İctimai nəqliyyatdan niyə istifadə edə bilmirik?

İctimai nəqliyyatdan niyə istifadə edə bilmirik?
17 may 2023
# 13:45

Kulis.az İlkin Özün "Sürücü-sərnişin mədəniyyətsizliyi haqqında" adlı yeni yazısını təqdim edir.

"Dindirir əsr bizi dinməyiriz,
Atılan toplara diskinməyiriz.
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz."

( Mirzə Ələkbər Sabir)

Yazıma yaxın 250 ildə Azərbaycanda süni intellekt əlavəli ictimai nəqliyyat vasitələrinin istehsal olunması və istifadəyə verilməsini xəyal edərək başlamaq istəyirəm. Sözün açığı, bilmirəm fikirlərim vətəndaşlarımıza nə dərəcədə faydalı olacaq, amma özlüyünüzdə bir düşünün, gələcəkdə Azərbaycanda bu cür marşrutlar fəaliyyətə başlayır və insanlar onun istifadə qaydaları ilə bağlı heç bir məlumata malik deyillər. Bu, məncə, tragik bir hadisə olardı.

Nə isə, süni intellektdən söz düşmüşkən, hazırda Çində ağıllı avtomobillər istehsal olunur. Həmin maşınlarda müasir funksiyalar quraşdırılıb. Məsələn maşına sadəcə “işə düş” demək kifayətdir ki, işə salınsın, “musiqini qoş” deməklə siz Musa Musayevin ifasında “Amo miyau” mahnısını dinləyə bilərsiniz, sadəcə onu çağırmağınızla yanınıza gəlməyi də bir olur... Daha sizə nə lazımdır? Hə, fikriniz aydındır, arzunuz həmin maşınlardan nəqliyyatda rahat şəkildə istifadə etməkdir... Düzü, bu, bir az çətin məsələdir. Lakin narahatlığa heç bir əsas yoxdur, yaxın gələcəkdə (təxminən yüz il ərzində) onun ölkəmizdə istifadəsi və yuxarıda qeyd etdiyim kimi iki yüz əlli il ərzində isə istehsalı düşünülə bilər.
Zarafat edirəm, əslində, gələcək üçün belə bir plandan konkret olaraq söhbət getmir. Ümumiyətlə, gəlin gələcəyi “Min bir gecə nağılları” kitabı kimi qatlayıb qoyaq bir kənara, əvvəlcə əlifbanı öyrənək, sonra həmin kitabı oxumağa başlayarıq.
Məlumdur ki, dünyada bir çox məşhur alimləri düşündürən çox vacib suallar olub. Məsələn, Dekartı narahat edən sual ona “əgər düşünürəmsə, demək, varam” – məşhur ifadəsi əsasında duran “Dekart fəlsəfəsi”nin əsasını qoymaqda yardımçı oldu, Nyutonun başına düşən alma onu düşünməyə sövq etdi və o, “Ümumdünya Cazibə Qanun”u kəşf etdi, Arximed fikirləşdi və “Evrika” – deyərək qışqırdı, nəticədə “Arximed qanunu” yarandı.
Bu baxımdan azərbaycanlı alimləri və yazı-pozu adamlarını elə indinin özündə də düşündürən zəruri bir məsələ var: “azərbaycanlılar niyə ictimai nəqliyyatdan, xüsusilə marşrut və metrolardan düzgün, mədəni şəkildə istifadə etməyi bacarmırlar?” – Etiraf edək, bu sual qarşısında uzun müddətdir aciz qalmışıq.

Bəlkə, həmin problemli sualı Nyu-York Elmlər Akademiyasında müzakirəyə çıxarsaq, yaxşıdır? – Yox, məncə, onların başı üçün deyil bu ağır, taleyüklü məsələ. Odur ki, öz problemimizi yenə özümüz həll etməyə məcburuq.

Gəlin, əvvəlcə müəyyənləşdirək, ictimai nəqliyyatdan, əsasən, marşrut və metrolardan daha çox əhalinin hansı təbəqələri istifadə edir?

- Sovet dövrünün qayda-qanunları üçün darıxan, daim gənc nəslin fərsizliyi və mərifətsizliyindən şikayətlənən yaşlı babalar;
- Həmişə əllərində daşıdıqları səbət və torbalarda nə olduğunu heç vaxt bilmədiyimiz xalalar və nənələr;
- Müəllimlər;
- Tələbələr;
-Taksiyə minməyə pulu olmayan, eyni zamanda, işə gecikən adamlar;
- Fikri-zikri hansısa qızın ardına düşüb, “xaamm, taannş olmağ olar?” – sualı ilə camaatın ömrünə paz olub, nömrə dilənən avaralar...

Lənət şeytana, vacib bir detalı yaddan çıxarmışıq. Dönə-dönə üzr istəyirəm sizdən! Şübhəsiz, marşrutun tez-tez öz bəxtindən gileylənən, “şoferliyin ən axırıncı peşə olduğunu” – əsaslı arqumentlər gətirməklə sübut etməyə çalışan, “valla, day səbrim tükənib e camahatın əlinnən”, “əşşi, belə də sənət olar?”, – deyib, – sonra da avtobusa 340 nəfəri yayın cırhacırında basabas dürtüşdürüb əlini qulağının dibinə qoyaraq digər əli ilə sükanı idarə edən və daim “Ana” muğamına qulaq asan sürücüsünü heç unutmaq olarmı? Böyük günah olar. Allah günahımdan keçsin!
Sözün düzü, mənim marşrutlarda xeyli maraqlı macəralarım olub. Danışsam, dastan olar. Baş ağrısı olmasın, birini istəyirəm sizinlə bölüşəm:

Bir gün kitab mağazasından çıxmışdım, evə tələsirdim. Yolda ins-cins gözə dəymirdi. Bir qədər getmişdim, bəxtimdən yolüstü bir marşrut keçirdi, birtəhər saxlatdırıb mindim, daha doğrusu, ayaq üstə durdum (marşrutun dalıyca qaçmadın, ayaq üstə durmadınsa, həyatın ləzzətini almamısan). İçəridə o qədər adam vardı ki, iynə atsan, yerə düşməzdi. Di gəl ki, sürücü hər dayanacaqda içəri yeni sərnişin almaqda davam edirdi. Arxadakılar təkidlə məndən qabağa getməyimi tələb edirdilər, qabaqdakılar da arxaya tərəf sıxlaşmağımı. Növbəti dayanacaqda bir neçə qız mindi. Bu zaman mənə göstərilən maddi-mənəvi təzyiqlər nəticəsində qeyri-ixtiyari irəli getməli oldum. Qəfildən yaşlı qadınlardan biri qayıdıb mənə nə desə yaxşıdır? Kök, qarabuğdayı, təxminən 45-50 yaşlarında olan xala kinayəli-kinayəli: – Ay bala, qızdar minir marşruta, mərifətün olsun, arxaya tərəf keç! – dedi.

Tfu, işə düşmüşük də, vallah, o an elə bil başımdan qaynar su tökdülər. “Mərifətün olsun” sözündən sonra istədim ki, həmin xalanı o dəqiqə avtobusdan yerə tolazlayam, sonra tez də bu fikrimdən daşındım. Özü-özümə düşündüm: – Əsəbləşmə, özünə gəl, İlkin, o axı Servantesi, Qoqolu, Turgenevi, Hüqonu oxumayıb, Puşkini, Lermontovu tanımır, onun heç "Çevrilmə" dən xəbəri də yoxdur. Ona görə də məni günahsız yerə ittiham etməyini bağışlamaq olar.

...Nəsə, nəzərə almaq lazımdır ki, belə hadisələr təkcə mənim başıma gəlmir. Ölkəmizdə bir çox insanların rastlaşdığı aktual problemlərdən biridir bu. Nə sürücü sərnişinlərlə yola getmir, nə də sərnişinlər sürücüləri başa düşmürlər. Bilmirəm nə dərd, nə bəladır?!
Hələ bir məsələ də var, tez-tez rastıma çıxır. Hansısa xanım marşrutda əyləşəndə, yanında yer boş olsa belə, görürsən ki, hansısa oğlan orada əyləşməyə ar edir, utanır, çəkinir. Qıraqdan pis başa düşərlər, “camaatın anası, bacısı var” – psevdofəlsəfəsi ona da sirayət edər deyə.
Biri də qayıdıb demir ki, onsuz kiminsə şorgözlük eləmək fikri olsa, bunu həmin xanımın yanında oturmadan da edə bilər. Normal adam kimi əyləşəndə, pis nə ola bilər?! Söz yox, tək-tük azıxantroplar da var, fürsət güdürlər... Amma bunu hər kəsə aid etmək düzgün analogiya deyil.
Bir də bəzi şüvən qadınlar da var ki, günahsız yerə sürücünü ağ yuyub qara sərirlər, sürücü də qadına qayıdıb adekvat olaraq dişinin dibindən çıxanı deyir, belədə də mərəkə qopur... Adam qıraqdan baxanda xəcalət çəkir... Vallah, rüsvayçılıqdır e.

Nə böyük bir problemdir axı, sürücü marşrut dolandan sonra içəri adam götürməsin, sərnişinlər də etika qaydalarına riayət etsin?! Niyə biz metrolarda, marşrutlarda kitab oxuyan adamlara nadir hallarda rast gəlirik?!
Hansısa dövlətdən ölkəmizin mədəniyyətini müşahidə etmək üçün gizli nümayəndə göndərsələr, ictimai nəqliyyatlarda bir az vaxt keçirməsi kifayət edəcək ki, bizim necə bir cəmiyyət olduğumuz gözündə canlansın. Əlbəttə, sözüm hər kəsə aid deyil. Amma əksər hallarda qeyd etdiyim kəm-kəsirlər adamı narahat edir.

Baxın, elə bütün bu sadaladığımız problemlərə görə bizə süni intellekt quraşdırılmış maşınlar yox, elə Sovetin dövründən qalma marşrutlarda gəzmək qalacaq.

# 1334 dəfə oxunub

Oxşar xəbərlər

Tramp məşhur qrupun ilham mənbəyi oldu

Tramp məşhur qrupun ilham mənbəyi oldu

11:30 24 aprel 2024
“Yadplanetli” filminin premyerası keçiriləcək

“Yadplanetli” filminin premyerası keçiriləcək

11:00 24 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 24 aprel 2024
Bakıda Qırğız kino günlərinin açılışı oldu

Bakıda Qırğız kino günlərinin açılışı oldu

10:09 24 aprel 2024
Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
# # #