"Onu İrandan niyə qovmaq istəyirdilər?" - Mirzə Əli Möcüz haqqında

"Onu İrandan niyə qovmaq istəyirdilər?" - Mirzə Əli Möcüz haqqında
25 sentyabr 2023
# 17:00

Bu gün şair Mirzə Əli Möcüzün anım günüdür.

Kulis.az bu münasibətlə Savalan Fərəcovun onun haqqında yazdığı "Sabir ədəbi məktəbinin davamçısı: Mirzə Əli Möcüz" yazısını təqdim edir.

Mirzə Əli Möcüz 1873-cü ildə Cənubi Azərbaycanın Şəbüstər qəsəbəsində tacir ailəsində dünyaya gəlib. Atası Hacıağa işi ilə əlaqədar tez-tez Türkiyəyə gedərmiş. İstanbulun qaynar həyatı onu özünə bağlayır. O, uşaqlarını İstanbula aparmaq qərarına gəlir. İki oğlunu - Hüseyn və Həsəni İstanbula aparır, onlara lazımi şərait yaradır. Kiçik oğlu Mirzə Əlini isə yanında saxlayır. Onu qəsəbədəki molla məktəbinə qoyur. Beləliklə o, ilk təhsilini Şəbüstərdə alır. Ancaq Mirzə on altı yaşında ikən atası vəfat edir. Şəbüstərdə tək qalmasın deyə qardaşları onu İstanbula aparır.

Möcüz 16 il İstanbulda yaşayır. İstanbul mühiti ona çox təsir edir. O, vətəninin inkişafdan nə qədər geri qaldığını başa düşür. Qardaşları ilə bərabər ticarətdə çalışmaqla yanaşı, çoxlu mütaliə edir. Şərq ədəbiyyatını, dövrün ictimai-siyasi mətbuatını həvəslə oxuyur. Nəhayət, Şəbüstərə qayıdır. Vətəninin müasir həyatdan çox geri qalması ilə barışa bilmir. Əlindən isə bir iş gəlmədiyini görür. Qəzəbini şeir ilə ifadə edir. Vaxtının çox hissəsini məşhur alim və mütəfəkkir Şeyx Mahmud Şəbüstərinin məqbərəsində xidmətdə keçirir. Şəbüstərlilərin cəhalətdən qurtulması və mədəni həyata qatılması üçün səy göstərir. Şeirlərində mövhumatçı ünsürləri tənqid atəşinə tutur, qadın azadlığını təbliğ edir.

Ötən əsrin əvvəllərindən başlayaraq sürətlə inkişaf edən Azərbaycan ədəbiyyatını, xüsusilə "Molla Nəsrəddin"i və Sabir şeirlərini geniş mütaliə edən Mirzə Əli Möcüz Şəbüstər kimi unudulmuş bir guşədə yaşasa da, ruhdan düşmür. Daimi olaraq Sabir cəsarəti və sayıqlığı ilə yazır, yaradır. Onun bir sıra şeirləri çap olunmazdan əvvəl ağızdan-ağıza gəzib, xalq kütləsi arasında geniş yayılıb.

Onu da qeyd edək ki, XX əsrin əvvəllərində Rusiyada baş verən inqilab (1905) İranda da inqilabi hərəkata təsir göstərib. Bu proseslər M.Ə.Möcüz kimi sənətkarların yaradıcılığına da təsirsiz ötüşməyib. O, ana dilində şeirlər yazıb, İran irticasını, kütlənin geriliyini, ağır güzəranını, savadsızlığını, qadınların dözülməz şəraitini kəskin şəkildə tənqid edib.

Araşdırmalarda M.Ə.Möcüzün satirik şair kimi yaradıcılığı yüksək qiymətləndirilib. Onun "Molla Nəsrəddin"lə əlaqələrinə geniş yer verilib. Sabirlə Möcüzün üslub və mövzu yaxınlığı müqayisə edilib və maraqlı nəticələrə gəlinib. O, "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi "Molla Nəsrəddin" jurnalından əlavə "Zənbur", "Bəhlul", "İqbal", "Tərəqqi" jurnal və qəzetlərində də çıxış edib. Sabirdən sonra ən istedadlı satiriklərdən biri kimi səciyyələndirilib. O, Mirzə Cəlilin, Sabirin, ümumən, “Molla Nəsrəddin”çilərin amalını, məfkurəsini Cənubi Azərbaycanda hər cür əzab-əziyyətə rəğmən, sevə-sevə, sevdirə-sevdirə təbliğ edib. Yaxın Şərqdə, o cümlədən, İranda baş verən ictimai-siyasi hadisələr, yeni təhsil və tərbiyə, sosial ədalətsizlik, cəhalət və mövhumat kimi mühüm məsələlər onun şeirlərinin əsas mövzusu olub. Sadə dil, rəngarəng üslub özəllikləri ilə seçilən bu şeirlər indi də təsirli və aktualdır.

Şair 1933-cü ildə gözlənilmədən Şəbüstəri tərk edərək Şahruda köçür. Mənbələrdə göstərilir ki, onun Şəbüstəri tərk etməsinin çox ağrılı səbəbləri olub. O, dostu M.Məmmədəliyə ünvanladığı bir şeirində mürtəce qüvvələrin təzyiqi ilə (onu “dinsiz və imansız” elan etmişdilər) doğma şəhəri tərk etdiyini bildirir.

Əslində o, İstanbuldan Şəbüstərə qayıdan gündən “buğdaya sarı, qıra qara” dediyi üçün həmişə “kəlləsi küt”, “fikri darısqal” irticaçıların söyüş və hədə-qorxularına məruz qalmışdı: “Möcüzün nəbzin alıb söylədi doktor: Ey vay, etiqadın pozulub, tərk edib iman səni”; “Möcüz, demədim mən sənə bihudə danışma?”; “Öldürə Möcüzü Allah, özü divana çəkə”.

1921-ci ildə Nəcəfdə dini təhsil alıb Şəbüstərə qayıdan Hacı Mirzə Kazım ağa Şəbüstərinin fətvası ilə şair daha çox təqib və təhqirlərə məruz qalır. Yaradıcılığı lağa qoyulur, şərəf və ləyaqətinin alçaldılmasına cəhd edilir. 1925-ci ildə “Molla Nəsrəddin” jurnalının verdiyi məlumata görə, iş hətta o yerə gəlib çatır ki, Hacı Mirzə Kazım ağa Möcüzün təkcə Şəbüstərdən yox, ümumiyyətlə, İrandan qovulmasını tələb edib. 1930-1933-cü illərdə irticaçıların Möcüzə hücumları daha da güclənir və sərtləşir. Hacı Mirzə Kazım ağanın təzyiqlərinin son həddə çatması nəticəsində fiziki cəhətdən zəifləyən şair mənəvi cəhətdən də sarsılır və çıxış yolunu Şəbüstərdən köçməkdə görür. Bacanağı Xətibzadənin dəvəti ilə Şahruda gedir.

Şair Şəbüstərdən çıxanda onu pərəstişkarlarından 20 nəfər müşayiət edir. Təbrizə çatan şair bir neçə gün dostu H.M.Naxçıvaninin evində qonaq qalır. Orada qısa tərcümeyi-halını yazır. Ə.Naxçıvani isə onun bizə məlum olan son fotoşəklini çəkir. O, Şahruda köçməsini təsvir edən “Etdim vida cənabuvi çün leyli-taridə” misrası ilə başlayan məktubda Şahrudda qarşılanması, müşahidələri, düşüncələri, keçirdiyi hislər, Şahrudun təbiəti, əhalisi və adət-ənənələri haqqında dolğun və ətraflı məlumat verir.

Onun Şahrudda yazdığı həm mətbu, həm də qeyri-mətbu şeirlərinin hamısında (“Etdim vida cənabuvi çün leyli-taridə”, “Şahruddan məktub”, “Əli Can”, “Fəraqi-dustan”, “Məmmədəliyə məktub”) daha çox lirik ovqat hakimdir. Biz onun yaradıcılığına diqqət yetirərkən ənənəvi olan eybəcər satirik obrazlarla qarşılaşmırıq. Bu əsərlərdə yurdundan didərgin düşən, dostlarının ayrılığına dözə bilməyən, təbiətin füsunkar gözəlliklərindən qəlbi şadlanmayan, dünyanın vəfasızlığından şikayətlənən şairin ruhu hakimdir. M.Ə.Möcüz burada çox yaşamır və 1934-cü il sentyabrın 3-də faciəvi şəkildə dünyasını dəyişir.

# 1761 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün Nobel mükafatına layiq görülən Han Kanq kimdir? - DOSYE

Bu gün Nobel mükafatına layiq görülən Han Kanq kimdir? - DOSYE

15:54 10 oktyabr 2024
"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?

"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?

09:00 9 oktyabr 2024
O boyda eşq sarayı, necə yanıb töküldü? - Musa Yaqubun şeirləri

O boyda eşq sarayı, necə yanıb töküldü? - Musa Yaqubun şeirləri

15:10 8 oktyabr 2024
Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi

Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi

10:30 8 oktyabr 2024
Platon, deyəsən, xəstələnib - Kamal Abdullanın hekayəsi

Platon, deyəsən, xəstələnib - Kamal Abdullanın hekayəsi

15:03 7 oktyabr 2024
Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

11:49 6 oktyabr 2024
#
#
# # #