Dostoyevskinin fədakar həyat yoldaşı - Onun hansı taktikası işə yaramışdı?

Dostoyevskinin fədakar həyat yoldaşı - Onun hansı taktikası işə yaramışdı?
9 iyun 2026
# 14:00

Bu gün rus memorist, stenoqraf, dahi yazıçı Fyodor Dostoyevskinin həm köməkçisi, həm də ikinci həyat yoldaşı Anna Dostoyevskayanın anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Rus ədəbiyyatının dahi siması Fyodor Dostoyevskinin həyat yoldaşı, köməkçisi və onun yaradıcılıq irsinin xilaskarı olan Anna Dostoyevskaya (Snitkina), sadəcə "böyük yazıçının kölgəsində yaşayan qadın" olmayıb. O, öz dövrü üçün inanılmaz dərəcədə güclü, praktiki zəkaya malik, ilk qadın sahibkarlardan və naşirlərdən biri idi.

Anna hələ gənc yaşlarından atasının sayəsində ədəbiyyata böyük maraq göstərirdi. O, gələcək həyat yoldaşı ilə tanış olmazdan çox əvvəl Dostoyevskinin əsərlərini heyranlıqla oxuyur, onun yaradıcılığına qiyabi olaraq aşiq idi.

Yeniyetməlik dövründə Pskovda istirahət edərkən 13 yaşlı Anna qəti bir qərarla monastıra getmək üçün evdən qaçmışdı. Lakin onun bu "müstəqillik" addımı uzun çəkmədi və ailəsi tərəfindən geri qaytarıldı.

Gimnaziyanı gümüş medalla bitirdikdən sonra Anna pedaqoji kurslara daxil oldu. Lakin atasının ağır xəstəliyi və ona qulluq etmək məcburiyyəti səbəbindən gələcək müəllimlik karyerasından imtina etməli oldu.

O, Rusiyanın ilk stenoqrafçı qadınlarından biri idi. Atasının vəfatından sonra ailəyə kömək etmək üçün Anna Peterburqda professor Olxovskinin yeni açdığı stenoqrafiya kurslarına yazıldı və oranı uğurla bitirən ilk qadınlardan biri oldu. Məhz bu peşə onu Dostoyevski ilə qarşılaşdırdı.

Dostoyevski naşir Stellovski ilə ağır bir müqavilə bağlamışdı: əgər 1 noyabr 1866-cı ilə qədər yeni roman təhvil verilməsəydi, yazıçı 9 il boyu bütün əsərlərinin müəllif hüquqlarını itirəcəkdi. Oktyabrın 4-də Anna yazıçıya kömək etməyə başladı. Onun sürətli stenoqrafiyası sayəsində "Qumarbaz" romanı cəmi 26 günə tamamlandı və yazıçı xilas oldu.

Onlar tanış olanda Annanın cəmi 20, Fyodor Dostoyevskinin isə 45 yaşı vardı. Yaş fərqinə və yazıçının xəstəliklərinə baxmayaraq, bu evlilik rus ədəbiyyatı tarixinin en etibarlı ittifaqına çevrildi.

Evliliklərinin ilk günlərindən etibarən Anna yazıçının keçmiş qohumlarının və ögey oğlunun təzyiqləri ilə üzləşdi. Dostoyevski vəfat etmiş qardaşının bütün borclarını öhdəsinə götürmüşdü. Anna ailəni bu yükdən xilas etmək üçün öz cehizini, hətta bəzi geyimlərini belə girov qoymalı olmuşdu.

Dostoyevski ağır epilepsiya xəstəsi idi. Anna xatirələrində yazırdı ki, nikahın ilk günlərində ərinin keçirdiyi şiddətli tutma onu dəhşətə gətirmişdi. O, gecələr qorxudan oyanır, ərinin nəfəs alıb-almadığını yoxlamaq üçün onun burnuna toxunurdu.

Xaricə etdikləri səfərlər zamanı Dostoyevski "ruletka" oyununun əsirinə çevrilmişdi. O, bütün pullarını, Annanın sonuncu isti yubkasını və nikah üzüklərini belə uduzurdu. Lakin Anna heç vaxt onu qınamır, əksinə, son qəpiyinə qədər ona sakitcə verirdi. Annanın bu sonsuz fədakarlığı və dözümü yazıçıda dərin peşmanlıq hissi yaradırdı.

Annanın bu "müqavimətsizlik" taktikası möcüzə yaratdı. 1871-ci ildə Visbadendə növbəti böyük uduzmadan sonra Dostoyevski daxilən təmizləndi və həyat yoldaşına yazdı: "Üzərimdə böyük bir möcüzə baş verdi, 10 ildir məni məhv edən o iyrənc fantaziya yox oldu". O, ömrünün sonuna qədər bir daha qumar oynamadı.

Bir gün Anna qadınların dözümsüzlüyü və hədəfə çata bilməməsi barədə Dostoyevski ilə mübahisə etdi. Öz arqumentini sübut etmək üçün o, ən ucuz albomu alıb gələn məktubların üzərindəki markaları toplamağa başladı. Bu hobbi onunla ömrünün sonunacan qaldı və o, Rusiyanın ilk tanınmış qadın marka kolleksionerlərindən biri oldu.

Anna xaricdə yaşadıqları dövrdə ailənin bütün xərclərini, ərinin psixoloji vəziyyətini və mübahisələrini stenoqrafik şifrələrlə qeyd edirdi. Bu qeydləri ondan başqa heç kim oxuya bilmirdi. Yalnız onun ölümündən illər sonra bu unikal şifrələr açıldı və dahi yazıçının gizli həyatı üzə çıxdı.

Anna anasının fin mənşəli köklərindən gələn praktiki zəkanı işə salaraq, vasitəçilərin - naşirlərin Dostoyevskini necə aldatdığını anladı. O, müstəqil şəkildə kağız bazarı və mətbəə işini öyrəndi. "Cinlər" romanından başlayaraq ərinin bütün kitablarını özü çap etdi və satdı. Bu, onu Rusiyanın ilk uğurlu qadın naşiri etdi.

Cütlüyün dörd övladı dünyaya gəldi: Sofiya, Lyubov, Fyodor və Aleksey. Lakin ilk qızları Sofiya cəmi 3 aylıq ikən, kiçik oğulları Aleksey isə 3 yaşında vəfat etdi. Bu itkilər ailəyə ağır zərbə vursa da, Anna ərini depressiyadan çıxarmağı bacardı.

Dostoyevski həyatının ən böyük və sonuncu əsəri olan "Karamazov qardaşları" romanını sonsuz minnətdarlıq əlaməti olaraq həyat yoldaşı Anna Qriqoryevnaya həsr etmişdir.

1881-ci ildə Dostoyevski vəfat edəndə Annanın cəmi 35 yaşı vardı. Gözəl və gənc olmasına baxmayaraq, o, ikinci bax evliliyi qətiyyətlə rədd etdi. Yenidən ərə getmək barədə suallara həmişə zarafatla belə cavab verirdi: "Dostoyevskidən sonra kimə ərə getmək olar? Bircə Tolstoy ola bilər, o da evlidir!"

O, dünyada ilk Dostoyevski Muzeyini yaratdı

Ərinin ölümündən sonra Anna özünü onun xatirəsinə həsr etdi. O, yazıçının bütün əlyazmalarını, məktublarını, şəxsi əşyalarını və mebellərini topladı. 1889-cu ildə Moskva Tarix Muzeyində Dostoyevski adına xüsusi xatirə otağı açdı və bura 1000-dən çox eksponat bağışladı.

Ədəbiyyatşünaslar yekdilliklə qəbul edirlər ki, əgər Annanın maliyyə idarəçiliyi, stenoqrafik köməyi və yazıçı üçün yaratdığı sakit yaradıcılıq mühiti olmasaydı, Dostoyevski borclar içində boğulacaq və "Cinlər", "Yeniyetmə", "Karamazov qardaşları" kimi şah əsərlər heç vaxt işıq üzü görməyəcəkdi.

Həyatının son illərində Anna Dostoyevskinin memuarları üzərində işləyirdi. O, 1918-ci ildə, Birinci Dünya Müharibəsi və inqilabın gətirdiyi xaos dövründə, Yaltada ac və baxımsız bir şəraitdə, malariya xəstəliyindən vəfat etdi.

Anna Yaltada vəfat edərkən ərinin yanında dəfn olunmağı vəsiyyət etmişdi. Lakin o dövrün çətin şərtləri buna imkan vermədi. Yalnız vəfatından 50 il sonra — 1968-ci ildə onun nəşi Yaltadakı qəbiristanlıqdan çıxarılaraq Sankt-Peterburqa, Aleksandr Nevski Lavrasına gətirildi və dahi həyat yoldaşının yanında dəfn olundu.

# 178 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkar qətlə yetirildi

Məşhur bəstəkar qətlə yetirildi

15:00 9 iyun 2026
30-a yaxın qadın onu günahlandırır - Məşhur fransız müğənni həbs olundu

30-a yaxın qadın onu günahlandırır - Məşhur fransız müğənni həbs olundu

13:30 9 iyun 2026
Vamiq Məmmədəliyev:  "Meyxanaçını efirə oxuyan kimi çıxardılar, səsi də yoxdur..." - Müsahibə

Vamiq Məmmədəliyev: "Meyxanaçını efirə oxuyan kimi çıxardılar, səsi də yoxdur..." - Müsahibə

13:04 9 iyun 2026
“Azərbaycanda yaşayan azsaylı xalqlar”  adlı virtual sərgi açıldı

“Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açıldı

12:30 9 iyun 2026
Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

12:00 9 iyun 2026
Pulitser mükafatı laureatı vəfat etdi

Pulitser mükafatı laureatı vəfat etdi

11:30 9 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər