Mənasız İnstaqram gözəlləri – Qlamurkalar

Mənasız İnstaqram gözəlləri – Qlamurkalar
28 fevral 2022
# 11:07

Kulis.az Mehdi Dostəlizadənin “Üç meymun” yazısını təqdim edir.

Şehirlere bombalar yağardı her gece
Biz durmadan sevişirdik

Elə coğrafiyada yaşayırıq ki, hər gün əvvəlki gündən daha qəribə hadisələr baş verir. Və hər qəribə hadisənin ardınca düşünürəm: görəsən bundan betər nə ola bilər? Gözümü açan gündən mütəmadi olaraq hansısa oğurluq, təcavüz, qətl, atəşkəsin pozulması, diplomatik gərginlik xəbərləri ilə rastlaşıram. Bu qısa ömürə Avroviziya mahnı müsabiqəsi, devalvasiya, Qarabağın Çelsiyə 6-0 hesabı ilə uduzması, Aygün Kazımovanın Snup Doq ilə dueti, bütün dünyanı ağuşuna almış pandemiya, Van Damın oğlunun azərbaycanlı qızla evlənməsi kimi macəralar sığdırmışam. Üstəlik, III dünya müharibəsinin ayaq səslərini eşitməkdəyəm. Daim ətrafımdakı insanlarla bu proseslər haqda danışır, bir-birimizin fikrini elə təzəcə öyrənməyə başlayırıq ki, başqa şey olur və özümü “kısır döngü”nün içində tapıram. Heç bir söhbəti axıracan etməyə imkan olmur.

Bütün geosiyası vəziyyətin, qırğınların, sülhlərin fonunda hər şeyi azdan çoxdan başa düşürəm. Başa düşmədiyim yeganə şey, heç nədən xəbəri olmayan qlamurkalardır. Həmişə düşünmüşəm ki, görəsən bu adamlar hansı dünyada yaşayırlar, hansı telefondan işlədirlər, hansı internetə girirlər, nə yeyib-içirlər ki, heç nədən xəbərləri yoxdur? Yadıma bir şey düşdü. Deməli Şuşanın işğaldan azad edildiyi gün idi, şəhərdə dostlarımla gəzirdim. Bir qız və oğlan əl-ələ yanımızdan keçirdi. İzdihamın xorla “Şuşanın dağları başı dumanlı” mahnısını oxuduğunu görən qız qayıdıb oğlana deyəsən ki, “aa, poçemu onlar sevinir, Muracik?”. Oğlan da məsələni izah etməyə çalışırdı ki, bəs Şuşanı alıblar, bayramdır və s. Qızın pudrasının iyi ətrafa elə yayılmışdı ki, hamının bayram etdiyi gün mənim üçün zəhərə dönmüşdü, ürəyim bulanmış, ağzıma taxdığım maskanın içinə qusmuşdum.

Çoxdandır İnstaqram istifadə etmirəm. Doğrusu, bezmişəm. Hər dəfə qlobal bölməsinə keçib bu gözəlçələrin kefli-damaqlı həyatını görəndə, natamamlıq kompleksinə düşürdüm. Elə bilirdim ki, günah məndədir, fərsizəm, bacarıqsızam, nəslimi, cinsimi, yaşayışımı dəyişib onlar kimi ola bilmirəmsə, yaşamağa haqqım yoxdur.

Paylaşdıqları hekayələrdə ya hansısa göydələnin kəlləsindən şəhərə baxırlar, ya hansısa hovuzun qırağında ayaqlarını göstərirlər, ya Port Bakunun tualet güzgüsündə dodaq büzürlər, ya da yediklərini, içdiklərini nümayiş etdirirlər. Hər nə edirlərsə etsinlər, bu adamların ölkə gündəmindən heç vaxt xəbərləri olmur. Məktəbli qız intihar edir, qlamurka şəkil çəkdirməyə getdiyi kitabxanadan “story” paylaşır. Həkim xəstənin sol ayağı əvəzinə sağ ayağını kəsir, qlamurka “Sea Breeze”dəki hovuza uzatdığı ayağının videosunu paylaşır.

Axı mən niyə onlar kimi bivec ola bilmirəm? Axı niyə hər şeydən xəbərsiz yaşamaq qeyri-mümkün gəlir mənə? Bu təkcə İnstaqram, sosial şəbəkə məsələsi deyil. Sosial şəbəkədən uzaq durduğum vaxtlarda belə hər şeydən xəbərim olurdu. Hətta hamıdan uzaqlaşdığım vaxtlarda da, gündəm məndən əl çəkmirdi. Ən azından küçəyə çıxırdım, avtobusa, metroya minirdim, kafeyə gedirdim. Virtual dünyadan uzaq olsam belə, mülki həyatdan kənarda olmurdum. Hələ mənim gündəlik həyatım çox maraqsızdır, axı o qlamurkalar əllərində bütün gün telefon ola-ola, cürbəcür yerlərdə əylənə-əylənə bu boyda həngamədən necə xəbərsiz ola bilirlər?

Qlamurkalar heç kimə faydası olmayan yararsız məxluqlardır. Onlar ancaq yeyir, içir, şəkil çəkdirirlər. Üstəlik, oksigenimizə də şərik olurlar, pilləkənləri çıxanda hiss edirəm ki, nəfəs ala bilmirəm. Düzdür, nəfəs ala bilməməyim siqaret çəkdiyimə görədir, amma bir baxın, qlamurkaları maliyyələşdirən ataları, Muracikləri onların əvəzinə Ayxan Ayvaza mesenatlıq etsəydilər, belə olardı? Qətiyyən! Bütün gün Ayxan Ayvazın dalınca düşərdim, pilləkən çıxmağa ehtiyac duymazdım, ancaq musiqili liftləri olan binalarda ömür sürərdik. Bəlkə, onda başa düşərdim ki, hər şeydən xəbərsiz yaşamaq necə duyğudur.

Hələ bunların müasir, model kimi fəaliyyət göstərən növləri də mövcuddur. Bu postmodel xanımlar əvvəlcə vaynerlərin videolarında görünürdülər, sonra müstəqil fəaliyyət göstərməyə başladılar. Onların qlamurkalardan tək fərqi odur ki, qlamurkalar irsən varlı olurlar, postmodellər isə sonradan varlanırlar. Postmodelləri biz varlandırırıq, Muraciklər yox, məhz biz, Kələntər, Qəzənfər, Ələkbər. Onlara dəyər veririk, qaldırıb dağ başına qoyuruq, vaxtikən bizdən nəsə dilənən adamlar varlanandan sonra qlamurkaların çevrəsinə daxil olub bizi unudurlar.

Bu xəyanəti görən kimi nifrətimiz alovlanır, bizdən istifadə etdiklərini anlayırıq. Daha sonra bir başqası çıxır ortaya, yenə qaldırıb dağ başına qoyuruq, sonra itiririk. Ən yaxşı qlamurkanın axtarışında ömrümüzü yelə veririk, onlar yenə də hər şeydən xəbərsiz ömür sürür, firavan yaşayırlar. Axırda bizə qalan isə, elə biz oluruq – Kələntər, Qəzənfər, Ələkbər, bir də Ayxan Ayvaz.

# 4909 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

16:33 15 iyun 2026
“15 iyun – Milli Qurtuluş Günü”  adlı virtual sərgi istifadəçilərə təqdim olundu

“15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

14:49 15 iyun 2026
Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

13:05 15 iyun 2026
32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

11:40 15 iyun 2026
Azərbaycanda Milli Qurtuluş Günü  qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

10:03 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər