Əgər tənqid bizdə söyüş hesab edilirsə... - Elvüsal Məmmədov

Əgər tənqid bizdə söyüş hesab edilirsə... - Elvüsal Məmmədov
29 may 2025
# 09:35

Kulis.az fəlsəfə doktoru Elvüsal Məmmədovun "Tarixin doqmalaşdırılması və "epoxe" prinsipi haqqında" yazısını təqdim edir.

Ümumiyyətlə, tarix, xüsusən, İslam tarixində baş vermiş hadisələri tək bir aspektdən izah etmək elmi yanaşma deyildir.

Belə reduksionist yanaşma ancaq rəsmi, yaxud ideoloji tarix anlayışında müşahidə olunur.
Odur ki İslam tarixinə:
a) dini;
b) sosial-mədəni;
c) siyasi-ideoloji amillərin rol oynadığı tarix kimi baxmaq lazımdır.

Müsəlman tarixşünaslığı, hər şeydən əvvəl, ideolojidir, sektant məzmundadır, reduksionist yanaşmanın məhsuludur. Elmi-akademik yanaşmanın meydana çıxdığı Yeni Dövrdən sonra Müsəlman dünyasında tarixə münasibətin reduksionist-sektant müstəvidən kompleks-akademik müstəviyə daşınması, çox təəssüf ki, böyük ölçüdə baş vermədi. Hələ də bu gün tarixə sülalə salnaməçisi, məzhəb mirzəsi, keçmişin apologetiki gözü ilə baxıb siyasəti, ideologiyanı, praqmatizmi doqmalaşdıran şəxslər mövcuddur.

Əlbəttə ki, kütlə, ideoloqlar, siyasətçilər, funksionerlər tarixə ideoloji yanaşacaqlar, - bu, haradasa, başadüşüləndir və gerçəkdir. Amma özünə ziyalı deyən, araşdırma işində akademik-elmi metodları əsas götürən kimsələr üçün bu hal yolverilməzdir. İdeoloji-reduksionist yanaşmanın doğurduğu çatışmazlığı, əlbəttə ki, fenomenoloji metodla aradan qaldırmaq mümkündür. Çünki bu metod tədqiqatçıdan tələb edir ki, hadisələri (fenomenləri) əvvəlcədən müəyyən edilmiş zehni qəliblərə (stereotiplərə) təhkim etməsin; qoy hadisələr özləri haqqında özləri danışsınlar. Bəli, əsl ziyalı, tarixçi, şərqşünas bu metodun zəruri etdiyi “ayaqsaxlama” (epoxe) prinsipinə əməl etməlidir. Bu prinsip tələb edir ki, hər hansı tarixi fenomen (hadisə...) öz məzmunu daxilində izah olunsun, əvvəlcədən müəyyən edilmiş zehni qəliblər (stereotiplər) və təsəvvürlərdən imtina edilsin, sonradan formalaşdırılmış ideologiya, yaxud ideoloji klişelər kənara atılsın.


Bir sözlə, tarixə aidiyyəti olmayan prinsip və konsepsiyalar, paradiqmalar əsasında qiymət vermək tədqiqatçılara xas yanaşma olmazdı.

Unutmayaq, biz qəlbimizin duyğu və inanc labirintlərində özünə yer etmiş şəxsiyyətlərin qoyub getdiyi ideya və ənənələrin, həm də səbəb olduğu tarixi hadisələrin istənilən təftişinə son dərəcə həssaslıqla yanaşan cəmiyyətlərdə yaşayırıq.

Bizdə tarixən tarixi şəxsiyyətlər, sülalələr, tarix və tarixi hadisələr doqmalaşmış, istənilən tənqidə qapalı olmuşdur.

Əgər tənqid bizdə söyüş və həcv hesab edilirsə, tarix və tarixi proseslər sektant təfəkkürün diktəsi ilə tabu məzmunu kəsb etmişdirsə, onda bütün bunlar bizə başa salır ki, nə üçün hər şeyi bəzən açıq demək olmur, yaxud açıq deyilən sözə nə üçün bu qədər sərt reaksiya verilir...

Qoca Şərqin qeyri-dini sahələrdə dünyəviləşməsinə böyük ehtiyac vardır... Onda keçmişə görə indimizi müəyyən etməyəcək, gələcəyə köklənəcək, bir-birimizə güvənə, bununla da bütünləşə biləcəyik.

# 429 dəfə oxunub

Oxşar xəbərlər

Naxçıvan televiziyası peyk yayımına başladı

Naxçıvan televiziyası peyk yayımına başladı

11:30 30 may 2025
Zərifliyini itirdiyi üçün arvadından ayrılan yazıçı - Yaraşıqlı, amma vəfasız...

Zərifliyini itirdiyi üçün arvadından ayrılan yazıçı - Yaraşıqlı, amma vəfasız...

10:40 30 may 2025
Ceki Çan təltif olundu

Ceki Çan təltif olundu

10:00 30 may 2025
DokuBaku film festivalı - Sonuncu gün

DokuBaku film festivalı - Sonuncu gün

09:45 30 may 2025
Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında

Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında

09:12 30 may 2025
Şairlərimiz beynəlxalq festivalın laureatı adına layiq görülüb

Şairlərimiz beynəlxalq festivalın laureatı adına layiq görülüb

08:15 30 may 2025
# # #