Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj
19 aprel 2024
# 15:00

Kulis.az El Romanın şair Əli Kərimə həsr olunmuş tədbirdən reportajını təqdim edir.

Dedilər ki, Yazıçılar Birliyində Əli Kərimin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Reportaj yazmaq tapşırıldı. Əli Kərimin yaradıcılığını çox sevirəm. Ona görə bu tapşırıq mənə göydəndüşmə oldu.

İş yerimdə dedilər ki, maşın yoxdu. Gərək özün gedəsən.

Elə bir isti var ki, düşünürəm, nə yaxşı, maşın tapılmadı. Bu havada ən yaxşısı elə piyada getməkdi.

Ürəyimdə fikirləşirəm ki, bu dəqiqə "sərin su pis olmaz". Amma cibimdə pul yoxdu.

Harasa gedəndə yol boyu hamının üzünə baxıram. Hamı narahatdı, hamı tələsir və hamı qayğılıdı.

Küçədə adamlar seyrəkdi.

Adama elə gəlir ki, bütün şəhər həmin tədbirdədi və təkcə sən gecikmisən.

Addımlarımı bərkidirəm, özümü tələsdirirəm.

***

Adama elə gəlir ki, hamı Əli Kərimin şeirlərini əzbər bilir.

Sən də bilirsən, amma ən az sən bilirsən...

O ləzzətli şeirlərin içindən bir bənd də düşür yadıma:

"İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da".

Bəndi deyib bitirən kimi elə sevinirəm ki, elə bil, bu saat özüm yazmışam: "Evrika!"

***

Yazıçılar Birliyinə çatıram. Görürəm ki, qapıda mühafizə dayanıb.

İçəri girəndə bilmirəm ki, kim olduğumu deyib keçim, yoxsa yox. Hiss edirəm ki, o da soruşmaq istəyir, amma tərəddüd eliyir, arada qalıb.

Məncə, Yazıçılar Birliyində mühafizəyə ehtiyac yoxdu.

Mühafizə orda nəyi mühafizə edir ki?

Oğurlanası heç nə yoxdu.

Oğurlanası heç kəs yoxdu.

Terror aktı da olsa, orda olası deyil.

Bunları düşünə-düşünə gedib çatıram düz Natəvan klubunun qarşısına.

İçəridən əlli cür səs gəlir. İçəri girirəm ki, cəmi 7 nəfər var.

Birbaşa keçib otururam.

Bu cür rəsmi dövlət binalarının özünəməxsus qoxusu olur. Bilmirsən, bu nəyin qoxusudu. Axırda qərar verirsən ki, içəridə ən çox nə varsa, onun.

Yazıçılar Birliyində baş tutan bütün tədbirlər belədi. İnsan müxtəlifliyi özünü göstərir.

Eləsi olur, içəri girməyə tələsmir, eləsi də olur ki, tələsik özünü içəri soxur.

Hamı gəlib öz yerini tutur. "Hamı" deyirəm, amma gözləniləndən az adam var idi.

Görünür, heç kəs bu qədər az adam gözləmirdi ki, hamı öz çıxışı zamanı təsəlli verir:

"Az adam olsa da, səmimi tədbirdi".

***

Nadir Yalçından çıxmaz iş, onu ilk dəfə hansısa tədbirə gecikən görürəm. Öz-özümə deyirəm ki, Nadir gecikməyib, tədbir tez başlayıb.

Adam Nadirə tez öyrəşə bilmir. Xasiyyəti kostyumunun rəngindən tünddü. Bilmirsən, şairdi, yoxsa yazıçı, xoşbəxtdi, yoxsa bədbəxt, kasıbdı, yoxsa varlı, dostdu, yoxsa düşmən.

Gələn kimi gedib oturur iki gənc praktikant xanımın yanında. Ora gedib çıxmaq üçün xeyli yol gedir. Amma buna dəyir. Baxışından qızların ürəyinə od düşür.

Oturandan sonra hamını bir-bir elə diqqətlə süzür ki, heç canan gözlərinin qarəsindən çayıma o cür süzə bilmir.

Rəşad Məcidin düz başının üstündə heç adını da bilmədiyim bir xanım dayanmadan danışır, danışır və danışır. Mən isə Rəşad Məcidin o "De görək, nə deyirsən!" baxışlarını çox yaxşı tanıyıram.

Hamı bir-birinin ardınca Əli Kərim poeziyasından nümunələr deyir. Kimi əzbərdən, kimi kitabdan.

Mən də öz içimdə deyirəm:

"Qayıt, yerinə qoy Ayı, Günəşi,-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı...".

Düşünürəm ki, əslində, hamı şeir bilir. Sadəcə, hamı demək istəmir. Gör mənim kimi neçə nəfər ürəyində deyir bildiyi şeirləri.

Qeyd edim ki, tədbir Almaniyada yaşayan soydaşımız Gülər Tahirzadənin təşəbbüsü ilə keçirilir.

O, bütün tədbir boyu Əli Kərimə olan sevgisindən ağız dolusu danışır.

Kifayət eləmir, başqaları da Gülər xanımın Əli Kərimə olan sevgisindən ağız dolusu danışır.

Almaniyada yaşayan soydaşımızın belə bir tədbir keçirməsi vacib nüansdı.

Amma bir şeyi bilmədim.

Gülər xanım məhz tədbiri həyata keçirmək üçünmü Almaniyadan gəlmişdi, yoxsa, məsələn, Ramazan bayramına görə onsuz da gələcəkdi, elə tədbiri də bu vaxta saldı?

Sözsüz, hər iki halda da təqdirəlayiq addımdı, ona bir şey demirəm. Amma belə şeylər həmişə mənə maraqlı olub...

Təsadüfi deyil ki, Rəşad Məcid cəmi yarım saatdan sonra tədbirdən çıxır.

Nadir də onun ardınca.

Anar Atakişi düz mənlə üzbəüz oturub. Onun qiraətində çoxlu şeirlərlə tanış olmuşam. Yaxından tanımasam da, elə hiss edirəm ki, yaxşı insandı.

Tədbirin ortasında birdən qayıdıb mənə deyəsən ki, səndən kitab almışdım, kitabımı niyə hələ verməmisən?

Xəyal gülə-gülə sol qulağıma pıçıldayır ki, qaytar onun borcunu, bu qədər də olmaz.

Anarın dediyi sözü eşidən kimi Nadir o başdan qaça-qaça üstümə gəlir. Gözlərini də zilləyib düz sağ qulağıma. Çatan kimi gülə-gülə qulağıma pıçıldayır ki, camaatı niyə aldadırsan?

İki gülüş və iki pıçıltı arasındakı fərqi sezə bilirəm.

Tədbir necə başlayır, necə bitir, bilmirik.

Bir göz qırpımında. Əli Kərim ömrü kimi...

***

Başlayıram qeydlərimi aparmağa.

Həmin vaxt Nadir mənə sifət eləyir ki, son vaxtlar məzmunsuz şeylər yazırsan. Belə sənət, belə ədəbiyyat olmur. Belə davam eləsən, qədrin bilinməyəcək. İz qoya bilməyəcəksən.

Qorxa-qorxa deyirəm ki, sən mənim qədrimi biləsən deyə elə sən istəyəni yazmalıyam?

Mənə sifət eliyir. Heç sağollaşmır da. Eləcə çıxıb gedir.

***

Kefim pozulur. Aclıqdan ölürəm. Acqarnına "Sahil" metrosuna tərəf gedirəm.

Metroya çatmağıma az qalmış telefonum avtomatik "McDonalds"ın "vayfay"ına qoşulur.

Mesaj bildirişi gəlir.

"Bu nə məhəbbət oldu? Mən neyləmişəm sənə?"

Nə yazacağımı bilmirəm.

Nöqtə, nöqtə və nöqtə göndərirəm.

# 1441 dəfə oxunub

Oxşar xəbərlər

İkinci Mahmudun xatirəsi anıldı

İkinci Mahmudun xatirəsi anıldı

15:31 2 may 2024
Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə

Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə

15:00 2 may 2024
"Türk ədəbiyyatı" dərgisinin "Şah İsmayıl"  sayı nəşr olundu

"Türk ədəbiyyatı" dərgisinin "Şah İsmayıl" sayı nəşr olundu

14:00 2 may 2024
Oskar mükafatçısından açıqlama: "Beş ildir ki..."

Oskar mükafatçısından açıqlama: "Beş ildir ki..."

13:31 2 may 2024
Britni Spirs boşanır - Səbəb

Britni Spirs boşanır - Səbəb

13:00 2 may 2024
Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq

Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq

12:08 2 may 2024
# # #