Damlaya açıq məktub - Vüqar Van yazır...

Damla, Vüqar Van

Damla, Vüqar Van

24 fevral 2023
# 14:40

Kulis.az Vüqar Vanın “Damlanın fabulası ətrafında” adlı yazısını təqdim edir.

Damlanı son günlər cəsarətli foto-sessiyasına görə tənqid edir, lağa qoyur, ələ salırlar.

Nədir-nədir dünya ulduzlarını təqlid edir, şəkillərin “rəy” hissəni bağlayır, müasirliklə tərbiyəsizliyi səhv salır, özünü biabır eləyir.

Damlanın ciddi, yoxsa qeyri-ciddi sənətçi olması qalsın sonrakı yazılara, əcəl aman versə, ondan da danışarıq. İşimizin adı nədir?

Amma Damlanın cəsarətli və yaradıcı foto-sessiyasını tənqid atəşinə tutan, ələ salan, sənətçini təhqir edən psevdo-intellektuallara, çuşkalara və tabuları ilə yaşayan qardaş-bacılarımıza balaca bir cavab versəm, yaxşı olar.

Damlaya açıq məktub

Əziz Damla xanım, vaxtınızı çox almayacağam.

Əvvəla, sizi cəsarətinizə, yaradıcılığınıza, son vaxtlar gördüyünüz işlərə və duruşunuza görə alqışlayır, ürəkdən təbrik edirəm.

Bir var iş görənlər, bir var iş görə bilməyənlər.

Sən ağzınla quş tutursan, oxuyursan, yazırsan, öyrənirsən, bu bozluqda fərqli nəsə ortaya çıxarmağa çalışırsan, onlar da sənin gördüyün işlərə kənardan tamaşa edib, o işlərdə “yelçəkən”, zəif bir nöqtə, incə bir nüans axtarır ki, ələ salsın, lağa qoysun, məzələnsinlər.

Həmişə belə olub.

Həmişə belə olacaq.

Siz qətiyyən təhqirlərə, mənasız və haqsız tənqidlərə, yayılan dedi-qodulara əhəmiyyət verməyin, buna görə narahat olmayın. Artıq bu təhqirləri və tənqidləri görməzdən, bilməzdən gəlin.

Özünüz öz haqqınızı tapdalamayın.

Hər kəs sizi sevə bilməz.

Hər kəsin sevə biləcəyi adam xaraktersiz insandır.

Bir gün bir adam cənnətə düşür. Mələklərə deyir ki, mən cəhənnəmi də görmək istəyirəm? Mələklər razılaşır, kişini cəhənnəmə gəzməyə gətirirlər.

Kişi görür ki, üç yekə qazan var. Biri alman, biri fransız, biri türk qazanı. Qazanların içində insanlar qaynayır. Alman qazananından kimsə dırmaşıb çıxmaq istəyəndə, qazanın yanındakı zəbani yabası ilə vurub, adamı içəri salır. Fransız qazanından kimsə çıxmaq istəyəndə də, eyni şey təkrarlanır. Türk qazanına çatanda kişi görür ki, qazanın yanında yabalı zəbani yoxdur, üstəlik, heç kim də qazandan çıxmağa cəhd eləmir. Deyir ki, halal olsun, öz cəzaları ilə barışıblar, kişi kimi də çəkirlər. Yanındakı mələk deyir ki, türk qazanından kimsə çıxmaq istəyəndə, onsuz da, qazandakı digər adamlar ayağında tutub aşağı dartırlar, bizə ehtiyac qalmır deyə, onlara fikir vermirik.

Əziz Damla xanım, biz peyğəmbərinin üstünə qoyun qursağı atılan, dahiləri lağa qoyulan, təmiz adamları rişxəndlə alçaldılan dünyada yaşayırıq.

Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu.

Siz hər zaman əlindən-dalından heç bir iş gəlməyən maymağın hədəfində olacaqsınız.

Bu yazını da ona görə yazıram ki, narahat olmayasınız.

Onlar da özünü belə yada salır, belə ifadə edir, kiminsə uğursuzluğunu görəndə iştahları açılır, şəkər-təzyiqləri qaydasına düşür, özlərini yaxşı hiss edirlər.

Allah eləməmiş, bir gün onlara iş görən, cəsarətli adamlar haqqında nə gəldi danışmaq qadağan olunsa, onlar ölə bilər.

Dediyim kimi, hərə öz işini görür və görməlidir.

Sizə uğurlar və hörmətlər.

Vüqar Van.

# 5494 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər