"Əgər bir gün sən..." - Səməd Vurğun oğluna nə demişdi?

"Əgər bir gün sən..." - Səməd Vurğun oğluna nə demişdi?
4 sentyabr 2024
# 15:00

Kulis.az Xalq yazıçısı Yusif Səmədoğlunun Xalq şairi Səməd Vurğun haqqında yazdığı xatirələrindən bir hissəni təqdim edir.

"Yaxşı yadımdadır. Mən Moskvada tələbə ikən atam Moskvaya gəlmişdi. Mənim yaşadığım otaqda oturub çay içirdik. Birdən o məndən soruşdu:

- Son vaxtlar bədii ədəbiyyatdan təzə nə oxumusan? Mən cavab verdim ki, başım imtahanlara yaman qarışıb, təzə əsərləri oxumağa vaxtım yoxdur. Atam nəlbəkini stolun üstünə qoydu, külqabıdan sönmüş papirosunu götürüb yandırdı, dərindən bir neçə dəfə sümürdü. O, gözlərini qıydı. Mən başa düşdüm ki, atam əsəbiləşmişdir. Çünki o həmişə əsəbiləşəndə gözlərini qıyırdı. Atam başını buladı və dedi:

- İyirmi yaşında bir cavan deyəndə ki, təzə əsərləri oxumağa vaxtım yoxdur, tüklərim ürpəşir, - dedi. - A bala, necə yanı vaxtım yoxdur? İnsanda arzu olsa, həmişə vaxt tapa bilər. Mən sənin yaşında olanda, əlimə nə keçirdisə oxuyurdum. Bəzən səhərə qədər yuxusuz qalırdım.. Qəribə sözdür, vaxtım yoxdur...

Mən üzr istəyib söz verdim ki, bir də belə sözləri deməyəcəm.

Sonralar atam hər dəfə Moskvaya gələndə mən ona, necə deyərlər, oxuduğum əsərlər haqqında hesabat verirdim...

Bir dəfə yenə də Moskvada mehmanxanada ədəbiyyatdan, kitablardan söhbət edirdik. Atam söhbətin sonunda dedi:

- Eh, deyirəm, adamın imkanı ola, ucqar bir yerə çəkilib səhərdən axşama qədər oxuya. Ömür keçir, amma cild-cild kitablardan insanın xəbəri olmur...

İndi mən hər dəfə atamın kabinetinə ayaq basanda onun kitablar və bədii ədəbiyyat haqqında dediyi sözləri qulaqlarımda səslənir: "Oxu, bacardıqca oxu, oxumaqdan hələ heç kəs zərər çəkməyib...", "Mən dünya ədəbiyyatını varaqlamışam, amma yadıma düşəndə ki, bir kitab var, onu oxuya bilməmişəm, min dəfə heyfsilənirəm...". "Bu kitablar olmasaydı, mən indiyətən yazdıqlarımın heç yarısını da yaza bilməzdim...".

Bir hadisə ömrüm boyu yadımdan çıxmayacaqdır. Bakıya yay tətillərinə gəlmişdim. Axşam saat on bir radələrində, bilmirəm nə iş üçünsə atamın yanına - kabinetinə girdim. Mənim ayaq səslərimi eşidib o, başını qaldırdı. Mən onun yaşarmış gözlərini gördüm. Sözün düzü, özümü itirdim. Hələ indiyə kimi heç vaxt atamı gözüyaşlı görməmişdim. O məni yanına çağırıb əlində tutduğu "Hophopnamə"ni stolun üstünə qoydu və kövrəlmiş bir səslə dedi:

- Deyirəm, görəsən, Sabir yüz il yaşasaydı, dünyanın beli qırılardı? Eh, namərd dünya!.. Sən Sabiri oxumusanmı?

Cavab verdim ki oxumuşam.

- Oxu, həmişə oxu. Yoldaşlarına da de ki oxusunlar, - deyə atam bir an susdu, sonra əlilə kitab şkaflarını göstərdi.

- Bax, mən dünyanı tutub durmayacağam... Bu kitabların hamısı sənin olacaq. Əgər bir gün sən bu otağa girib kitablardan birini varaqlamasan, onu bil ki, mən qəbirdə də bundan xəbər tutacağam...

12 may 1957-ci il

# 3352 dəfə oxunub

Oxşar xəbərlər

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Rüşvət ittihamından sonra siyasi karyerası sona çatan filosof - O, Şekspirin əsərlərinin əsl müəllifidir?

Rüşvət ittihamından sonra siyasi karyerası sona çatan filosof - O, Şekspirin əsərlərinin əsl müəllifidir?

16:00 22 yanvar 2026
"Maşınları süni intellekt idarə etsə, yollarda qəza görmək çətinləşəcək"- Amin İbrahimi Əfruzi

"Maşınları süni intellekt idarə etsə, yollarda qəza görmək çətinləşəcək"- Amin İbrahimi Əfruzi

14:00 22 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər