"Komedixana" niyə bu qədər uğursuzdur?

"Komedixana" niyə bu qədər uğursuzdur?
28 iyun 2022
# 18:20

Kulis.az Eminquey Akifin "Komedixana və Ənvər Abbasovun səs-küyü" adlı yazısını təqdim edir.

Azərbaycan yumoru haqqında yazdıqlarımıza o yumoru xalqa təqdim edənlər bir yumor kimi baxır, əllərini qarınlarına qoyub şaqqanaq çəkəndən sonra üstümüzə acıqlanırlar.

Əslində, başa düşürəm.

Hegelin fəlsəfəsi bu prosesdə öz təsdiqini tapır.

Göz yaşı pik həddə çatanda yerini kədərə verir. Eynilə, doğmasını itirən bir adamın ağlamaqdan havalandığı, qəfil durub oynadığı, güldüyü kimi.

İndi bizə şaqqanaq çəkəndən sonra qəzəb, hirs sərgiləyən o yumor icraçıları da eyni fəlsəfəni bizə bir daha isbat etmiş olurlar.

Keçək əsas məsələyə.

Bir ildən çoxdur ki efirdə yayımlanan “Komedixana”ya.

Bu layihə hələ efirə getməmişdən Türkiyə efirində yayımlanan “Güldür güldür”, “Çok güzel hareketler bunlar” kimi layihələri izləmiş və “niyə bu əjdahadan bizdən yoxdur?” kimi suallarla həşir-nəşir olandan sonra aktyor, rejissor dostlarımla bunu Azərbaycanda həyata keçirmək barəsində müzakirələr etmişdim. Açığı, çox düşünsək də, hərənin ağzından bir söz çıxdı və bir ortaq nöqtəyə gələ bilmədik.

Üstündən bir müddət keçdi, ”Komedixana” efirə getdi. Artıq kimlərsə bunu düşünüb və reallaşdırıb. Sevinmişdim. Şükr, kimlərsə belə bir addım atdı. Amma...

Bu layihə haqqında tez-tez statuslar yazılır, bayağı olub-olmadığı müzakirə edilir. “Komedixana” efirdə illərdir at oynadan, hara daş atsan oradan çıxan aktyorların, vaynerdəndönmə aktyorların oynadığı, ssenaristlərindən biri Ənvər Abbasov olan bir layihədir. Bizi Türkiyənin “Güldür güldür”ündən, “ÇGHB”-dan fərqləndirən təkcə bayağılıqdırmı? Bütün dərdimiz yumorun keyfiyyətidirsə, bəs bunun səbəbi nədir?

Fərqi izah etmək üçün paralellər aparaq.

“Güldür güldür”ə Kamal Sunalın oğlu Ali Sunal, “Çok güzel hareketler bunlar”a isə Yılmaz Erdoğan rəhbərlik edir. Format budur ki, hər iki rejissor "skeç"lər təqdim olunandan sonra fikrini bildirir, müdaxilə edir, zal ilə interaktiv söhbət aparır və "skeç"lər tamaşaçı tərəfindən “ən yaxşı” olaraq qiymətləndirilir, “zəng” çalınır. Və bütün bunlar hamısı ayrı-ayrılıqda yumora çevrilə bilir. Bəzən tamaşaçılardan birinin söylədiyi fikir "skeç"də improvizə kimi istifadə olunur.

Amma biz “Komedixana”da bunu müşahidə etmirik. Tamaşaçı sadəcə alqış üçündür, skeçlər müzakirə olunmur, nə rejissor ortadadır, nə də ssenaristlər. Bax, gülə bilsən gül, bilməsən də, olanımız budur.

Fərqin biri bundadır ki, türklərdə teatr heyəti əksərən heç yerdə tanınmayan istedadlı gənclərdən ibarətdir. Onlar sırf bu "skeç"lərin hesabına püxtələşir, tanınır, daha sonra filmlərə rol belə ala bilirlər. Hər iki layihənin rəhbəri birbaşa yumorun içində olan, sözünü demiş, peşəkar, mütaliəli insanlardırlar. Ali Sunal atasından gördüyü ənənəni davam etdirir, Yılmaz Erdoğan isə artıq özü bir ənənədir.

“Komedixana”da isə bu ənənələr yoxdur, layihə sırf tanınmış, kütlə tərəfindən ən çox baxılan, izlənilən insanlar tərəfindən təşkil olunub. Bəzən çox yaxşı skeçləri olur, baxmışam, güldüklərim də olub, amma ümumilikdə, nədənsə, mənə elə gəlir ki, bu layihə səs-küy doğurmaqdan çox, səs-küylə daha çox baş ağrıdır. Buna təkcə Ənvər Abbasovun qışqıra-qışqıra danışmağını misal çəkə bilərəm.

"Skeç"lərin bir çoxusu realda baş verən, gündəm olan gülməli şeylərin səhnədə hansısa "skeç"ə daxil olmasından ibarətdir. O hadisələrə fərqli baxış yoxdur.

“Komedixana” bu templə tez gülünüb qurtaracaq və ənənəyə çevrilməyəcək. Bəlkə, heç bu heyətin dediyim şeyə iddiası da yoxdur. Sadəcə mövsümi layihədir. Sponsor olmadı, it-bat olacaq. Amma çox istərdim ki, çox fərqli, yeni bir tərzdə, başqa bir adla, başında bəlli bir ənənəsi olan, yumor adına danışa bilən bir adamla yeni layihələr işlənsin. Ali Sunal-Yılmaz Erdoğan dostluğu və rəqabəti bizdə də olsun.

Vəssalam...

/adalet.az/

# 10707 dəfə oxunub

Oxşar xəbərlər

Çingiz Abdullayev: "Alçalaraq pul istəyirik"

Çingiz Abdullayev: "Alçalaraq pul istəyirik"

17:15 15 fevral 2026
Kommersiya məktəbindən böyük səhnəyə - Atası niyə onun aktyor olmasını istəmirdi?

Kommersiya məktəbindən böyük səhnəyə - Atası niyə onun aktyor olmasını istəmirdi?

15:00 14 fevral 2026
"250 manatlıq "kaşelyok" alın, içi pulla dolacaq!" - "Azerina" insanları necə aldadıb?

"250 manatlıq "kaşelyok" alın, içi pulla dolacaq!" - "Azerina" insanları necə aldadıb?

14:23 14 fevral 2026
Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

13:26 14 fevral 2026
Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

12:00 14 fevral 2026
"ARB" telekanalının yayımı dayandırıldı

"ARB" telekanalının yayımı dayandırıldı

10:27 14 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər