"Gənc yazarlar xalqı aşağılayırlar"

"Gənc yazarlar xalqı aşağılayırlar"
13 oktyabr 2023
# 10:30

Kulis.az Həmid Herisçinin "Uğursuzluqlarının səbəbini milli-mənəvi dəyərlərimizdə axtaranlar" adlı yeni yazısını təqdim edir.

Tarixi, bioqrafik mövzular çağdaş dünya ədəbiyyatında indi bir başqa cür işlənilir. Məşhur bioqrafiyaların, tarixi hadisələrin saxta-yalançı, aldadıcı versiyaları indi dünya yazarları arasında xeyli məşhurdur. Misal üçün, Napoleon Bonapartın yalançı, aldadıcı bioqrafiyaları indi kitab bazarlarında özünə xeyli alıcı toplayır. Azərbaycan yazarı isə bu vacib sahədə də gerilik nümayiş etdirir. Ənənəvi bioqrafiya janrından kənara çıxa bilmir. Tarixi mövzuları orta əsr mirzələri səviyyəsində həll edir. Daha doğrusu, orda heç nə həll etmir.

Vaxti ilə indiki ədəbiyyatımızı bu cür paketləmişəm: Müasir dünya oxucusu smart, yəni ağıllı mövzulara meyillidir. Müəlliflər indi öz əsərlərinin təkcə elə bədii tərəfi ilə kifayətlənmirlər. Elmi ixtiralar, smart texnologiyalar indiki bədii mətnlərdə geniş əks edilir. Ən yeni ixtiralar yazarların öhdəsinə alimlərdən sonra buraxılır. Yazarlar öz əsərlərində bu mövzuları həyatın sınağına buraxır, insan psixologiyasının süzgəcindən keçirirlər. Ancaq bu vacib sahə ədəbiyyatımızda hələ də pasportlaşdırılmayıb. İstisnalar var. Ancaq bu, razılaşın, yetərincə deyil.

“Qorxulu ədəbiyyat” janrı bəzi ədəbiyyatlarda önə sıçrasa da, Azərbaycan ədəbiyyatında buna layiq bircə nümunə belə tapa bilməzsiz. İnsanın, millətlərin qorxu kompleksləri, müxtəlif fobiyaları, misal üçün, Stiven Kinqin yaradıcılığında ön sıradadır. O, adi Amerika vətəndaşının şüuraltısındakı fobiyaları böyük məharətlə tapıb üzə çıxarır, ədəbi mətnə çevirir. Folklorumuzda bu cür “qorxulu nağılların” tək-tük nümunələri, bəli, mövcuddur. Ancaq yazarlarımızın biri belə bu vacib sahədə öz qələmini sınamayıb. Belə davam etsə, heç sınamayacaq da.

Keçək ədəbi “Dekonstruksiyalara”. Köhnə əsərləri söküb yeni məzmunda oxucuya təqdim etmə, indiki dünya ədəbiyyatının ən böyük nailiyyətidir. Bu innovatik cəhdlər də, kiçik istisnalarla, ədəbiyyatımızda gözə dəymir. Yazarlarımız, xüsusən gənclər, buna laqeyd münasibət sərgiləyir. Köhnə mətnlərlə işləməyi bacarmırlar. Halbuki tanış ədəbi mətnlərə ikinci nəfəs vermək bizə bu gün hava-su qədər lazımlıdır. Ədəbiyyatın oksigen ehtiyacı məhz burda yaradılır.

Fentezi janrı da yazarlarımız arasında qəti populyar deyil. Son 10 ildə yazarlarımız bircə fantastik mövzuya belə müraciət etməyiblər.

Ədəbiyyatımız hələ də çox millidir. Daha doğrusu, milli yox, əyalət mənşəlidir. Mövzuları arxaik, darıxdırıcıdır. Kənd mövzusunu qaçqın taleləri ilə əvəzləmək cəhdləri uğursuz görünür. Multikulturalizm ölkəmizdə geniş təbliq edilsə də, ədəbiyyatımızda özünü əks etdirmir. Misal üçün, məşhur Hind yazarı Salman Rüşdü “Qızıl ev” romanında Barak Obama Amerikasını gözəl təsvir edib. Üfüqlərdə görünən Tramp təhlükəsindən oxucularını bəri başdan məlumatlandırıb.

Bu cür öncəgörmə nümunələrini ədəbiyyatımızda axtarmayın. Yoxdu. Biz ancaq keçmişlərdə, köhnə mövzularda eşələnirik. Bizdə öncəgörmələr yox, keçmişi görmələr var.

Mistik, paranormal mövzular, yadplanetlilər barədə roman və hekayələr indi dünyada aparıcı mövzu olsa da, ədəbiyyatımız bu ədəbi trendlərə qarşı ağız büzməklə məşğuldu.

Müasir ədəbi trendlərlə ayaqlaşmayan gənc yazarlarımız çıxış nöqtəsini Cəlilə, Axundova, Sabirə qayıtmaqda görür, Poçt qutusu, Novruzəli kimi köhnə mövzuları yenidən dirildirlər. Ancaq bu, plagiat təsiri bağışlayır.

Dünya ədəbi trendləri bu vaxt qalır bir kənarda. Azərbaycana gətirilmir. Gənc yazarlar özlərini Sabir, Cəlil, Axundovla səhv salaraq girişirlər xalqı aşağılamağa. Öz uğursuzluqlarının səbəbini milli-mənəvi dəyərlərimizdə axtarırlar.

Bu kor dalanın sonunda işıq varmı? Əlbəttə, var. Dünya ədəbi prosesinə diqqətimizi artırmalı, müasir trendləri Azərbaycana gətirməliyik.

# 5169 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #