Çörək pulu qazanan oğlanla məzələnənlər

Çörək pulu qazanan oğlanla məzələnənlər
22 avqust 2024
# 12:00

Kulis.az Ülvi Bahadırın "Kuklalar və şəhərlər" adlı yeni yazısını təqdim eləyir.

Artıq şablonlaşmış bir fikir var ki, bəs sosial şəbəkələr - konkret olaraq tiktok - cəmiyyəti uçuruma aparır.

Hətta qadağan olunmasını istəyirlər.

Qınamıram, qadağa düşüncəsi ilə böyüdülən adamların xoşuna gəlməyən şeyləri qadağan eləmək istəyi son dərəcə təbiidir.

Problem sosial şəbəkələrdə yox, cəmiyyətlərdədi.

Cəmiyyət necədirsə, onun olduğu sosial şəbəkə də elə olur.

Çünki tiktok güzgüdür.

Biz necəyiksə, o da elədir.

Tiktok özündən vətəndaş yetişdirmir.

Sadəcə, daxilən keyfiyyətsiz olan, cəmiyyətin təzyiqi ilə davranışlarını rəndələyən adamlar tiktok cənnətinə düşdülər və üryanlaşdılar.

Məsələn, elə götürək bu gün qabağıma çıxan videonu.

“Limonçik Əli” adlı bir sosial media fenomeni küçədə cizgi-film qəhrəmanının geyimində pul qazanan oğlanı öz balaca, cılız dünyasında təhqir eləyib.

Adam kuklanın başını çıxarıb zibil qutusuna atıb.

Bu 10-15 saniyəlik video tiktokun ölkəmizdəki vəziyyətini açıqca göstərir bizə.

Onsuz da yekəxana olan qaqulyaların tiktokda izləyici sayını artırandan sonra daha da zibilləri çıxır.

Onlar artıq hər şey edə biləcəklərini düşünürlər.

Eləsi var bıçaqla gəzir, hətta videosunu da çəkirlər ki, bir oğlanın “duxu” var, nəsə söz desin, yortaram.

Hətta bunlar elə tiktokdan bir-birlərini tapırlar, görüşürlər, sürü şəklində gəzirlər.

Seriallara baxıb bir az da havalanan bu adamlar zaman keçdikcə daha da azğınlaşırlar.

Nəticədə, belə hallar baş verir.

Onsuz da bu ölkədə dolanmaq, yaşamaq çətindir və hər keçən gün daha da çətinləşir.

Çoxunuzun da maraq dairəsində deyil. Necə yaşayırıq, ümumiyyətlə, yaşaya bilirikmi, bunlar sizin üçün mənasız söhbətlərdir.

Mərkəzdə fırlanırsınız, gəlib yazırsınız ki, vallah, elə yaxşıca yaşayırıq, nədən narazıyıq ki?

Nədən narazı olduğumuzu bilmək üçün komfort zonamızdan çıxmalıyıq.

Təkcə yaxın ətrafımızla kifayətlənməməliyik.

Onda görəcəyik, biləcəyik ki, bu ölkənin insanı hansı vəziyyətdə yaşayır.

Niyə ölkənin az qala yarıdan çoxu paytaxta axışıb?

Küçədə kukla paltarı ilə gəzən adamların çoxunun hansı vəziyyətdə yaşadığını isə hamımız bilirik.

Adamlar bir parça çörək üçün saatlarla küçələrdə gəzirlər.

Hansısa “Limonçik” isə sırf izləyicisi var deyə hamını təhqir eləyə biləcəyini düşünür.

İnanın, onun bu videosunun altında da nə qədər mırt tutan olacaq.

Çoxu heç varlı-filan da deyil haa.

Varlının nə işi var “Limonçik”in videosunun altında.

Acından günorta duran adamlardı.

Sabah başqa versiyasını sizə də eləyə bilər.

Küçədə getdiyiniz yerdə badalaq verə bilər, məsələn.

Qarşılıq versəniz, deyəcəklər ki, vay-vay niyə beləyik, rahat deyilik, baxın Avropada nələr olur.

Zarafatlar da çox düşükdür ee.

O gün baxıram, biri “caaart" zarafatı eləyir.

Təsəvvür eləyirsiniz?

2024-cü ildə adam hələ də belə kiflənmiş söhbətlərlə izləyici toplaya bilir.

Axı bu “zarafat”lar 10, hətta 15 il əvvəl bitmişdi.

Suyunun suyunun suyu söhbətlərlə necə bu qədər izləyici toplamaq olar?

Doğrudanmı bu qədər mənasız, bu qədər keyfiyyətsizik?

O oğlanı təsəvvür eləyirsiniz?

Görəsən, indi neyləyir?

Yenə də o paltarda orda dayanır.

“Başını” zibil qutusunda götürüb evin bir küncünə atıb yəqin.

Saatlarla yata bilməyib əsəbdən.

Yaşadığı həyata da nifrət eləyib.

Səhəri necə açıb, bilməyib.

Bilmirəm, bəlkə, mən emosionallaşdırıram.

Bəlkə, eyninə almayıb.

“Başını” yerinə taxıb davam eləyib işinə.

Öyrəşib artıq, bəlkə də.

Nələrə öyrəşmədik?

Nələrə alışmadıq?

Nələrə dözmədik?

Ancaq nə vaxta qədər?

Öyrəşmək, alışmaq, dözmək...

Nə vaxta qədər?

# 4988 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

12:30 8 avqust 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər