Özünü imam adlandıran filankəs... - Mehdi Xocalıda doğuldu

Özünü imam adlandıran filankəs... - Mehdi Xocalıda doğuldu
4 fevral 2025
# 14:10

Kulis.az Nadir Yalçının "Mehdi Xocalıda doğuldu" yazısını təqdim edir.


09:43-də saytda bu başlıqla xəbər gördüm: “Azərbaycana dənizlə narkotik gətirən iranlı balıqçılar saxlanılıb”.

Nəsə adama qəribə gəlir. Dəniz, balıq, balıqçı... və narkotik. Uşaq vaxtından balıqçılıq maraqlı, ziyansız peşə kimi görünüb. Romanlarda, kinolarda təqdim olunan balıqçı obrazı da bu mübhəmliyə xidmət edib. Lakin görünür, axan su da həmişə təmizliyə, paklığa xidmət edə bilmir, əgər qoynunda nadürüst qayıqlar üzürsə...

Texnologiya qarşında eyni anda üç-dörd pəncərə açır deyə, bir şey haqqında ətraflı düşünməyə macal tapmırsan, nəzərini nəsnələr arasında mütənasib bölüşdürə bilmirsən. “Qəhrəman” balıqçılar xəbərinin ab-havasından ayılmamış, digər xəbərin ilk cümləsini oxudum: “İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib”.

Uşağa babasının adını veriblər: Mehdi.

Mehdi Xocalıda doğuldu, əsl Mehdi.

90-ların ikinci yarısından üzü bu yana tez-tez belə xəbərlər oxuyuruq: “Filankəs özünü İmam Mehdi kimi qələm verdi”, “Özünü İmam Mehdi adlandıran filankəs...”

Nə qədər adam hansısa səbəblərdən övliyalıq eşqinə düşür. Zamanın sahibi olmağa iddialıq edir, müqəddəslik vəd edir. Bu xurafatçılar da çox keçməmiş cəzalandırılır.

Xristianlar İsanın, yəhudilər Meşiahın (məsih),buddistlər Maitreyanın intizarında olduğu kimi, İslamın bir qanadı da İmam Mehdinin qeyb olduğuna və bir gün zühur edəcəyinə inanırlar. İnanclar müxtəlifdi. Bəziləri bu məsələyə qətiyən inanmaya bilər. Hətta bu yazdıqlarıma görə məni qınayanlar da tapılacaq. Amma məsələ odur ki, adını nə qoyuruqsa, qoyaq, bu ümid, gözləmək, gəliş, təzələnmə, gözlənilməz dəyişiklik bir anlayışdı və müxtəlif dinlər, mifik hadisələr, inanclarla insanların psixologiyasında müxtəlif cür təzahür edib.

Azərbaycanlılar öz ümid işıqlarını belə parıldada bildilər: Xocalını (külli-Qarabağı) yadellilərdən azad etməklə.

Azərbaycanlılar öz mübarək və müqəddəslik kodlarını torpağa, insana köçürə bildilər. Bu simvolizm nə qədər qəribə görünsə də, bu cür reallaşdı: Xocalıda məhz fevral ayında bir körpə doğuldu. Həmin körpənin adını Mehdi qoydular. Mehdi adının mənası düz yolda olan deməkdir. Düz yolumuzun ilkin carçısı oldu Mehdi.

Bu fevral həmin fevraldır ki, 33 ilin həmin ayı xocalılar üçün zülüm-zillət ayı kimi ağrılarımızın təcəssümanına çevrildi. İndi Mehdinin Xocalıda doğulmağını ədalətin, işığın zühuru kimi qələmə vermək əbəs deyil. Mehdi qarşıdan gələn Baharın ilk pöhrələrindən də qabaq Xocalıda dünyaya gəldi. 33 il əvvəl Bahara çıxmayan, sazaqlı fevralda həyatla bütün əlaqələri kəsilən uşaqların xatirəsinə Tanrı da ehtiramla yanaşdı – balaca Mehdi sağ-salamat doğuldu.

Mehdinin atası da Vətən müharibəsi qazisidi. İlqar Məmmədov indi ANAMA-da işləyir. Bir müddət əvvəl ailəsi ilə birgə Ballıcaya köçüb. İlqar Məmmədov torpağı qarış-qarış partlayışlardan xilas edən – balaca müharibələrdən qoruyanlardan biri kimi daha emosional və kritik vəziyyətdədir. Biri var, harasa ezam olunasan, biri də var, yaşadığın yerdə, məskənləşdiyin əraziyə yaxın məsafədə, yeni doğulan körpənin həniri gələn səmtdə torpaq üçün çalışasan.

Mina təmizləmək də döyüşdü, mübarizədi, səngərdi...

...İndi qayıdaq səhər 09:43-də oxuduğum “Azərbaycana dənizlə narkotik gətirən iranlı balıqçılar saxlanılıb” xəbərinə... Biri deyir, İmam Mehdi Ərəbistanda zühur edəcək, o biri deyir, İranda, nə bilim, daha haralar... Bizim sularımızı bulandıran olmasa, elə öz Mehdimizi Xocalıda da dünyaya gətirə bilirik, gətirdik də...

# 2317 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu

18:07 3 aprel 2026
"Bu, birbaşa vandallıqdır!" - Nizami Kino Mərkəzinin divarlarına çəkilən cızma-qaraların məqsədi nə idi?

"Bu, birbaşa vandallıqdır!" - Nizami Kino Mərkəzinin divarlarına çəkilən cızma-qaraların məqsədi nə idi?

15:48 3 aprel 2026
İstanbulda azərbaycanlı qadın rəssamların sərgisi açıldı

İstanbulda azərbaycanlı qadın rəssamların sərgisi açıldı

15:35 3 aprel 2026
Elnarə Akimova:  "Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi vandalizmdir"

Elnarə Akimova: "Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi vandalizmdir"

15:00 3 aprel 2026
“Kompozisiyanın əsasları”  proqramının seçim mərhələsi yekunlaşdı

“Kompozisiyanın əsasları” proqramının seçim mərhələsi yekunlaşdı

14:00 3 aprel 2026
Sizin "əxlaq polisliyi"nizə görə "ətimiz əndamımızdan ayrılır"... - Vatsapda şəkil paylaşmaq əxlaqsızlıqdırmı?

Sizin "əxlaq polisliyi"nizə görə "ətimiz əndamımızdan ayrılır"... - Vatsapda şəkil paylaşmaq əxlaqsızlıqdırmı?

13:30 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər