Müğənnilərimizdə nə baş verir?

Müğənnilərimizdə nə baş verir?
27 noyabr 2024
# 15:00

Kulis.az Günel Natiqin “40 yaşdan sonra utanan müğənnilər” köşəsini təqdim edir.

40 yaşdan sonra müğənnilərdə nə baş verir? Paltarların sinəsi açılır, ətəklərin yarıqları böyüyür, üzlər gərilir, burunlar kiçildikcə kiçilir, dodaqlar şişib əndazədən çıxır...

20 il əvvəlin söhbətidir. Həmişə səhnədə eleqant libasda sakitcə durub öz lirik mahnılarını oxuyan müğənnini tanımadım. Əl-qol hərəkətləri də, geyimi də məktəb partisində atılıb-düşən yeniyetmə qızı andırırdı. "Ona nə olub?" soruşanda "40 yaşı təzəcə tamam olub" dedilər. Barmağımı dişlədim.

40 yaşdan sonra qadınlarda menopoz baş verir, qadın hormonlarının səviyyəsi azalır. Bundan başqa, dəri öz elastikliyini, şuxluğunu itirir. Psixoloji cəhətdən stabil olan müdrik qadınlar bu yaş böhranının öhdəsindən gəlir, qeyri-stabil olanlarda isə problemlər yaranır.

Qadın nə olursa-olsun, gəncliyini saxlamaq, hələ cavan olduğunu ətrafdakılara sübut etmək istəyir. Bəzən bu cəhdlər ifrat dərəcədə özünü göstərir.

40 yaş böhranını alnıaçıq adlaya bilməyənlər özlərində olan dəyişikliyin fərqində belə olmurlar. 40 yaşdan sonra açıq-saçıq geyimlərilə gündəmə gələn müğənni bir dəfə "Mən çox utancağam" deyərək hamını gülüşə boğdu. Geyimləri ifa tərzinə və səhnəyə yaraşmayan bu xanımın utancaq olduğunu təsəvvür etmək, həqiqətən, çətin idi. 40 yaş böhranı qadının psixologiyasını necə sarsıtmışdısa, xarakteri də başqa biçim almışdı.

Yaş ilə mübarizənin acınacaqlı duruma saldığı daha bir "utancaq" müğənni xanım da bizi bu günlərdə güldürdü.

Bu müğənni də 40 yaşdan sonra tanınmaz hala düşüb. Özü dediyi kimi, plastik əməliyyatların sayını itirən bu xanımı nəinki tamaşaçılar, heç doğma atası da tanımır.

Bu günlərdə kəskin sinə dekolteli libasda proqramların birində qonaq olan bu xanım ərz edib ki, televiziyadakı şoulara baxarkən möhkəm xəcalət çəkir: "Elə utanıram, elə utanıram!".

Xanım müğənninin sözlərilə görkəmi arasında uyğunluq görməyənlər "Biz də sənə baxanda utandıq" deməkdən başqa söz tapa bilməyiblər.

Libasın estetik dəyəri olmalıdır. Açıq- saçıq geyim qadağan edilməyib, siz onu kazinoya, restorana, əyləncəli şoulara geyinə bilərsiniz. Ancaq ciddi sənət söhbətlərinin getdiyini güman etdiyiniz bir proqrama vulqar geyimdə gələrək şou aləminin səviyyəsizliyindən bəhs etmək öz qüsurlarını görə bilməməkdir. Sonrası gülüş hədəfinə çevrilməkdir.

Bu halda ən çox təəssüf doğuran peşəkar sənətçilərin 40 yaş böhranına qurban getməyidir. Estetik prosedur, açıq- saçıq geyimlərlə gəncliyini yenidən tapdığını düşünənlər həm normal görünüşünü, həm də sənətinin gələcəyini itirir. Çünki ciddi sənət bütövlük tələb edir.

40 yaş böhranını adlaya bilməyənlərin 50, 60 yaşların psixologiyasına necə sinə gərəcəyi də maraq doğurur.

Monika Beluççini qocaldan dünya, heç kimə rəhm etməz. Bir fərq var ki, Monika müdrik qadın kimi- yaşından qorxmadan, özündən utanmadan, sevənlərini itirmədən, gülüş hədəfinə çevrilmədən, gözəl qocalır...

# 3187 dəfə oxunub

Oxşar xəbərlər

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

13:48 17 avqust 2025
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu  - Yenilənib

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu - Yenilənib

13:05 17 avqust 2025
İsfəndiyar Vahabzadə:  "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

İsfəndiyar Vahabzadə: "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

13:00 17 avqust 2025
Dünyanın ən möhtəşəm  tarixi otelləri

Dünyanın ən möhtəşəm tarixi otelləri

10:00 17 avqust 2025
Müğənni Rəqsanə həbs edildi - Səbəb

Müğənni Rəqsanə həbs edildi - Səbəb

18:55 16 avqust 2025
Vidadi Babanlı vəfat etdi

Vidadi Babanlı vəfat etdi

17:00 16 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər