Dolça bürcləri xəyanətə uğramağı sevmir

Dolça bürcləri xəyanətə uğramağı sevmir
19 fevral 2024
# 15:53

Kulis.az El Romanın "Qız bürcü" yazısını təqdim edir.

Astrologiya barədə bər-bəzəkli, uzun cümlələrlə danışmağın mənası yoxdur.

Astrologiya ulduz falçılığıdır, yerdə tapa bilmədiyini göydə axtarmaqdır.

"Yupiter iki dərəcə sağa, Neptun dörd dərəcə sola sürüşdü, deməli, oktyabr ayında doğulanların başına pis hadisə gələcək" kimi məntiqsiz yanaşmadan başqa bir şey deyil.

Bu günə kimi bəşəriyyətə heç bir faydası toxunmayan bu nağılın haqqını bir yerdə vermək lazımdır ki, adamın üstündə Allah var, öz sahəsində çalışan insanlara xeyli pul qazandırır. Yəni bu peşənin çörəyini yeyənlər də az deyil.

Ümumiyyətlə, astroloqların falçılardan bir fərqi var ki, bu da onların planetlərin adlarını əzbər bilmələridir, vəssalam.

Necə şərh olunduğu mənə maraqlı gəldiyi üçün izahlı lüğətdə "Astrologiya" sözünü axtaranda gördüm ki, sözün izahı - insanların və dövlətlərin taleyini guya qabaqcadan xəbər verən elm sahəsi; münəccimlik kimi verilib.

"Guya" sözünü ilk oxuyanda o qədər ləzzət etdi ki, cümləni təkrar-təkrar oxudum.

İşin gülünc tərəfləri həddindən artıq çoxdur.

Astrologiyanı ciddiləşdirən əsas amil onun sadəcə insanlara aid olunmasıdır.

Təsəvvür edin ki, bürclər heyvanlara da aid edilir. "Yanvar ayında doğulan itlər sadiq olur. İyunda doğulan itlərə bu ay aclıq hökm sürəcək, iyulda doğulan itlər üçün isə bu il göydən sümük yağacaq" desəm, sizə nə qədər inandırıcı gələr? Bəli, astrologiya nağılı da tamamilə bundan ibarətdir, başqa heç nə!

"Axı mən bürclər haqqında məlumatı oxuyub görürəm ki, eynilə məndən bəhs edir" deyən insanların necə tələyə düşdüklərini görəndə gülmək tutur adamı.

"Dolça bürcləri xəyanətə uğramağı sevmir" proqnozunu oxuyub inananlar , "bax, doğru deyir, xəyanətə uğramağı sevmirəm" deyərək bir növ tələyə düşdüklərini sübut edirlər.

Dolça bürcləri xəyanətə uğramağı sevmirmiş...

Elə bil, digər bürclər xəyanətə uğramaq üçün ölürlər, təkcə dolça bürcləri sevmir.

Bunlar məsələnin acı tərəfləri olsa da, əslində, şirin və məzəli tərəfləri də var.

Məsələn, nəbadə, kimsə qız bürcü olan oğlandan bürcünü soruşa. Yazıq məcbur qayıdıb deyəcək ki, "vallah, bürclərlə maraqlanan deyiləm". Qarşısındakı da beyninə qoyub ki, mütləq bürcünü öyrənməlidir. Eləmə tənbəllik, doğum gününü soruşacaq. Öyrənəndən sonra da qayıdıb oğlana deyəcək ki, "hə, sən qızsan".

Həmin o tank altda qalan, amma söz altda qalmayan oğlan da, özü seçə bilmədiyi bürcün hesabına qalacaq qırıla-qırıla.

Astroloqlar cəmiyyətdə müəyyən ağırlığı olan, söz keçirmək və yönləndirmək xüsusiyyətlərinə malik insan təbəqələrindəndir.

Hər nə qədər kələk və fırıldaqla məşğul olsalar da, bu fırıldaq təkcə digər insanlara qarşı deyil, həm də özlərinə qarşı olur.

Onlar bunun fırıldaq olduğunu bilsələr, bəlkə də etməzlər, sadəcə bu yalana özləri də inandıqları üçün sonuna qədər öz peşələrini müdafiə edib arxasında dururlar.

Həm də xeyli ağıllıdırlar. "Can nənə, bir nağıl de!" kütləsinə özlərini ciddi göstərərək hər ilin başı bir-iki abzaslıq məlumat verib deyirlər ki, "ömrüm-günüm, yat daha, hamısını indi desəm, nağıl qalmaz sabaha..."

# 3693 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur türk aktrisa vəfat etdi

Məşhur türk aktrisa vəfat etdi

10:15 9 oktyabr 2026
Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər