Etimad Başkeçid: "Ədəbiyyatın məktəb proqramından çıxarılması..."

Etimad Başkeçid:  "Ədəbiyyatın məktəb proqramından çıxarılması..."
9 fevral 2025
# 10:49

Kulis.az Etimad Başkeçidin yeni yazısını təqdim edir.

Ədəbiyyatın məktəb proqramından çıxarılması və ya fakültativ şəklində tədrisi ilə baglı dünyanın ayrı-ayrı yerlərində fikirlər səsləndirilməkdədr..

Əslində bu məsələnin çox uzun tarixi var. Dünyanın ən böyük filosoflarından sayılan Platon ümumiyyətlə şairləri (o vaxtlar faciə və komediyalar da nəzmdə yazıldığı üçün, bütün ədəbiyyatı şairlər təmsil edirdi,) öz virtual dövlətindən qovmaq istəyirdi. Deyirdi ki, ədəbiyyat dərrakəyə, şüura istinad etmədiyi üçün cəmiyyətə ziyan vurur. Platon rasional və sərt sosial praqmatizmlə uyuşmayan Homerin poemalarını belə senzuraya məruz qoyulmasının tərəfdarıydı. Axı əyyaşlıq edən, oğurluqdan çəkinməyən, bir-birinə kələk gələn, günahsız insanların başına min oyun açan, hətta öldürən və s. tanrıların nümunəsində necə sağlam nəsil yetişdirəsən?

İslam doqmatikasında da şairlərə münasibət birmənalı deyil.

Bu günlərdə oxuyuram ki, Rus Pravoslav Kilsəsinin yüksək çinli ruhanisi, ixtisasca filoloq olan bir protoirey Buninin «Qafqaz», Çexovun «Sevgi haqqında», Kuprinin «Yasəmən kolu» kimi əsərlərin hansısa mülahizələrlə dərsliklərdən çıxarılmasını tələb edir. Ona başqa ruhanilər də dəstək verir. Təbii ki, bu gedişlə totalitar düşüncəyə xas başqa bu tip təşəbbüslər də irəli sürüləcək. Bunlar ədəbiyyatı «vintcik və təkərcik» kimi görmək istəyən Lenin babanın xələfləridir.

İnsaf naminə deməliyik ki, bir çox sosial araşdırmaçılar və ya onların dəstəkçiləri də bənzər fikirlər səsləndirir. Onların dediyindən belə qənaət hasil olur ki, uğura, sosial komforta çatmaq istəyi ilə ədəbiyyat sevdalısı olmaq bir araya sığmır, hətta bir-birinə zidd məsələlərdir. Nümunələrin mütləq əksəriyyəti bunu göstərir. Bundansa tətbiqi əhəmiyyəti olan digər yaradıcı fənnlərə üstünlük vermək lazımdır.

Belə baxanda, doğrudan da, qarıları baltalamış Raskolnikovun motivləri haqqında saatlarla, günlərlə baş sındırmaq orta məktəb şagirdinin nəyinə lazımdır? Pul üçün öldürüb də! Yaxud «İdiot»un qəhrəmanı Nastasya Filippovna niyə Roqojinin pullarını oda atıb yandırıb?

Bunu araşdıran və alim adı alan müxtəlif fikirli, vacib görkəmli sənətkarların hamısının yazılarını oxumaqla nə əldə edirsən?

Sən inşalar yazırsan, dərsdənkənar məşğələlərə qatılıb, müəllifin nə demək istədiyini araşdırırsan, dərnəklərə yazılırsan, hansısa proyektlərdə iştirak edirsən. Bir gün ayılırsan ki, yaş qırxa çatıb, ontoloji məsələlərlə o qədər uğraşmayan tay-tuşların oğul-uşaq sahibidir, öz həyatını qurub, səninsə nə iqtisadiyyatdan, psixologiyadan, nə də siyasətdən başın çıxır. Əvəzində alternativ, evfemer, mövcud olmayan nəsnələr üzrə mütəxəssissən və çox zaman heç nəyin yiyəsisən. Yəni hər şey qədərində yaxşıdır…

Ədəbiyyatın bir fənn kimi nə vaxtsa məktəb proqramından çıxarılacağına inanmıram. Çıxarılsa belə, indiki internet və kommunikasiya texnologiyaları dövründə mənasız iş görmüş olacaqlar. Onsuz da, çox zaman orta məktəblərdə insanları ədəbiyyatdan iyrəndirməklə məşğul olurlar.

# 3613 dəfə oxunub

Oxşar xəbərlər

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr”  sənədli filminin premyerası oldu

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası oldu

13:10 4 noyabr 2026
Səməd Vurğunun  əmisi nəvəsi bıçaqlandı

Səməd Vurğunun əmisi nəvəsi bıçaqlandı

12:54 4 noyabr 2026
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

12:14 4 noyabr 2026
"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..."  - İngilis mütəfəkkirdən sitatlar

"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..." - İngilis mütəfəkkirdən sitatlar

12:00 4 noyabr 2026
Məşhur müğənni azadlığa buraxıldı

Məşhur müğənni azadlığa buraxıldı

11:30 4 noyabr 2026
Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

11:15 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər