Əsərləri ABŞ muzeylərində saxlanılan azərbaycanlı rəssam - Günün tablosu

Əsərləri ABŞ muzeylərində saxlanılan azərbaycanlı rəssam - Günün tablosu
25 avqust 2025
# 11:00

25 avqust Xalq rəssamı Xalidə Səfərovanın doğum günüdür.

Kulis.az bu münasibətlə rəssamın həyatı, yaradıcılığı haqqında maraqlı faktları və onun müəllifi olduğu "Xalça toxuyanlar" tablosunu təqdim edir.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Xalidə Səfərova 1926-cı ildə Gəncə şəhərində anadan olub.

Erkən yaşlarından incəsənətə maraq göstərib, bu sahədə peşəkar təhsil almağa qərar verib.

1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub.

Təhsilini başa vurduqdan sonra Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub və 1949–1955-ci illərdə bu ali məktəbin rəssamlıq fakültəsində təhsil alıb.

Rəssam ilk uğurunu tələbəlik illərində qazanıb. Diplom işi olan “Cəbhədən gələn məktub” və daha sonra Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasına çəkdiyi illüstrasiyalarla diqqət mərkəzinə düşüb.

Bu əsərlər Paris və Praqa şəhərlərində keçirilən beynəlxalq festivallarda nümayiş etdirilib, yüksək dəyərləndirilib.

1946-cı ildə tanınmış rəssam Mahmud Tağıyev ilə ailə həyatı qurub. Onların oğlu Əkrəm Tağıyev Azərbaycan kinematoqrafiyasında tanınmış kinooperator kimi fəaliyyət göstərib.

Xalidə Səfərova yaradıcılığında əsas yer tutan janrlar natürmort və peyzaj olub. Gül motivlərinə xüsusi maraq göstərib, bu mövzuda silsilə əsərlər yaradıb. “Zinya çiçəyi”, “Nar çiçəyi”, “Bahar çiçəkləri”, “Monmartr gülləri” kimi rəsmləri sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

1947-ci ildə Mahmud Tağıyev ilə birgə Bakıda ilk sərgisini açıb.

Soldan sağa: Səttar Bəhlulzadə, Xalidə Səfərova və Mahmud Tağıyev

Həmin sərgidə 70-ə yaxın rəngkarlıq və qrafika əsəri, 150-dən artıq etüd və eskiz təqdim edilib. Sərgidə “Üç palıd”, “Bağda natürmort”, “Yağışdan əvvəl” və digər əsərlər nümayiş olunub.

Onun portret janrında yaratdığı rəsmlər də sənət aləmində xüsusi yer tutub. Balet ustası Leyla Vəkilovanın, rəssam Maral Rəhmanzadənin və həyat yoldaşı Mahmud Tağıyevin portretlərini işləyib. Bu əsərlərdə modellərin xarakterini və daxili aləmini uğurla ifadə edə bilib.

1960-cı illərdə idman mövzusuna müraciət edib. “Gimnastlar”, “Velosipedçi”, “Çövkən”, “Futbolçular” kimi çoxfiqurlu kompozisiyalar ərsəyə gətirib. Bu əsərləri ilə qadın rəssam kimi idman janrında çalışmaqda pioner sayılıb.

Azərbaycanın müxtəlif bölgələrinə səyahət edərək kənd mənzərələrini və gündəlik həyat səhnələrini rəsmlərinə köçürüb. “Alma yığan qız”, “Yağışdan sonra”, “Dumanlı səhər”, “Çəmənlikdə bahar” kimi tablolarında təbiətin gözəlliklərini və sadə insanların həyat tərzini əks etdirib.

1970-ci illərdə “Mənim diyarım” adlı triptix üzərində işləyib. Bu əsərin “Bürkü”, “Səhər” və “Axşam” adlı hissələri birgə təqdim olunaraq maraqla qarşılanıb.

1985-ci ildə Fransaya səfər edib. Səfər zamanı Sena sahilində, Provans düzənliklərində və Paris küçələrində eskizlər işləyib. “Provansda payız”, “Marsel limanı”, “Arl kafesi”, “Bənövşəyi gecə”, “Notrdam kilsəsi” kimi əsərlərlə fransız təbiətinə və memarlığına öz bədii münasibətini ifadə edib.

Xalidə Səfərova həm ölkə daxilində, həm də xaricdə bir çox sərgilərdə iştirak edib.

Əsərləri Rusiya, Polşa, Macarıstan, Türkiyə, Əlcəzair, İsrail kimi ölkələrdə nümayiş olunub.

İşləri ABŞ, Almaniya, Çexiya və digər ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılıb.

Onun fərdi sərgiləri 1947, 1980, 1984, 1988 və 2002-ci illərdə təşkil olunub. 1989-cu ildə Azərbaycan SSR Xalq Rəssamı fəxri adına layiq görülüb.

Xalidə Səfərova 2005-ci il dekabrın 23-də Bakıda vəfat edib. Onun zəngin yaradıcılığı bu gün də Azərbaycan incəsənətinin dəyərli irsi kimi yaşadılır.

# 213 dəfə oxunub

Oxşar xəbərlər

Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli  aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

15:00 25 avqust 2025
90-cı illərin  məfkurə məsələsinə konseptual yanaşan alim  - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

90-cı illərin məfkurə məsələsinə konseptual yanaşan alim - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

14:55 25 avqust 2025
Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

14:20 25 avqust 2025
"Rammstein"in solisti   Moldovada psixiatrik xəstəxanada

"Rammstein"in solisti Moldovada psixiatrik xəstəxanada

13:50 25 avqust 2025
Cəmi 24 yaşında doktorluq dərəcəsi alan, adı nasizmlə əlaqələndirilən dahi filosof

Cəmi 24 yaşında doktorluq dərəcəsi alan, adı nasizmlə əlaqələndirilən dahi filosof

13:00 25 avqust 2025
Vudi Allen:   "Süni intellektin səhvsizliyi onun çatışmazlığıdır"

Vudi Allen: "Süni intellektin səhvsizliyi onun çatışmazlığıdır"

12:15 25 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər