Axır çərşənbə haqqında ən uzun cümlə - Qulu Ağsəs

Axır çərşənbə haqqında ən uzun cümlə - Qulu Ağsəs
18 mart 2025
# 12:30

Kulis.az Qulu Ağsəsin "Axır çərşənbə" haqqında cümləsini təqdim edir.


("Ərzi-əsri-hal-namə"dən sətirlər)

Peçin odunundan, heyvanın alafından, təndirin çırpısından, maşının təkərindən, çəpərin kolundan kəsib çərşənbə ocağına tədarük görərdilər, kənd dükanında kibritin qiyməti bir qəpikdən on qəpiyə qalxardı, turbadan qayrılmış tapançaların barıtı "qiqant"dan tutulardı, ilbiz qutularını muncuq kimi ipə düzüb Keçələ boyunbağı düzəldərdilər, bayram toyları otuz gecə kəndin sümüklərini oynadırdı, ağacların əzələli budaqlarından asılan yelləncəklərdə qız-oğlan, arvad-kişi növbə ilə uçunar, ağırlığını-uğurluğunu torpağın başına tökərdilər, torpaqsa bir az da ağırlanardı, bir az da uğurlanardı, yelləncəyin qırağında ocaq tüstülənərdi, ocağın başında qorğa yeyərdilər, yumurta döyüşdürərdilər ("Batışaq?" "Batışmıram!" "Batışaq?", "İki aydı, toyuğumuza düyü yedizdirirəm ki, indi sənnən batışam?", "Onda aç ortasın..."), ocaqdan bir az aralı cavanlar güləşər, yaşlılar hakimlik eləyərdilər, çilingin səsi çilingağac oynayanların hay-küyündə it-bata düşərdi, dirədöymədən döyülüb çıxanlar kəhrizin üstündə buaxşamkı marşrutlarını planlaşdırardılar, üzüksalma hər gecə birinin evində keçirilərdi, qadınlar yuxarı, kişilər aşağı başdan bardaş qurub oturardılar, oğlanların çoxu ədasındanmı, yoxsa həyəcandanmı, bilinmirdi - dik qalardı, ortaya iri kasa qoyardılar, kasanın ağzı yaylıqla örtülərdi, hamı üzüyünü çıxarıb kasaya salardı, növbə ilə bayatı çağırardılar (bayatıların axırı ümidlə qurtarsa, yaxşıydı), dilbilməz bir uşaq bayatı qurtarar-qurtarmaz yaylığın altından əlini kasaya salardı, kimin üzüyü çıxdı, çıxdı, nişanlısı qürbətdə (qürbət də ibarətiydi "sezondan", əsgərlikdən, türmədən, lap elə Bakıdan) olan qız, gözaltısının dədəsi onlara yendirməyən oğlan hələm-hələm üzük salmazdı ki, birdən bayatıları çoxdan çağırılmış olar, üzüksalmaya təkcə onlar yox, ərli arvadlar, nəvəli-nəticəli ixtiyar kişilər də inanardı, odu ki, bir para adamlar üzüyünün yoxluğunu ("qız taxıb aradan çıxıb", "gədə götürüb gedib üzüksalmaya") bəhanə eləyib qapı pusardı, içəridən qanqaynadan söz eşidəndə qapını ərklə açıb ev sahibiylə hal-ahval tutar, Novruzunu qutlayar, qanqaraldan söz eşidəndə isə barmaqları üstə elə qayıdardılar ki, ev sahibi duyuq düşüb dilxor olmasın bayram günü latayır danışdığına görə, evdəkilərin gününü göy əskiyə düyməsin, odu ki, fikirlərini dağıtmaq üçün həyətdən oğru kimi sivişib çıxıb özlərini verərdilər bayram toylarına, kəndin də başıyla ayağı bilinməzdi ha, azından beş məhlədə mağar qurulardı, qara zurnanın şadlığından hamıya pay çatardı, mağarın içi nədi, heç yüz metrliyində də aynası açıq olmayan tapmazdın, hərənin də öz havası olardı, heç kəs o birinin sifarişinə qol qaldırıb ortaya düşməzdi, eləsinə yüngülsaqqal deyərdilər, elin töhmətindən can qurtara bilməzdi, mağardakıların oynamaqdan ötrü ürəkləri də getsə, ortadakından təklif gözləyərdilər, ortadakı saqqalı ağarmış da nəbadə bacılarını oynatmış olaydı, görüm kimin hünəri vardı, yerində qurcalansın, dava düşürdü, nə düşürdü, bir də yayda gözün döyüləni axtaranda deyirdilər ki, Novruzdan adam içinə çıxmır, toylarda da ki dava düşdü, padşahı devirirdilər, fərraş da üzüsulu istefa verirdi, səhəri gün mağarı yeni hakimiyyət idarə eləyirdi, uşaqlar papaqatdıdan gətirdikləri bayrampayını mağardaca xırıd eləyirdilər, hə, bir şeyi də xatırladım: Novruzda adamı heç kimin iti tutmurdu...

# 2884 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər