Həmid Herisçinin dünyanı silkələyəcək tektonik silahın ixtiraçısı İkram Kərimovla reportajı

Həmid Herisçi

Həmid Herisçi

9 fevral 2023
# 15:00

Kulis.az Həmid Herisçinin yeni yazısını təqdim edir.

CƏNAB “X”

Balaca İbrahimin qoltuğuna topunu basıb, Nardarandakı səfalı bağımıza – yoldaşımla birgə dincəlməyə göndərmişəm.

Evdə tam tək-tənhayam.

Hərdənbir, tək-tük hallarda masam üzərindəki əl telefonumu qayınanamın narahat zəngi titrədir.

Telefonu götürməyə tələsmirəm.

Lap axırda insafa gəlib telefonu qulağıma sıxdım.

Qayınanamı, həmişəki kimi, mənim deyil, eyvandakı gülllərin taleyi maraqlandırır. Salamsız-kəlamsız keçir əsas mətləbə:

– Gülləri sulamısan? Yer-göy od tutub yanır. Cəhənnəmdi. Bax haaaa... yanıb solar eyyy bütün zəhmətimiz...

Qohumların, tanışların mənə qarşı bu soyuq, laqeyd münasibəti, düzü, öz istəyimcədir.

Artıq söz-söhbətlərə, nəm-nümlərə, adətən, çox da vaxt ayırmaram. “Növbətçi sual”ı eşidərkən, adətən, sir-sifətimi yamanca turşudaram.

Hərbiçilər sayağı qısa cümlələrlə, aydın danışmağı sevərəm.

Üstəlik, indi çox məşğulam – bütün dünyanı silkələyəcək tektonik silahın ixtiraçısı İkram Kərimov Həci oğluyla görüşə hazırlaşıram.

Başımı qaşımağa belə artıq vaxtım yoxdur, biləsiz haaa...

Mirzə Fətəli Axundov, özünün məşhur “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyasında, sübut etmək istəyirdi ki, tektonik, yəni zəlzələ yaradan silah, bəs guya fırıldaqçı dərvişlərin növbəti yağlı yalanlarından biridir, vəssalam.

Guya uydurmadır. Gopdur. Bəs gəlin bu cür şirin Şərq nağıllarına inanmayaq. Gəlin qarnımızı tutub gülək ey bu yalanlara, bu goplara. Şellənək ey özümüzçün hamının acığına səhərəcən...

Biz kimi dəlilərə elə balaca hay, qıcıq lazımdır – indiyədək bu cür möcüzələrə elə hey dayanmadan gülürük.

Kinofilmlər də çəkmişik bu komediyanın gic-gic motivləri əsasında. Əsəri məktəb dərsliklərinə salmışıq.

Zaman keçdi, dövran dolandı...

Günlərin birində bu iddianın, şit komediyanın tam tərs cavabını, tərs silləsini ünvanladı key sifətimizə.

Bəlli oldu ki, bəs azərbaycanlılar bircə kütləvi qırğın silahı icad ediblər bütün tarixləri boyu, bu da məhz zəlzələ doğuran tektonik silahdır!!!

***

Müasir Dərviş Məstəli Şah isə, gözünüzə su verib yaxşı-yaxşı baxın, bugünkü həmsöhbətim, azərbaycanlı alim İkram Kərimovdur – Milli Elmlər Akademiyası Seysmologiya Elmlər Mərkəzinin direktoru, tektonik silah ixtiraçısı!!!

Xülasə, qısası, qayınanamın bütün telefon xəbərdarlıqları əbəsmiş – eyvandakı şahanə gülləri, tərsliyə bir bax, sulamaq yenə də yadımdan çıxdı. İkram Kərimovun coğrafi koordinatlarını dincəldiyi füsunkar Zaqatala-Şəki meşələrində aşkarlayıb, eyvandakı gülləri yaddaşımdan tam sildim. Adambaşı hər sərnişinindən on manat qoparan dələduz sürücülərə qoşuldum.

Cumdum eyyy qalın, sərin Zaqatala ormanlıqlarına.

Bizimkilərlə yola çıxdınmı, hazır ol, yol boyu, ağrımayan başının gic-gic söhbətlərlə dolduracaqlar.

Ancaq mən, bu yol folkloruna əsla uymadım.

Əldəqayırma sürücüylə bir kəlmə söz belə bölüşməyib, nəticədə yazığı əməlli-başlı qorxutdum.

Yazıq, güzgüdəki sərt əksim bir cür çaşdırdı, əlimdəki, müəmmalı qara çantam bir başqa cür.

Zaqatalaya çathaçatda sürücüyə elə söz dedim ki, diksinib az qaldı sükanı əlindən qaçırsın:

– Əməliyyatdayam. Mən tərəfə yox... yola bax... – kənardan baxsan, deyərdin ki, bəs mən artıq kino çəkilişlərinə dəvətliyəm.

Digər sarsaq sərnişinin də, anında, qəfil hürküb məndən xeyli kənara çəkilməsi, bəli, yaddaqalan bir mənzərə həkk etdi yaddaşıma.

Yol haqqını üstlərinə atıb, sağollaşmadan, halallaşmadan eşiyə atılmağım hə, yazıqları lap tərlətdi.

Acı kinayəmi, uzun istehzamı gizlətmədim.

Sürücüyə gözlərimlə işarə ötürdüm ki, mühərrikini guruldatsın. Arxamca day çox da boylanmasın öz puç gözləriylə.

Bax bu yaşıl bağ-bağçanı isə birdəfəlik öz yaddaşından silsin tər-təmiz.

CİN

Taxta daxmadan çıxan ləng xidmətçinin çeçələ barmağının ucuyla, qulağını eşə-eşə, mən tərəfə gəlməyi bir xeyli vaxt aparsa da, düzü, buna çox da əsəbiləşmədim.

Zaqatala-Şəki bölgəsinin adətlərinə bələdəm, bilirəm ki, buraların öz adəti, öz fərqli zaman ölçüləri var.

Buraların dəqiq sərhədi, qədim hüdudları, əslində, Qəbələnin qədim, ecazkar Nic kəndindən başlayır.

O sərhədi adlayıb bəri tərəfə keçmək istəyirsənsə, gərək ürəyində bir qədim ovsunu hökmən təkrarlayasan.

Nic kəndinin adını əvvəlcə astaca pıçıldayıb, sonra lap axırda yan-yörənə diqqətlə, oğrun-oğrun baxasan.

Axırda bu kəlmənin tərs oxunuşunu daha yüksək səslə ətrafında dalğalandırasan:

– CCCİİİİİİNNNNNN!!! CİNNNNNNN...

Görəcəksən, anında sənə qarşı münasibət göz görə-görə necə dəyişir...

Necə sular tərsinə axır burda...

Necə antiqravitasiya qanunları işə düşüb, səni öz lam axarında tam yad, naməlum bir ünvana doğru sürükləyir...

Necə külək tərsinə tumar çəkir bu vaxt qədim ağacların başına... Addımların necə tərs istiqamətə dartır səni... Necə şəlalə qəfil geriyə axır...

Necə bütün kəlmələr tərsinə səslənməyə başlayır qulağında...

Necə...

Necə bütün söhbətlər burda özünə tam tərs məna qazanır.

***

İkram Kərimovla şirin söhbətimiz də bu cür qədim axarda, axıcı üslubda başlayıb xeyli davam etdi.

Verdiyim bütün sərrast suallara, alimin tərs cavablar qaytarmağı əvvəlcə məni üzsə də, şükür, tədricən bunun gizli mənasına alışdım. Bildim ki, İkram Kərimov kimi tam məxfi insanlar, ancaq bu cür davrana bilər adi adamlarla.

Dövlət sirlərini qorumaq barədə boynuna öhdəlik götürmüş olsaydım əgər, görünür, mən də, bəli, oxşarcasına Ezop... yoxx... İkram Kərimov dilində danışardım.

Qısa söhbətimiz bəs etdi ki, professorun təxmini portreti tezliklə beynimdə hazır olsun.

Gözlərində çox insaflı idi bu insan.

Hərəkətlərində isə hərdən, adi hay-küyçüydü sanki.

Şəxsi xoşbəxtliyi, deyəsən, heç yox idi, deyəsən, bu başı şlyapalı professorun.

Səməd Vurğunun “Şlyapalı bir iblisdir, ingilisdir, ingilistir” cümlələri də, bir anlıq beynimdə öz-özünə səsləndi.

Tektonik silah barədə ilk sadəlövh sualımı, fizika-riyaziyyat elmləri doktoru zarafat kimi qarşıladı.

Tərs cavab qaytardı mənə:

– Nə danışırsınız siz? Dünyada tektonik silah-zad yoxdur. Unudun gəlin bu mövzunu.

Kartofqarışıq ət qovurmasının yumşaq ətini mədəsinə ötürdü.

Ani təbəssümü gizlətmədi.

Yaddaqalan bir baxışla, gözlərimə ünvanlanıb:

– Saxalində – Yaponiyanın lap sərhədində işlədiyimiz vaxt çətinliklərimiz çox olardı, adətən. Özümü itirməzdim, cəld tərpənib kabab dəsgahı hazırlardım hamı üçün... Çayı da özüm dəmlərdim. Heyf, milli mətbəximizin əvəzini heç yerdə tapmadım – cümlələriylə diqqətimi daha ciddi mövzuya, Yaponiya sərhədindəki kabab seyrinə yönəltdi.

Qulağım söhbətimizdəydi, əllərim isə telefonumun fotokamerasını açmağa tələsirdi. Deyirdim, fürsəti boşa verməyib müasir Dərviş Məstəli Şahımızın bir neçə fotosunu, heç olmasa, tarix üçün qamarlayım.

Fotokameram təkrar-təkrar işıldayıb parıldadı.

Kadrlar, mexanik olaraq çərxə sarındı.

Şəkillər getdi telefonumun qalın paslı yaddaşına.

– Demək, Yaponiya sərhədində milli mətbəximiz üçün darıxmışdız? Neynirdiz bəs orda siz, əgər gizlin deyilsə?

Tüklü bir əl, bu vaxt cəld irəli atılıb telefonumu qapıb qapazladı.

Diktofon yazılarımı geri çəkərək pozdu, fotolarımı bircə-bircə sildi yaxşı-yaxşı. Qara eynəyini, iti burnu ucunda rahatlayaraq, əvvəlki duruş nöqtəsinə lal-dinməzcə qayıtdı.

Düzü, tək olmadığımızı ancaq indi aşkarladım.

Kəşfimi üz ifadələrimdə büruzə verməməli, soyuqqanlılığımı qətiyyən itirməməliydim.

Ən vacibi – bu barədə day artıq sual verməməliydim öz alim dostuma.

İkram Kərimov cangüdənini, deyəsən, heç görmədi də.

Qayıtdı bayaqkı yarımçıq sualına.

– Neynirdim Yaponiya sərhəddində? Heç nə... kabab bişirirdim...

Günəş qürub edib bir pillə də aşağı endi. Köşkümüzün qamış hörgüsü arasından sızan dəcəl günəş şüaları, eyni anda hər ikimizin gözlərini qamaşdırdı.

Araya əzan sədaları da girdi.

Masa üzərindən irəli dartınıb, professorun sağ qulağına mümkün qədər yaxınlaşdım.

– Məcazları, deyəsən, çox sevirsiz. “Kabab” sizin dilinizdə nə deməkdir görəsən, hə?

ARXADAN, YOXSAMI ALTDAN ZƏRBƏ

2011-ci ildə Yaponiya adalarında baş vermiş misilsiz zəlzələnin səbəbləri indiyədək çoxlarına tam aydın deyil.

Deyilənə görə, bu Fukuyama zəlzələsindən əvvəl Yaponiya ordusu Kuril adalarına hücum çəkməli, 1945-ci ildə itirdiyi bu köhnə ərazilərini geri qaytarmalıymış. Hücuma bir-iki gün qalmış ruslar bizim Dərviş Məstəli Şahı Saxalinə “kabab” bişirməyə dəvət edirlər. Rusiya Baş Ordu qərargahı generalları o günlər saat əqrəblərindən gözlərini heç ayırmır. Yaponlar da uşaq deyillər, qarşı tərəfin əks zərbəsinə həmişə hazırdılar. Axı hələ 80-ci illərdə Kadzuo Xamada adlı bir tumgöz casus, bizim İkram Kərimovun “Merkuri 18” əməliyyatı çərçivəsindəki elmi fəaliyyəti ilə maraqlanıb. Moskvaya, Bakıya ardıcıl səfərlər edib. Qısqanc Moskva alimlərinin köməyi ilə İkram Kərimovun bəzi araşdırmalarına yiyələnib.

Lakin, bizim dərvişin növbəti zərbəsini heç kim önləyə bilmir.

2011-ci il 11 mart tarixində İkram Kərimov Saxalində növbəti “kabab”ını bişirir. Şişləri səliqəylə düzür paslı manqal üzərinə. “Pravda” qəzetiylə manqaldakı közləri yelləyir.

Mənzərə, eynən Axundovun komediyasını xatırladır:

“Dərviş Məstəli Şah sağına-soluna üfürür, heybətli səs ilə divləri, ifritələri adları ilə çağırır, buyruq verir: “Ya Məlixa, ya Səlixa, ya Bəlixa! Qaldırın Yaponiyanı yerindən, vurun yerə, bu saatda necə ki, mən bu heykəli vurub zirü-zəbər edirəm... Yoldaş generallar, gözünüz aydın olsun, Yaponiya dağıldı! Razı oldunuzmu?”...

***

Uzaq Axundov dövründən ayrılaq.

Qayıdaq öz şoğərib zəmanəmizə.

Bayır divarına qəhvəyi döşəmə boyasıyla, qalın əhəng fırçasıyla “Kafe” yazılmış bizim xudmani, gizlin ünvana.

Növbəti sualım, artıq Nic kəndinin tərs qanunları əsasında hazırlanmışdı.

– Bəs indi hara “kabab” bişirməyə gedirsiz, İkram müəllim?

İkram müəllim, hiss olunurdu, qürbətdə yaşasa da, yerli cecə arağının dadını hələ unutmayıb. Cecəni növbəti dəfə dadmasa, sualımı cavablandırmağa özündə güc tapmayacaq.

– İndi Murmansk, Şimal dənizi tərəflərdə “kabab” bişirərəm mən.

İkram müəllim qədəhdəki son damladan, deyəsən, xüsusi ləzzət aldı.

– Noolub ki?

– Heç.

Cümləmin ancaq əvvəlini pıçıldayıb, ardını gözlərimin çox mənalı baxışları arxasında bir müddət gizlədim.

Dedim, qoy bir imtahana çəkim həm öz, həm İkram müəllimin dözümünü.

Səbrim çatmadı.

Mənalı sükut fasiləsindən, özüm də karıxdım.

– Buna görəmi uzaq İslandiya adasındakı qədim Bardanbunqa vulkanı təzədən canlanır yavaş-yavaş, hə? Budəfəki hədəfimiz Avropa qitəsidir, eləmi?

İkram müəllim özünü itirmədi.

Vaxtı uzadaraq saxsı küpdəki bulaq suyunu büllur qədəhinə süzdü.

– Kabab bişirmək həvəsimi kimsə önləyə bilməz, – onun gözləri bir söz danışırdı, ağzı tam başqa – yeraltı tektonik yarıqların, şəritlərin sxemini hələ uşaqkən bilirsizmi, harda öyrəndim?

Kafemizin ən uzaq küncündə qızğın siyasi söhbəti gedirdi.

Səs-küy, hay-həşir artıq gəlib bizim qulağımıza da çatırdı.

İkram müəllim bir an o söhbətləri eşitmək istədi elə bil.

Sağ çiyniylə, masadan kənara əyildi bir az.

Bayaqkı vacib sualını tam unutdu.

– Qəribədir, çayxana masası arxasında bizimkilər həmişə elə bil bir müvəqqəti hökumət qurarlar. Biri, misalçün siz kimisi, mütləq xarici işlər naziri olacaq, digəri müdafiə naziri... Bir başqası səhiyyə sahəsini özəlləşdirəcək elə bil...

– Bəs siz kim olardız, adətən, belə məclislərdə. Hə? – divardakı paslı mismara, gödəkcəmi tapşırıb, azadlığa çıxmış tam vücudumla, fizika-riyaziyyat professoruna tərəf əyildim.

Lal, hərəkətsiz duruşum bir-iki saniyə uzandı.

– Mənmi?.. Mən dərviş olmaq istərdim... Uşaqlıqda “Azdrama”da Axundovun Parisi dağıdan dərviş barədəki komediyasına baxarkən, bilmirəm niyə, vallah, o möcüzəyə inandım...

– Axırıncı dəfə nə vaxt baxıbsız bu tamaşaya? – sualım xatirələrə dalmış professoru diksindirib müasirliyə qaytardı.

– Nə vaxt Bakıya gəlsəm, teatr afişalarında bu komediyanın adını axtararam.

– Yaxşı, bayaqkı sualınızdan elə bil özünüz də qorxduz. Deyin, harda ilk dəfə aşkarladınız yeraltı tektonik qatları?

SARI BABA

Sonrakı hadisələr zaman-məkan sərhədlərini aşaraq, bizi lal kinemotoqraf dövrünə qaytardı elə bil.

İkram müəllim, sualıma cavab olaraq, oturduğu yerdən dik yuxarı atıldı.

Lal-dinməzcə xidmətçini səsləyib süfrəmizin haqqını artıqlamasıyla ödədi.

Sükut buzunu qırmadan məni, eşikdəki qara “Volqa 31”nə dəvət etdi.

Cangüdənə bircə lal işarə tam bəs idi – anında sürəti artırıb irəli cumdu. Dar döngələrdə təkərlər azca kənara sürüşdü. Sükanın ağırlığı, cangüdəni azca yordu.

***

Axşamdı. Səma qara buludlarla örtülü olsa da, günbatan tərəflərdə üfüqlər hələ ki tam açıqdı.

Günəşin son sarı işartıları, nəhəng Zaqatala ağaclarını min bir rəngə boyamaqdan doymaq nədi, bilmirdi. Şəhərin çıxacağındakı bir ziyarətgaha yaxınlaşdıq.

Ətrafı sarmış nəhəng sükutmu söndürdü mühərriki, yoxsamı sürücü?

Bunu, fərqləndirə bilmədim.

İncə mələk qanadları üstə, yaxınlaşdıq ziyarətgahın alaqapısına.

İkram müəllim taxta darvazanı sakitcə, astaca taqqıldatdı.

Uzaqlarda tək-tük pəncərələrin gözləri işıldasa da, bura qatı zülmət hakimdi artıq.

Darvazadan necə içəri girdiyimizə özüm də təəccübləndim.

Ayaqlarımın altını yaxşı görməsəm də, maneə bilmədən irəli addımlayırdıq.

Kor bir divar parçasına gəlib dirəndiyimiz vaxt, yadımdadı, İkram müəllim sallaq cibindən bahalı dördkünc alışqanını çıxardı.

Üstündəki fanarın düyməsini basıb, şüasını bircə kiçik nöqtəyə yönəltdi. Gördüyümün nə olduğunu çox gec anladım.

Aliminium fincandı.

Əyri paslı mismara keçirilmişdi.

İkram müəllim, həm daxilindəki, həm ətrafındakı sükutu pozmadan mənə tam yaxınlaşdı.

Astaca pıçıldadı...

– Azərbaycanın əsas tektonik yarığı bax bu Sarı baba pirinin altından keçir. Zəlzələ dalğalarını, bir-iki gün əvvəlcə bax bu yüngül aliminium fincan hiss edir. Vaxtaşırı titrəyir...

Fanarın zəif şüası, fincanı öz diqqət mərkəzində saxlayırdı.

Bir-iki dəqiqəmiz, ölülüb getdimi deyim, yoxsamı ötüb getdi? Düzü, nə fərqi var?

Alnımı tər zərrələri bəzədi.

Birdə gördüm ki, professor çiynimi silkələyir:

– Fikir ver... Fincan tərpəşir vaxtaşırı. Sabah zəlzələ olacaq mütləq... Beş bal civarında, təxminən. Gərək şəhərdəkiləri xəbərdar edək. Hələ kafedəykən bu titrəyişləri duymağa başlamışdım.

– Bu səbəbdənmi, bayaqdan hey susursuz, hə? – nəfəsimi fincandan kənara üfürüb, qaranlıqda professoru axtardım.

Əlini çiynimə qoymasaydı, çətin mən onu burda bir də tapaydım.

– Sabah gəl bura... Günorta vaxtı... Niyyət elə... dua oxu... Yağış yağsa, demək sən, doğrudan da, qələm sahibisən...

***

Vədələşdiyimiz vaxt – sabahkı gün hamıdan, o cümlədən, özümdən qorxa-qorxa gəldim təzədən elə həmin Sarı baba ocağına.

Ayağım altındakı zəif titrəyişləri duyub elə bildim professorun uşaqlıq vaxtlarını yenidən təkrarlayıram.

Aliminium fincan yenə öz yerində vaxtaşırı titrəyirdi...

İkram müəllim uşaqkən, eynən indi mənim kimi, görünür, bu ünvanda çox gəzibmiş...

Alimin dediklərini bir daha xatırlayıb qibləni göstərən alaca hücrəyə yaxınlaşdım. Ordakı bir-iki qəribə daşı tərpətdim... dua oxudum... niyyətimi səsləndirdim... Bir də gördüm ki, yağış əvvəlcə narın-narın yağmağa başladı. Sonra yağışın şiddəti artdı.

Pencəyimi başıma keçirərək çıxışa doğru qaçmağımın heç bir xeyri olmadı. Tam islanmışdım. Üz-gözümdən, çənəmdən su damcıları süzülürdü...

İstədim təzədən bir də astaca “Nic” kəlməsini pıçıldayıb, sonra onu tərs oxunuşda “Cin!!!” hayqırtısına çevirim. Gücüm çatmadı ancaq buna.

***

Ətrafımdakıları, bir an aldadıcı ilğım bildim. Hətta dünən görüşdüyüm İkram müəllimi də.

# 2735 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #