"Kamançama onlar xəyanət elədi" - Habil Əliyev Polad Bülbüloğlunu niyə bağışlamadı?

"Kamançama onlar xəyanət elədi" - Habil Əliyev Polad Bülbüloğlunu niyə bağışlamadı?
8 sentyabr 2025
# 14:59

8 sentyabr Xalq artisti Habil Mustafa oğlu Əliyev anım günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradılığı ilə bağlı diqqətçəkən məqamları təqdim edir.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. İlk vaxtlar ailəsinin təkidi ilə tar sinfində dərs alsa da uşaqlıqda çox cılız olduğundan tara gücü çatmır sonradan kamança sinfinə keçib. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb. Habilin ifaçılığını görən bəstəkar Soltan Hacıbəyov onun potensial imkanlarını nəzərə alıb filarmoniyada işləməyi məsləhət görüb.

O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qalıblar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnib.

Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Xanəndə Yaqub Məmmədovla Habil uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyublar.

Habil Əliyev Qəbələnin Qəmərban kəndinə toya gedir. Toyda gələcək həyat yoldaşı olacaq Şərqiyyə xanımla tanış olur. Şərqiyyə xanım isə o vaxtı 9-cu sinifdə oxuyurmuş. Onlar 1954-cü ilin avqust ayında ailə qurublar. Çoxları Habili məktəb şagirdi ilə ailə qurduğu üçün hədələyir. Sonralar universitetin kimya fakültəsində təhsil alan Şərqiyyə xanım, universiteti bitirəndən sonra heç bir zaman işləmir. Bu evlilikdən onların dörd övladı olur.

Bir gün Habilə deyirlər ki, get kaman ustası Nefton Qriqoryanın yanına o, sənə kamança haqqında bilmədiklərini başa salacaq. Nefton Qriqoryan Habili başa düşür, ancaq ona kömək eləmir. Habil hərləyib-fırlayıb bir gün onu içirdir. Nefton deyir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsan, sən deyən səsi verər. Ancaq o dövrdə xrustal qab tapmaq müşkül məsələ idi. Xəbər Əlibaba Məmmədova çatır. O, evə gəlib həyat yoldaşının cehizlik xrustal qabını qəsdən salıb sındırır, sonra isə şüşə qırıqlarını yığıb Habilə verir. Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habilin əlində kamançanın futlyarını çıxarıb necə çalırsa, Əlibaba Məmmədov dəhşətə gəlir.

İranda qastrol səfərində olanda konsert vaxtı Habil kamançanı necə ifa edirsə, İran muğamının Allahı hesab olunan Şajaryani Habil Əliyevin qarşısında ikiqat olub təzim edir.

Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında "Zabul segah"ı verirlər. Habil Əliyev öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: "Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq".

Başqa bir müsahibəsində isə Habil Əliyev deyir: "Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdular. Soruşanda dedilər ki, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim. O mənim ürəyimin səsi idi".

Polad Bülbüloğlu ilə uzun illər münasibətləri yaxşı olmayıb. Habil Əliyevin tənqidçi kimi çıxışları olub, ifalar haqqında fikir bildirib. Və insanların çoxu onunla hesablaşıb. Bu mənada o, Polad Bülbüloğlunun sənətini qəbul etmirdi. Və bədii şuranın ləğvindən sonra efirə çıxan bayağı musiqilərin günahını nazirdə görüb deyirdi ki, özü kimi musiqiçiləri efirə Polad çıxardır. Bu kimi fikirləri ilə o, həmişə Polad Bülbüloğlunu tənqid edir, nazir isə öz növbəsində onun yubileylərinin keçirilməsinə imkan vermir.

Müğənni Faiq Ağayevi birmənalı şəkildə qəbul etməyib. Alim Qasımovun ən qatı tənqidçisi olub. Alimlə məzələnmək üçün deyirdi ki, başa düşürük ki, təzə şeylər oxudun, amma yorğan-döşəyi niyə səhnəyə çıxarırsan? Bununla yanaşı muğamın yeni variasiyalarını da qəti şəkildə qəbul etmirdi.

Məclislərin birində bir nəfər sənətkara yaxınlaşıb deyir: "Habil müəllim, elə bir muğam ifa edə bilərsiniz ki, içində Rast da olsun, Şur da, Segah da." O da cavabında deyir ki, əgər sən mənə elə bir qarpız tapsan ki, içində pomidor da olsun, bibər də, xiyar da, onda mən sənə dediyini çalaram.

Habil Əliyev ABŞ, Fransa, Yaponiya, Türkiyə, Almaniya, Rusiya və digər ölkələrdə konsertlər verib. Dünyanın məşhur konsert salonlarında Azərbaycanın muğamını və kamançasını tanıdıb.

Müslüm Maqomayev, Zeynəb Xanlarova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə çıxış edib.

“Xalq artisti” fəxri adı ilə yanaşı, bir çox dövlət təltiflərinə layiq görülüb.

Böyük kaman ustası səhhətində yaranan problemlərə görə 2015-ci il avqust ayının 15-də ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, səhhəti normallaşdıqdan sonra müalicəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılıb. Daha sonra yenidən komaya düşüb və sentyabrın 8-də vəfat edib. Habil Əliyev Bakıda I Fəxri Xiyabanda dəfn edilib.

# 182 dəfə oxunub

Oxşar xəbərlər

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq müsabiqə başa çatıb

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq müsabiqə başa çatıb

15:55 8 sentyabr 2025
"Game of Thrones" aktyoru dünya rekordu qırdı

"Game of Thrones" aktyoru dünya rekordu qırdı

15:30 8 sentyabr 2025
“Pişiyimi özüm doğmuşam” - Küçəyə atılan cins heyvanların aqibəti necə olur?

“Pişiyimi özüm doğmuşam” - Küçəyə atılan cins heyvanların aqibəti necə olur?

14:40 8 sentyabr 2025
Yeni kitab:  "Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı”

Yeni kitab: "Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı”

14:40 8 sentyabr 2025
Yeni  3D animasiya serialı “Çeburaşka”  gəlir

Yeni 3D animasiya serialı “Çeburaşka” gəlir

14:20 8 sentyabr 2025
"Supertramp" rok qrupunun məşhur həmtəsisçisi vəfat etdi

"Supertramp" rok qrupunun məşhur həmtəsisçisi vəfat etdi

14:01 8 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər