Oğlunu erkən itirdi, məşhur aktrisa ilə sevgili olduğu deyildi, aparıcını təhqir etdi – Kinomuzun “Şofer Əhməd”i haqqında bilmədiklərimiz

Oğlunu erkən itirdi, məşhur aktrisa ilə sevgili olduğu deyildi, aparıcını təhqir etdi – Kinomuzun “Şofer Əhməd”i haqqında bilmədiklərimiz
29 noyabr 2022
# 12:55

Kulis.az rejissor, aktyor, Əməkdar artist Elxan Qasımov haqqında maraqlı faktları təqdim edir.

Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə getməyə, basketbolla, voleybolla məşğul olmağa başlayır. Bir gün Naxçıvanın gənclərdən ibarət voleybol komandasında Bakıya yarışa gəlir.

***

Yaşıl Teatr açılanda onun səhnəsində ilk rəqs edən gənc rəqqaslardan biri olur. Bütün bunlar 1962-ci ilə qədər baş verir. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist kimi işləyir, ölkədaxili və ölkə xaricinə qastrollara gedir. Əminə Dilbazi, Əlibaba Abdullayev, Böyükağa Məmmədov, Xumar Zülfüqarova kimi görkəmli baletmeysterlərdən dərs alır.

Aktyorun anasının sözlərinə görə, Elxan "Ovod" filmindən sonra anasına deyir ki, mən kinoaktyor olacağam.

***

16 yaşında orta məktəbi bitirib Bakıda Teatr İnstitutunda qəbul imtahanı verir. Aktyor sənətindən imtahan verəndə ona mahnı oxumaq düşür və üç qiyməti alır. Sonra indiki Neft Akademiyasında imtahan verəndə bir imtahandan "4”, o birindən "3" alıb Naxçıvana qayıtmalı olur.

***

Növbəti il yenidən qəbula gəlir. Adil İsgəndərov qabiliyyət imtahanında onu seçərək öz kursuna qəbul edir. Amaliya Pənahova, Əbdül Mahmudov, Xamis Muradov, xanəndə Arif Babayev, Siyavuş Aslan, Lütfiyar İmanov, Şəfiqə Məmmədova ilə eyni qrupda oxuyur.

Elə həmin il də "Əhməd hardadır?" filminin ssenarisi hazır imiş, film çəkilişlərinə hazırlıq prosesi gedirmiş. Adil İsgəndərovun istəyi ilə Elxan Qasımova həmin filmdə Şofer Əhməd rolu həvalə olunur. Elxan Qasımov bu barədə deyir:


“Rəqs və maşın sürmək mənim üstünlüyüm idi. Uşaq vaxtından maşınımız olub. Adil müəllimin tələbəsi olmaq da rol oynadı. Çünki ilk kursda olsam da, məni tanıyırdı, potensialımı bilirdi. Filmdə bığ saxlamaq rejissorun ideyası idi. Hələ rəngləyirdilər ki, bir az tünd görünsün. Film boyu bizi idarə edirdilər: araq içmə, çaxır içmə, saçını qırxma. Mənim ən yaxşı epizodlarım Yaşıl Teatrdakı rəqslərimdir. Orda bəzi yerlərdə qızı uzaqdan göstərirlər. Çünki Ceyran rolunun ifaçısı Nona artıq hamilədir. Diqqətlə baxanda bilinir. Adamlar elə bilirdilər biz Nona ilə sevgiliyik, amma biz çox yaxın dost idik. Nonanın əri filmin çəkilişləri vaxt rəhmətə getdi. Nəcibə Məlikova maşını qaçırdığı epizodda "ZİL"i yaxın kadrlarda özü, amma uzaqdan olan kadrlarda sürücü idarə edirdi. Filmdə maşının arxasınca xeyli qaçış səhnəsindən 30 dəfə artıq qaçmışam. Gözəl mənzərə görürdülər, bir daha çəkirdik. Təsəvvür edin, yolla gedirik, deyirlər "düş aşağı", düyməni basırdılar, mən qaçırdım yıxılana qədər. Mən də onu çox canı-dildən edirdim. Orda Şirin kişini oynayan Məmmədrza Şeyxzamanovla dostluq edirdim. Allah ona rəhmət eləsin. Yaşlı olsa da, koloritli adam idi. Mənə həyat dərsi verirdi, yaxşı söhbətlər edirdi. Mənim aktyor stavkam 16 rubl 50 qəpik idi. Pulu alıb evə gələnə qədər anama, bacıma palto aldım. Amma pulun heç 30 faizi xərclənməmişdi. Filmdən sonra məhəllədə, küçədə tanındım. Qəzetdə şəkillərim, resenziyalarda filmdən şəkillər verirdilər, saxlayıb şəkil çəkdirirdilər. Düzdür, avtoqraf dəb deyildi, amma verirdik. Açıqcalara imza atırdıq. Məktublar çox gəlirdi. Populyar olmağımı "Tarqovı" küçəsindən bilirdim. Məşhur adam gərək orda gəzəydi. Mənə ən çox hörmət edənlər yol polisləri, sistem işçiləri, mağaza müdirləri idilər. Nəsə alanda deyirdilər ki, bay, şofer Əhmədimiz gəlib... Sənədsiz Lenin kitabxanasında (hazırda Milli Kitabxana) kitab alıb oxuyurdum”.


Aktyor Bakıda tanış olduğu İntizar adlı xanımla ailə qurur. 1972-ci ildə onların Kəmalə adlı bir qızı, bir il sonra isə oğlu Samir dünyaya gəlir.

***

Elxan Qasımov “Qatır Məmməd”, “Gözlə məni”, “Əhməd haradadır?”, “Axırıncı aşırım”, “Otel otağı”, “Əlavə təsir”, filmlərinə çəkilib. “Atası yandı”, “Ay çox, il çox”, “Köhnə bərə” filmlərinin rejissoru olub. Elxan Qasımova ən böyük uğuru “Əhməd haradadır?” filmindəki Şofer Əhməd obrazı gətirib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülür. Aktyor bu günə qədər də Xalq artisti adı almayan sənətkarlar sırasındadır. Bu barədə ona sual verəndə deyir:

“Olduğu kimi də danışacağam. "Əməkdar artist" fəxri adı almağımı maşın təmiri sexinin müdiri, dostum Əbdülağa Quliyevin qardaşı Bəhramdan eşitmişəm. Çünki maraqlanmırdım. Bu adı təxminən 10 il əvvəl, Heydər Əliyevin vaxtında almışam. Adı əvvəlcə Allah, sonra valideynin, axırda da xalq verir. Çıx şəhərə, soruş ki, "Şofer Əhməd", vəssalam. Yəni mən xalqımdan çox razıyam. Çalışmışam ki, Allahın verdiyi yükü namusla daşıyım. Nə dərəcədə nail olduğumu ətrafım və Allahım bilir. Mənim ixtiyarım yoxdur ki, xalqın cavan, saf Şofer Əhmədə olan məhəbbətini korlayam”.

Aktyor bir dəfə televiziya kanallarını və aparıcılarını tənqid edərkən aparıcı Elgiz haqqında "eybəcər" ifadəsini işlədib. Bu söz aparıcının qəlbinə toxunur. O, müsahibələrinin birində deyir:

"İndi atam dünyasını dəyişməsəydi bunu danışmazdım. Vecimə almazdım. Bunu atam rəhmətə getdiyi üçün danışıram. Atam əynini geyinib ki, gedib o, Xalq artistini tapmağa. Bir tanışı var idi kinostudiyada sürücü olub. Ona yığıb ki, həmin Xalq artistini tapmalıyam. Atama məsləhət görüb ki, qarışma. Həmin Xalq artistinə indiyənə qədər cavab verməmişəm. Ola bilər aparıcılığımı bəyənməsin, amma onu peşəkar hesab edirəm. Niyə məni təhqir edirsiz? Nələrsə deyib, sonda isə vurğulayıb: belə eybəcər efirdə ola bilməz. Dəhşətə gəldim ki, belə söz deyib? Bu insanlar görüşəndə ən az 10 dəqiqə bir-birimizə nə qədər sözlər deyirdik. Onun oğlu dünyasını dəyişib, onu gözəl tanıyırdım. Ona atamın dilindən cavab verərdim, amma etmədim. Oğlunu itirən bir atanın qəlbi ağrıyardı".

Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib. Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu. Bu barədə heç vaxt danışmayan aktyor müsahibələrinin birində belə deyir:

“Mən o yerlərə toxuna bilmərəm. Dostları haqqında filmlər çəkirlər. Bu mənim öz taleyimdi, mənim dərdimdi”.

# 9277 dəfə oxunub

Oxşar xəbərlər

Aleksandr Şarovski Prezidentin fəxri diplomu ilə təltif edildi

Aleksandr Şarovski Prezidentin fəxri diplomu ilə təltif edildi

16:00 9 fevral 2023
“Xarıbülbül”  VI Beynəlxalq Folklor Festivalı keçiriləcək

“Xarıbülbül” VI Beynəlxalq Folklor Festivalı keçiriləcək

15:50 9 fevral 2023
Şuşada I Türk Dünyası Mədəniyyət Forumu təşkil olunacaq

Şuşada I Türk Dünyası Mədəniyyət Forumu təşkil olunacaq

15:30 9 fevral 2023
Həmid Herisçinin dünyanı silkələyəcək tektonik silahın  ixtiraçısı İkram Kərimovla reportajı

Həmid Herisçinin dünyanı silkələyəcək tektonik silahın ixtiraçısı İkram Kərimovla reportajı

15:00 9 fevral 2023
“Walt Disney” 7 min əməkdaşını işdən çıxaracaq

“Walt Disney” 7 min əməkdaşını işdən çıxaracaq

14:20 9 fevral 2023
Məşhur reper 72 saatdan sonra dağıntılar altından çıxarıldı

Məşhur reper 72 saatdan sonra dağıntılar altından çıxarıldı

13:20 9 fevral 2023
# # #