Məzarlıqdan oğurluq edənlər - Orxan Cuvarlı yazır...

Orxan Cuvarlı, yazar

Orxan Cuvarlı, yazar

2 dekabr 2021
# 10:09

Kulis.az Orxan Cuvarlının “Məzarlıqdan oğurluq edənlər” yazısını təqdim edir.

Təkcə insanların deyil, ümidlərin də basdırıldığı yerdir qəbiristanlıq. Dəfn edilən insanın, onun yaxınlarının, geridə qoyduqlarının ümidləri. Həyata keçməyən neçə arzu, gözdə qalan saysız ümid, torpağa verilən hesabsız xəyal.

Təsadüfən telekanalları çevirəndə bir xəbər buraxılışında əlimi saxlamalı oldum. Müxbir həyəcanla son zamanlarda qəbiristanlıqlardan olunan oğurluqları, mərhum yaxınlarının şikayətlərini izləyicilərin diqqətinə çatdırırdı.

Məni maraq bürüdü. Bir anlıq həmin oğrular barədə düşündüm.

Görəsən, bu fikir ilk dəfə onların beyinlərində necə yaranıb? Buna necə, hansı psixoloji halətdə qərar veriblər? Hansı duyğularla hərəkətə keçib, bu işə qol qoyublar?

Daxilimdə özümün də təəccübləndiyi bir qətiyyət yarandı.

Nədənsə həmin oğruların ürəklərinin dərinliklərində bütün bunları əlacsız vəziyyətdə, məhzunluqla etdiyinə inanıram. Əminəm ki, onlar çox çək-çevir edib, bir-birilərilə dəfələrlə bu barədə danışıb, şikayətləniblər.

Onların bu əməldən peşman olduqlarını, xəcalət təri tökdüklərini hiss edirəm.

Bəlkə də, onlar nə vaxtsa satdıqları məzar daşlarının qazancıyla yeyib-içdikləri bir kafenin küncündə, içkinin şüşənin lap dibinə çatdığı bir vaxtda doluxsunublar. Ya da dəfələrlə gözlərini bir-birindən qaçırıb, sağlıqsız-filansız qədəhi başlarına çəkib eyni dildə susublar.

Bunları düşündüyüm bir vaxtda gözüm müxbirin yanında səssiz-səmirsiz dayanan, əllərini qoynunda çarpazlayan zərərçəkmişə sataşdı.

Üstündən-başından nimdaşlıq yağan bu ortayaşlı kişi danışdığı müddətdə nəzərlərini yerə dikmişdi. Məlum olur ki, anım günündə mərhumun məzarını ziyarət etməyə gələn yaxınları sinə daşının və güldanların oğurlandığını görürlər. Məsələ böyüyəndən sonra məzarlıqdakı bir neçə qəbirdən də oğurluq edildiyi ortaya çıxır.

Müxbir təlaşlı səslə aidiyyəti orqanların məsələdən xəbərdar edildiyini vurğulayır.

Süjeti izləyə-izləyə həmin oğruları xəyal etməyə çalışıram. Bəlkə onlar bu dəqiqə bir-birinin yanına basa-basa, gülə-gülə elə bu xəbəri izləyirlər. Bəlkə də onlar bu xəbəri izləyəndə heç gülməyiblər, əksinə, ağlamsınıblar. Kim bilir?!

Tələbəlik illərində Xalid Hüseyninin əldən-ələ ötürdüyümüz "Çərpələng uçuran" romanında oğurluqla bağlı yazılan bir hissəni aydın xatırlayıram:

"Oğurluq. O – bütün günahların özəyidir. Qatil həyat oğurlayır. Arvadının əlindən ər haqqını, övladlarından ata haqqını alır. Yalançı başqalarının doğruluq haqqını mənimsəyir. Yaramaz isə düzgünlük haqqını".

Romandan xatırladığım bu hissə məni sorğu-suallar içində məzarlıq oğruları barədə düşündürür.

Bəs onlar necə?

Yəqin ki, onlar da kiminsə rahat uyumaq, başqa birinin isə mərhum əzizinin xatirəsini əbədiləşdirmək haqqını əlindən alırlar.

# 4378 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər