Azərbaycanın ilk ədəbiyyat radiosunun yaradıcısı: “Bu işi yarımçıq saxlasam...”

Alik Əlioğlu, şair

Alik Əlioğlu, şair

21 oktyabr 2021
# 14:30

Kulis.az şair Alik Əlioğlu ilə rəhbəri olduğu “Litradio” ədəbiyyat radiosu haqda söhbəti təqdim edir.

- Necə oldu ki, ədəbiyyat radiosu yaratmaq fikrinə düşdün?

- Əslində belə bir arzum 5-6 il əvvəldən var idi, sadəcə maliyyə cəhətdən heç bir dəstəyim olmadığı üçün bu layihəni gerçəkləşdirə bilməmişdim. Allaha şükür, elə bir zaman yetişdi ki, radionu öz gücümə açmaq imkanım yarandı. Düşünmədən xəyalımda olan radionu reallığa çevirdim. Gözlədiyimdən daha çox maraqla qarşılandı, deyərdim ki, az bir vaxtda sevildi. Radioya sevgim təsadüfi deyil, dövlət radiosunda “Sözdən Səsə” adlı müəllif verilişim olub. Verilişimin adı kimi, sözün səsə çevrilməyi məndə həmişə qəribə bir hiss yaradıb, radionu doğmalaşdırıb. Mənə görə, sözlərin yaratdığı ən gözəl mətn dualar və bədii ədəbiyyatdır. Bu baxımdan, səsə çevrilə biləcək ən gözəl söz də ədəbiyyat ola bilər, deyə düşündüm.

Azərbaycanda ədəbiyyat radiosu açıldı – İlk dəfə

- Səncə, indiki vəziyyətdə kitaba, oxumağa marağın azaldığı dövrdə ədəbiyyat radiosu dinləyiciləri olacaq, buna nə qədər ümidlisən?

- Əslində, internet-radio elə məhz bu dövrün tələbinə cavab verən bir texnologiyadır. İnternetin olduğu istənilən yerdə, dünyanın istənilən nöqtəsində bir kliklə radionu açıb, şeirlər, hekayələr dinləyə bilərsiniz. Adamların çoxu ofisdə oturarkən, yol gedərkən, maşın sürərkən radioya qulaq asır. Qəribədir ki, kitab oxuyan az olsa da, ədəbiyyatı sevən kifayət qədər adam var. Bəzən cəmi 500 tirajlı bir kitab satılıb qurtarmır, amma həmin kitabdan bir şeirin Youtube-da səsli versiyasının dinlənmə sayı milyonu keçə bilir. Bu baxımdan, radionun xeyli dinləyici qazanacağına ümidim böyükdür, çünki az müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, hər gün xeyli adam radiomuzu dinləyir.

- Radionun funksionallığından, əhəmiyyətindən danışsan yaxşı olar.

- Ədəbiyyat radiosunun hazırda android sistemli telefonlar üçün tətbiqi və saytı mövcuddur. Ənənəvi radiolardan fərqli olaraq, qeyd etdiyim kimi, bu radionu dünyanın internet olan istənilən nöqtəsində dinləmək mümkündür. Radionu dinləyərkən hazırda efirdə olan bədii mətnin müəllifi və qiraətçinin adı avtomatik olaraq radionun səhifəsində yazılır. Çox sadə dizayna malikdir və anlaşılandır.

Mən bu radionu açarkən heç bir qazanc düşünməmişəm. Yəni ki, bu kommersial layihə deyil. Facebook səhifəmdə də elan etdim ki, ədəbiyyat radiosu mənim deyil, ədəbiyyatı sevən hər kəsindir. Ona görə də, indilik yeganə istəyim odur ki, hamı ona doğma yanaşsın, özününkü bilsin. Hər kəs orada öz səsini, sözünü eşitdirsin.

Alik Əlioğlu: “Ədəbi mühitdə olmağı lazımsız hesab edirəm” –

- Radio vasitəsi ilə hansı işləri görməyi planlaşdırırsan?

- Planlarım çoxdur. İlk növbədə radionun səsyazma studiyasını açmaq istəyirəm. Müxtəlif verilişlər hazırlamaq, müəlliflərin və qiraətçilərin səsini qeyd eləmək üçün səsyazma studiyası mütləqdir. Sonra ədəbiyyat müsabiqələri, şeir gecələri və s. təşkil etməyi düşünürəm. Hazırda gün ərzində efirdə şeirlər və musiqilər səsləndirilir. Hər gün saat 18:00-da “Proza saatı”, 20:00-da isə uşaqlar üçün “Can nənə, bir nağıl de” adlı səsli nağıllardan ibarət veriliş efirə gedir. Zamanla müxtəlif müsahibələr, daha fərqli verilişlər efir setkasına əlavə olunmalıdır, deyə düşünürəm.

- Bizdə bu cür fərdi layihələr tez başladığı kimi tez də başa çatır adətən. Ya maddi imkanlar, ya həvəs belə ideyaları yarımçıq saxlayır. Səncə necə olacaq?

- Doğrudur, bu barədə danışmaq hələ tezdir, amma bu layihəni dayandırmaq heç ağlıma da gəlmir. Ədəbiyyat radiosunu sevirəm, o mənə çox doğmadır. Hər gün o qədər adam bu layihə üçün mənə təşəkkür edir ki, bu işi yarımçıq saxlasam, özümü – kiməsə söz verib, sözümün üstündə durmamış kimi hiss edərəm.

# 5704 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər