Avtobusdakı dayının ağ corabları

Avtobusdakı dayının ağ corabları
24 aprel 2024
# 14:36

Kulis.az Həmid Piriyevin "Qarışqanın ruzisi" hekayəsi haqqında Ulucay Akifin yazısını təqdim edir.

Siqareti tərgitmişəm. Yəni, ən azından, tərgitdiyimi düşünürəm. Bu gün hələ çəkməmişəm. Ola bilər ki, axşam birini çəkdim.

Siqaret çəkməyəndə çox gümrah oluram. Yorulmaq bilmirəm. Elə bilirəm, dağı da yerindən oynadaram.

Belə havada salamatı, açıq havada çay içmək, gözəl bir qızla bulvarda gəzmək, fürsət tapanda onun yanağından öpməkdi. Amma iş var da.

İşdə gözəl qız yanağından öpməyi yaxşı mətn oxumaq əvəz eləyir. Yaxşı mətn oxuyanda, elə bilirsən ki, gözəl qızla bulvarda gəzirsən.

Həmid Piriyevin “Qarışqanın ruzisi” hekayəsi də o cür yaxşı mətnlərdəndir.

Yaxşı mətn necə olur?

Bu sualı bir çox yazıçıya versək, düz-əməlli cavab ala bilməyəcəyik. Çünki bunun düsturu, qayda-qanunu, sərt çərçivələri, qəti tələbləri yoxdur. Hər şey dəyişəbilən və nisbidir. Ümumiyyətlə, tək ədəbiyyatda, sənətdə yox, dünyada hər şey nisbidir.

Hə.

“Yaxşı mətn necə olur?” sualına cavab vermək qəliz olsa da, yaxşı mətnə barmaqla rahatca işarə edə bilirik.

Həmidin hekayəsində qeyri-adi heç nə yoxdur. Nə bir qeyri-adi cümlə, nə də qeyri-adi situasiya. Müəllif görünən kəndə bələdçilik edib. Amma bu bələdçilik adama xoş təsir edir. Qəti əsəbiləşmirsən ki, “bunu bilirəm dəə...”. Elə hər yeri tanıya-tanıya düşürsən bələdçinin dalınca ki, qoy o danışsın.

Amma hekayədə bir ciddi qüsurun olduğunu düşünürəm. Necə olur ki, kənd adamı qarışqanın çəyirtkə ayağını yeyib-yemədiyini bilmir? Qarışqanın çəyirtkə, kəpənək, hörümçək, nə gəldi yediyini bütün kənd uşaqları, hətta şəhər uşaqları da bilir, məncə. Necə olur ki, o yaşa çatmış və torpaqla, ağacla əlləşən biri bunu bilmir?

Obrazın bu sualın cavabını bilməyi, ya da bilməməyi hekayənin süjetinə, mənasına təsir etmədiyi üçün bunu qüsur kimi gördüm. Yəni obrazın bu naşılığı, bu detal hekayədə özünə yer tuta bilmir, özünə haqq qazandırmır, havada qalır. Bu səbəbdən dediyim detal mənə obrazın naşılığından çox, müəllifin naşılığı təsiri bağışladı.

Ancaq yenə də hekayə gözəldir.

Bu hekayəni gözəl edən şeyin nə olduğunu da sezdim. Müəllif heç bir təfərrüata varmır. Mənsurun qardaşı hardadır, Sitarənin əri kimdir, ölübmü-qalıbmı? Heç bir hadisənin lazımsız dərinliyinə girmir. Peyğəmbər kərtənkələsi suyun üstündən qaçan kimi söhbətlərin və hadisələrin üstündən qaçır və bu qaçışda heç bir təlaş, təntimə hiss olunmur. Rahat qaçır, ötür keçir o hadisələri, təfərrüatları.

Hə. Yaxşı mətn necə olur, bilmirəm. Dəqiq nəsə deyə bilməyəcəm.

Dəqiq onu bilirəm ki, hələ siqaret çəkməmişəm, enerjiliyəm, əhvalım əladır, maaşa bir həftə var.

Səhər işə gələndə avtobusda bir dayının ağ corablarına gözüm sataşdı. Niyəsə, çox əla təsir elədi əhvalıma. Fikirləşdim ki, həyat gözəldi, yaşamağa dəyər.

Siqareti tərgitmək də o ağ coraba baxanda girdi ağlıma. Bəlkə, idmana da başladım.

# 4431 dəfə oxunub

Oxşar xəbərlər

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər