Dünya çox anlaşılmaz və qorxuludur - Maya İmran

Dünya çox anlaşılmaz və qorxuludur - Maya İmran
26 dekabr 2024
# 17:30

Kulis.az Maya İmranın yeni yazısını təqdim edir.

25.12.2024 tarixində Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həyatını itirmiş insanların ruhuna dərin ehtiram və məyusluqla...

Təyyarə ilə sonuncu səyahətimdə uçuşun yarısında gözüyumulu bunları dedim əlini bərk-bərk sıxdığıma:

- Mən niyə heç sevə bilmədim Yerə göydən baxmağı? Bu mənzərə mənə bir boşluq, çəkisizlik, qeybə çəkilmək, yaşadığım, qurduğum hər şeydən qopub göyə qalxmaq, havada olmaq, heç yerə aid olmamaq, müəmma, sonu bilinməyən yolçuluq kimi görünür.

“Yazıçı damarın tutub, eniş edəndə bir yazı yazarsan, amma indi bunları düşünüb özünü həyəcanlandırma”, - dedi.

Susdum, çünki bu qorxunun böyük hissəsi çarəsizlikdən ibarət idi axı. Digər mövzularda qorxu hiss etdiyim bütün situasiyalardan uzaqlaşıram. Bir mübarizənin sonu mənim üçün qalibiyyət vəd etmirsə, buna əminlik hiss etmirəmsə, dərhal uzaqlaşıram. Amma həmin an olduğum yer, gördüyüm bəyaz sonsuzluq mənə həyat uğrunda sonunda qalibiyyət, yoxsa məğlubiyyət olacağı bilinməyən mübarizə kimi görünürdü. Düşündükcə gözlərimi bərk sıxır, yaxşı şeylər düşünməyə çalışırdım...

Evimizdə hansısa bir günü xatırlayıram, sonra sıradan bir gündən kiminsə etdiyi, ağlımın bir küncünə ilişib qalan bir zarafatı düşünürəm. Olduğum yeri düşünməmək üçün özümü xəyalən azdırıram. Amma həyəcandan ayaqlarım keyimiş, əllərim buzlamışdı. Bu mübarizəni yarıda kəsmək kimi şansım olsaydı... Yoxdu! Dərk edirəm ki, insan aid olduğu yerə - Yerə çatana qədər acizdir. Çünki o, yarandığından alır yaşamaq gücünü. (“O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı”. Hud surəsi, 61-ci ayə)

Çünki insan yerə yıxılanda təcrübə sayır, göydə yıxılanda faciə. Yerə yıxılsa da, beşiyinə düşür (“Məgər Biz yeri beşik etmədikmi?!” Nəbə 6), o, Yerdən küsmür, qorxmur, hər dəfəsində daha bərk basır addımını. Çünki, düşüncəsi belə dərk etməyə bəs edir: Göydən Yerə düşmək ölümdür, Yerdən yerə düşmək isə güclənmək.

Bu acizliyimi qova-qova barmağımı saatımın üzərində əqrəblə bərabər fırladırdım. Zaman ləngiyir, Yer bizdən çox uzağa getmişdi. Gözümü açıb arabir gözucu buludlara baxıram, uzaqlarda da torpaq görünmür... Həyata çox qalıb hələ.

Mənzərəsi qeyri-real, sirli və düşündürücüdür. Hər yer bəmbəyaz. Amma hər insanın köksünə sıxılan hündürlük qorxusu, görünür, ölümə yaxınlıqla bağlıdır. Axı deyirlər, ömür bitəndə cəsəd torpağa, ruhlar göylərə yol alır... Bəlkə, o üzdən göy, səma ölümü andırır, ona yaxın hiss etdirir. “Təyyarə qorxusu” çox absurd səslənmirmi? Axı təyyarə yerdə dayananda ondan heç kim qorxmaz. Amma göyün 7-ci qatında insana həyatın o birisi tərəfinə bir addım qalmış kimi hiss etdirər.

Düzdür, əcəl gəlibsə, insanı Yerdə tapmasa da, Göydə tapar. Amma yenə də Yerə endirib öldürər.

Həm də, Oşo belə deyirdi ki, əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl sizin canlı olub-olmamağınızdır.

Dərk etmədiyimiz kainatda dünya bölgüsü aparırıq, özümüzə adlar qoyuruq, mənalar yükləyirik, öyünürük, öyrədirik. Boylanırıq, atlanırıq. Yerin altından girib, Göyün 7-ci qatından çıxırıq. Mütləq ki, kənardan izləyib, zamanı gözləyən var...

Saata baxıram. Yerə qovuşmağa 40 dəqiqə qalıb - belə elan olundu. Gözümü təkrar yumuram, düşüncələrimə qaldığım yerdən davam edirəm.

Bircə dəfə edə biləcəyimiz həyat səyahətinin müddəti bir ömür sürəcək. O ömür də kimdəsə 25, kimdəsə 75, kimdəsə 50, 100, lap 105 olacaq. Amma hökmən o səyahət bitəcək. Bitəndəmi öləcək, öləndəmi diriləcək, bilmirəm. Bircə onu bilirəm ki, dünya deyilən yer çox anlaşılmaz və qorxuludur, hər ehtimala qarşı siz “kəmərlərinizi taxın” və özünüzü inandırın ki, “hər şey yaxşı olacaq!”

# 2674 dəfə oxunub

Oxşar xəbərlər

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

18:48 26 yanvar 2026
Televiziyalara xəbərdarlıq edildi - Səbəb

Televiziyalara xəbərdarlıq edildi - Səbəb

17:51 26 yanvar 2026
Paşinyan musiqi qrupu yaratdı

Paşinyan musiqi qrupu yaratdı

17:17 26 yanvar 2026
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

16:31 26 yanvar 2026
“İkinci həyat”  bədii layihəsi təqdim olundu

“İkinci həyat” bədii layihəsi təqdim olundu

16:05 26 yanvar 2026
Kamera qarşısında özünü “şah” sayanlar  - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

Kamera qarşısında özünü “şah” sayanlar - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

16:00 26 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər