– Eybi yox da, maraq üçün gözləyək. Görəsən, nə qədər dirəşəcəklər?

Tofiq Bahramov Republican Stadium | Mapio.net

Gənclik metrostansiyasının qabağında bilet axtarışına çıxmışdıq. Onlayn biletlərin hamısı satıldığı üçün məcbur qalıb “qara bazar”ı ələk-vələk edirdik. Amma biletsatanlar 3-5 manatlıq biletləri və pulsuz dəvətnamələri 15, 20, 50, hətta 70 manata satırdılar. Düşünürdük ki, oyun başlayandan sonra qiymətlər düşəcək, amma əksinə oldu, alverçilər qiyməti daha da qaldırırdılar.

“Gənclik Mall”ın qarşısında yığışmış bir dəstə adama tərəf getdik. Biletsatanlardan birinin əlində yüzə yaxın bilet var idi, üstəlik, şıdırğı alver gedirdi. 35 manata satılan biletlərin müştərisi də az deyildi.

– Buna bax e, dəvətnaməni 35 manata satır, hələ məni borclu da çıxardır.

– A kişi, VİP biletdir e bu, qəlyan-zad çəkəcəksən, qoz-fındıq da var, balalarımın canına and içirəm ey...

Mübahisə təzə qızışırdı ki, iki polis nəfəri peyda olub biletsatanın qoluna girdilər, əlindəki biletləri alıb soruşdular:

– Bunlar nədir?

– Quran haqqı, hamısı özümündür, satmıram.

İdman qurğuları

Ümidlərimiz yavaş-yavaş ölürdü. Artıq “Qarabağ”ın qapısına qol vurulmuşdu, biz isə hələ içəri keçə bilməmişdik. Adamlar da azalmağa başlamışdı. Buna baxmayaraq, alverçilər inadla qiyməti artırır, zəhləmizi tökürdülər. Ayxan Ayvaz gonbul bir alverçini göstərib dedi:

– Ona bax, bilet satmaqdan gör nə boyda olub.

– Görəsən, bunlar adi vaxtda nə işlə məşğul olurlar?

– Yəqin, öz işləri var...

– “Part-time” bilet satırlar?

– Nə bilim...

– Əşi, ola bilməz. Sən heç işdən sonra stadionun qabağında bilet satarsan?

– Mən satmaram.

– Sən heç kitab da satmazsan.

Gonbul biletsatan öz 50 manatlıq biletlərinə müştəri tapdı. Sonuncu biletlər də belə əldən çıxdı. Qəfildən gənc bir oğlan bizə yaxınlaşdı, – elə bil bayaqdan bizi izləyirmiş – “5 manata bilet satıram, istəmirsiniz?” dedi. Bir-birimizə baxıb tez cibimizdən 5 manat çıxardıq, biletləri ötəri yoxlayıb stadiona tərpəndik.

Birinci missiya tamamlanmışdı. Qarşıda isə bizi polis sədləri gözləyirdi.

– Salam rəis, hardan keçirik içəri?

– Biletiniz var?

– Var.

– Naxçıvanlısız? – polis gülümsündü. – Keçin, o tərəfdədir.

Labirintə bənzəyən dəmir çəpərlərin arasından keçib növbəti polis səddinə çatdıq.

– Biletiniz var?

– Var.

– Üstündə alışqan, siqaret, yox, siqaret olar, alışqan var?

– Var.

– Onda ver bura.

– Buyur.

– Çantanda nə var?

– Adapter, qulaqlıq, bir də qazan.

– Qazan nədi, ə?

Polis arxaya dönüb özündən daha yuxarı rütbədə olan digər polisə səsləndi:

– Komandir, bunun çantasında qazan var e.

Yuxarı rütbəli polis mənə yaxınlaşıb dedi:

– İşdən gəlirsən?

– Hə, işdən gəlirəm.

– Bax, üzünü yadımda saxladım, meydançada qazan tapsam başına oyun açacam.

– Meydançaya qazan atsam, özüm gəlib təslim olacam.

– Di gedin.

İkinci səddi də belə keçdik. Qarşıda sonuncu mərhələ var idi, stadionun giriş qapısı.

– Çantanda nə var?

– Bayaq yoxlayıblar.

– Mən demədim ki, bayaq yoxlamayıblar. Dedim ki, çantanda nə var?

– Adapter, qulaqlıq, bir də qazan.

– Qazan nədi, ə?

– İşdən gəlirəm.

– Həə, onda keç...

Birdən o biri polis mənə yaxınlaşıb “bu nədi, bıçaq var bunun üstündə, bıçaq var!” dedi.

– Yox, bıçaq yoxdur.

– Var, var, səndə bıçaq var.

Bayaqkı polis araya girdi.

– Əşi, məzələnmə, qoy keçsinlər.

Nəhayət stadiona girdik. Hesab 1-1 idi. Su, xaçapuri, bulku satanlar tribunaların arasında dolanırdılar. Güc-bəla ilə öz sektorumuzu tapıb birtəhər içəri soxulduq. Biletdə göstərilən yerdə otura bilmədik, stadion ağzına qədər dolmuşdu. Həm də daha vecimizə deyildi, əsas odur ki, içəri girə bilmişdik.

Qarabağ ikinci qolu vurandan sonra Vatsapda dostuma yazdım ki, qol oldu. O da yazdı ki, nə qol, ofsaytdır. Stadionda futbola baxanda hər şeyi birbaşa anlamaq çətindir. Şərhçisiz nə var, nə yox, başa düşmək olmur. Yaxşı ki, şərhçilər var.

İkinci hissə başlayanda sakitlik idi. Balaca bir uşaq qışqırdı ki, “qalxın ayağa, qalxın ayağa”. Bizim sektor, ardınca digər sektorlar, beləcə, bütün azarkeşlər kəpənək effekti ilə ayağa qalxdı. Sonra bu ayağa qalxmaq Meksika dalğasına çevrildi.

“Qarabağ”ın ardı-arası kəsilməyən hücumları bir yandan, isti bir yandan, nəfəsim kəsilmişdi. Su istəyirdim.

– Su var, istəmirsən?

– Neçəyədir?

– 1 manat.

– 30 qəpikdir e dükanda.

– Onda get dükandan al.

– Yaxşı, yaxşı, ver.

Beləcə, bir krizis də fürsətə çevrildi.

Oyun bərabər hesabla bitdi. Stadiona necə güc-bəla ilə girmişdiksə, elə güc-bəla ilə də çıxdıq. Metroya tərəf getdikcə gonbul biletsatanın satdığı biletləri tapdalayırdım.

# 2414 dəfə oxunub

Oxşar xəbərlər

# # #