Əmilər, sizə nifrət etmirik! - Nəsillərarası toqquşmanın səbəbi

Əmilər, sizə nifrət etmirik! -  Nəsillərarası toqquşmanın səbəbi
14 avqust 2025
# 12:00

Kulis.az Malik Atilayın "Əmilər, sizə nifrət etmirik və yaxud yenə nəsillərarası toqquşma" yazısını təqdim edir.

Qalın-qalın kitablarının, rəngli-rəngli üzlüyü dünya ədəbiyyatının pəncərəsindən boylanmağını keçdim, heç öz ədəbiyyatımıza da işıq salıb, ağırlığını ortaya qoymasa belə, ən azından yaxın qohumlarının evindəki servantda qaranlıq gecələrdə bərq vururdu.

Sizə kimdən deyim, kimdən danışım ? Əlli beş yaşı haqlayıb, əlli boş kitab müəllifi olan şair əmilərimizdən. Füzuli , Seyid Əzim , Səməd Vurğun mirasını hələ də şeirlərində yaşadan əmilərimiz nədənsə həmişə gənclərə qarşı əsəbi olurlar.

Onların fikrincə, şeirlərindən naftalin iyi gəlməyən bizlər nə sözün şamına pərvanə ola bildik, nə sazın telinə mizrab.

Evdə arvad yeməyi duzsuz bişirib? Gözlə, bir cavan şair tapıb heyfini çıxsın.

İlham mələyi bu gecə yolları səhv salıb ? Gözlə, bir cavan şair tapıb heyfini çıxsın.

Fəxri adlar sırasına adı yazılmayıb ? Gözlə, bir cavan şair tapıb heyfini çıxsın...

Ustadlar çeşməsindən su içən bu gözəl insanlar, inadla gənclərin daima onlardan məsləhət almalı olduğunu düşünürlər. Çünki özləri hər zaman belə ediblər.

Çünki onların zamanında söz demək istədinsə, əvvəlcə bir ustadın qılıncının altında keçməli, sonra illərlə yan-yörəsində fırlanıb kölgəsində böyüməli idin.

Və əgər bir gün bu “əmi şairlərdən” biri səni ədəbi dairələrdə "tanıdardısa", bil ki, artıq sən də o irsə qatılmış sayılırdın. Əlbəttə, öz adınla yox, “filankəsin yetirməsi” kimi.

İndi isə biz – bu yeni nəsil – o ustad iradəsinə boyun əymədik deyə, özümüzə ustad deyil, şeirlərimizi oxuya biləcəyimiz dostlar tapdıq deyə - yazdıqlarımızın poeziya yox, sosial şəbəkələrdən gəlmiş söz yığını olduğunu düşünürlər.

Sanki onların şeiri kürsüdə oxunduğu üçün poeziyadır, bizimki telefonda paylaşıldığı üçün deyil.

Bu adamlar elə bil içlərində qırx illik bir rəsmi titula çatmayan ambisiyanın dağarcığını daşıyırlar və o dağarcığın ağırlığını hər dəfə bizə tərəf atırlar. Günah keçisiyik axı...

Bizi kökdən qopmaqda ittiham edən əmilərə demək istəyirəm ki, o “kök” ki, onu durmadan qazıb-naftalinlə sulayırsan, onsuz da canlı qala bilməz. Sənin kökünə toxunmadan, öz yolumuzu tapmaq istəyirik.

Amma sən o kökü bizə ip kimi dolayırsan – bir ucu klassikaya, bir ucu da öz gileyli təqaüdçü statusuna bağlı.

Bu əmilərin dünyasında ədəbiyyat bir klubdur – bura giriş üçün yaş məhdudiyyəti var, tanışlıq şərti var, yerlilik qanunu var. Yoxsa sən hara , onlar hara...

Onların qəzəbi, bəlkə də, bizi qorxutmalı idi. Amma indi bizə gülməli gəlir. Çünki o qəzəbin içində bir zamanlar özlərinin yaşadığı inamsızlıq, tanınmaq istəyi, qiymət gözləntisi var.

Bizim yazdıqlarımızı oxuyurlar, bəyənmirlər, amma yenə də oxuyurlar. Bu, tənqid yox, inkarın öhdəsindən gələ bilməyən susqun həsrətdir.

Gözümüzü dikmişik uzaqlara, ora nə hansısa müəllim-şairin portreti asılıb, nə də yazdıqlarımızın boyuna kəfən ölçməyə hazır kimlərsə durub.

Biz bu sərbəstliyi sevirik. Şeir artıq ancaq vərəqdə yox – qəhvə qoxusunda, tramvay səsində, qapı arxasından eşidilən ahəngsiz musiqidədir.

Əziz əmilər, biz sizə nifrət etmirik. Əksinə, sizi oxuyuruq. Sadəcə, sizə oxşamaq istəmirik. Və bu, bizə görə günah deyil.

# 151 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan və Özbəkistanın birgə mədəniyyət  turu təşkil olunacaq

Azərbaycan və Özbəkistanın birgə mədəniyyət turu təşkil olunacaq

13:30 14 avqust 2025
Di Kaprio İbizada polis tərəfindən yoxlanılıb

Di Kaprio İbizada polis tərəfindən yoxlanılıb

13:23 14 avqust 2025
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi

Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi

13:16 14 avqust 2025
"Oskarlı" aktyorun yeni filmi yayımlandı

"Oskarlı" aktyorun yeni filmi yayımlandı

13:10 14 avqust 2025
Kamal Abdullanın “Seçmələrin Seçməsi – Qranulalar” kitabı Almaniyada nəşr olundu

Kamal Abdullanın “Seçmələrin Seçməsi – Qranulalar” kitabı Almaniyada nəşr olundu

13:00 14 avqust 2025
"Cheltenham" Ədəbiyyat Festivalı keçiriləcək

"Cheltenham" Ədəbiyyat Festivalı keçiriləcək

12:36 14 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər