Bizi böyüdən səs - Nadir Yalçın

Bizi böyüdən səs - Nadir Yalçın
12 fevral 2024
# 16:02

Kulis.az Nadir Yalçının Şəmistan Əlizamanlının doğum günü münasibətilə yazdığı yazını təqdim edir.

Səhərlər saat səkkizə beş dəqiqə qalmış məktəbimizin önündə sıra-sıra düzülüb növbə ilə sinif otaqlarına qalxırdıq. Həyətdə gözlədiyimiz vaxt Şəmistan Əlizamanlının mahnıları səsgücləndiricilər vasitəsilə dörd bir tərəfi başına götürürdü. Həmin mahnıların sədaları altında siniflərə doluşan corma-cocuqların, danışanda bəyənmədiyiniz həmin "Z" nəslinin xəmiri Şəmistan Əlizamanlının səsi ilə yoğuruldu. Həmin sıralarda gözləyən uşaqların bəziləri bığ yeri tərləyib, könül verib könül alan laçın vaxtlarında sıralarımızdan əskildilər, torpağa qarışıb Vətən oldular...

Barıt qoxulu yollar mənim uşaqlıq dostum, sinif yoldaşım İlqarı birdəfəlik aparanda Şəmistan Əlizamanlının səsi ağı kimi qulağımda cingildədi. Onun səsi ilə böyüyən, məktəbə yollanan uşaqların sırasında bizim İlqarımız da var idi; gözləri mavi, sarışın, qızların sevimlisi, igid, qorxmaz, dəliqanlı İlqar... İlqar təzə-təzə şəhid olan vaxtlar Şəmistan Əlizamanlının ifasını eşidəndə hiddətlənirdim. Deyirdim, bizi bu sevgiyə mübtəla edən birinci səs Şəmistan Əlizamanlının səsi olub. O səsi eşitməsəydik, o sözləri dərk etməsəydik, İlqar da o yolu seçməzdi, şəhid olmazdı... Yox, yaxşı ki... sınmadıq, vicdanımızla üz-üzə dayananda utanmadıq... Amma hərdən düşünürəm, barıt qoxulu o yollar İlqarı nə vaxt geri qaytarar?

Çağırır Vətən, çağırır ana... Şəmistan Əlizamanlı Vətən azanı, şahidlik - şəhidlik azanı oxuyan kişidir, müstəqillik tariximizin milli müəzzinidir. "Hayyə ələ xayril əməl!" deyib "Ən xeyirli əmələ tələsin!" nidasını əyan edir müqəddəs çağırış. Şəmistan Əlizamanlı elə bir vaxtda, elə bir vəziyyətdə "Çağırır Vətən, çağırır ana... Səcdəgahdır, qibləgahdır üçrəngli türk bayrağı" deyib bizləri haraylayırdı ki, bu çağırışa hay verib sinəmizi sipər etmək ən xeyirli əməl idi, biz bu əmələ tələsə bildik...

Haqq yolundan dönmədik azadlığa yetmək üçün... Şəmistan Əlizamanlı səsi ilə bizim nəsil cavanlara vətənə necə xidmət etməli, nə cür minnətdarlıq bildirməli, hansı vəziyyətdə qətiyyət göstərməli olduğumuzu izah etdi, bir növ, tərbiyələndirdi, sabaha, dar günə hazırladı. Boynumuza döyürdü ki, "O xan sarayında bir çiçəkli qız bəkliyor bizlərdən Zəfər, Bismillah!" Şəmistan Əlizamanlı hərbi anddan əvvəl lap uşaq olanda bizə and içdirmişdi ki, yağılardan qisas alıb sevgili bayrağı qaldıracağıq... Şəmistan Əlizamanlı "Əsgər Vətən əmanəti, od əmanəti" deyib analara-atalara təsəlli idi. Bu illər ərzində onun səsi bütün əsgərlərin qaraçuxası oldu. Şəmistan Əlizamanlının ifaları sinəsini sipər edənlərin zümzüməsinə çevrildi...

Şəmistan Əlizamanlının səsi mənim də içimdən keçdi, mən də o səsin ehtiva etdiyi taleyi yaşadım... Əsgərlik vaxtı onun "Möhkəm dayan!" nidası bütün çətin zamanlarda mənə mənəvi güc verib. Şəmistan Əlizamanlının səsi dizimizin taqəti, biləyimizin qüvvəsi olub. Birgünlük lokal antiterror tədbirləri zamanı Laçın meşələrində olanda da həmin səsi o ağacların koğuşundan eşitdim, havadan, torpaqdan hiss elədim, qızınmaq üçün qurulan ocağın istisi kimi canıma cift oldu... Əsgərlikdə olanda tez-tez Şəmistan Əlizamanlının mahnılarına qulaq asırdıq, uşaqlar ondan söhbət salırdı. Ürəklə deyirdim ki, mən o kişi ilə canlı görüşmüşəm, bir masada əyləşib çay içmişəm... Elə heyrətlə məni süzürdülər ki... Şəmistan müəllimlə tanışlıq heyranlıq, xoşbəxtlik nişanələrindəndir...

Şəmistan Əlizamanlıdan danışanda şair Şahin Musaoğlunu da yada salmağı vacib bilirəm. Şahin Musaoğlunun bir neçə şeiri Şəmistan Əlizamanlı bəstəsi, nəfəsi ilə dillər əzbərinə çevrilib. "İgid əsgər, möhkəm dayan", "Cənab leytenant" kifayətdir ki, sözlə musiqinin vəhdətinə, bu vəhdətin heç nəyə bənzəməyən ab-havasına vurğun olasan... Şahin Musaoğlu təbib kimi şairdir, şair kimi təbib...

Şəmistan Əlizamanlının ifalarında həmişə ümid işığı olub, o heç vaxt qaramata bürünməyib, bədbin olmayıb, qanayan yaraları bir az da göynətməyib. Həmişə oxuyub ki, yaxşı olacaq, qalib gələcəyik, Günəş çıxacaq... Bizi məğlubiyyət ruhundan, havasından xilas edən nəsnələr içində Şəmistan Əlizamanlının da səsi var... Onun səsi Azərbaycanın 30 ilinin səsidir, milli taleyə, mübarizəyə çevrilən səsdir. Şəmistan Əlizamanlının səsi yeganə səsdir ki, onu gözlə görə bilirsən. Onun ifası mücərrədliyi əyaniləşdirən nəğmədir, elegiyadır, rekviemdir, marşdır!

65 illik yubileyiniz mübarək, milli ruhumuzun nəğməli tərcümanı - Şəmistan Əlizamanlı!

# 422 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #