Avtobus sürücülərinə "xiyar" deyən "Planet Parni iz Baku"nun mahiyyəti

"Planet Parni iz Baku", KVN

"Planet Parni iz Baku", KVN

25 may 2023
# 15:30

Kulis.az Nihat Pirin “Bir sual-bir cavabda “Bakılı oğlanlar”ın mahiyyəti” adlı yeni yazısını təqdim edir.

“Küyə getmək” deyə bir ifadə var. Çox təhlükəli məsələdir. Bəzən özündən asılı olmur. Bəzən isə görürsən ki, başqa əlacın yoxdur, sən də axına qoşulmalısan.

Çox uzağa getməyək, türklərin məşhur Hasan Canı var. Yığır 50-60 nəfəri bir zala, ağzına və ağlına nə gəldi, necə gəldi, danışır, camaat da uğunub gedir. Proqramın 20-ci dəqiqəsindən sonra artıq iş o həddə çatır ki, Hasanın susmağı da gülüşə səbəb olur, qulağını qaşıması da, adicə “hə”, ya “yox” cavabı da.

Yəni o hissədən sonra – ora qədərki proses bir yana – adamların yumor anlayışı, ümumiyyətlə, müzakirə mövzusu deyil.

Hətta o 20 dəqiqədən sonra elə məqamlar olur ki, Hasan Can tamaşaçısını təhqir edir. Amma gülə-gülə. Zarafata sala-sala. Tamaşaçı da yan-yörəsində olan adamların “küyünə gedib” məzələnməyinə, təhqir edilməsinə heç nə demir.

Deyir, gülür, əylənir və əl çalır.

Üstündən bir həftə keçir, yenə utanmaz-utanmaz gedib həmin konsertə bilet alır. Bu dəfə isə bir başqasının aşağılanmasına gülür, əylənir və əl çalır.

Ötən gün “Planet Parni iz Baku”nun konsertlərinin birindən xırda bir epizod qarşıma çıxdı. KVN dili ilə desək, konsertin “Razminka” hissəsində “Bakılı oğlanlar”a zaldan sual verirlər ki, nəyə görə Bakı şəhəri ekoloji olaraq, çirkli şəhərdir?

Bizim oğlanlar bir neçə saniyəlik məsləhət-məşvərətdən sonra cavabı 2000 nəfərlik zala təqdim edir:

“Doğru deyil. Bakı şəhəri təmiz və ekoloji şəhərdir. Görün şəhərimizdə nə qədər vitamin var: taksilərimiz badımcan, avtoşlarımız balqabaq, nəhayət, avtobus sürücülərimiz isə xiyardır”.

Təkrar edirəm, bu cavab 2000 nəfərlik zala verilir.

Və həmin 2000 adam bu cavaba şaqqanaq çəkib gülür, utanmadan əl çalır.

O adamların içərisində qalstuku mənim boynumdan yoğun olanı da var, ümumiyyətlə, ömrü boyu qalstuk görməyəni də.

Amma hər ikisi gülür, əl çalır və bu zarafatdan məmnun görünür.

İndi sual yaranır: “Planet Parni iz Baku” komandasına bu formada – adamlara təhqiredici ritorikada danışmaq ixtiyarını kim verib?

Necə olur ki, “Bakılı oğlanlar” bu qədər adamın üzü-üzünə, gözü-gözünə baxa-baxa onların avtobus sürücüsünü, dolayısı ilə elə onların özünü aşağılaya, onlara xiyar deyə bilir?

Bir ehtimal: bizim oğlanlar əmindirlər ki, onların konsertində həmin o 2000 adam içərisində heç vaxt avtobus şoferi ola bilməz. Yəni “Planet Parni iz Baku”nun istifadə müddəti çoxdan bitmiş və hətta sağlamlığa zərər zarafatlarını zaldan canlı-canlı filan qiymətə alınan biletlə yalnız hansısa eks nazir izləyə bilər, ya polis, ya da ki, ən pis halda, Əməkdar artist!

Avtobus sürücüsü kimdir ki, “Planet Parni iz Baku”nun konsertinə zaldan canlı-canlı baxsın?!

Avtobus sürücüsünün maksimum işi səhər saat 6-da avtobusu lazımi yerdən götürüb işə çıxmaq, günboyu elə sükan arxasındaca dönər yeyə-yeyə müxtəlif adamların müxtəlif kaprizlərinə dözüb evə bir tikə çörək aparmaq ola bilər.

Avtobus sürücüsünün “Bakılı oğlanlar”ın kostyum-qalstkuk ranqı səviyyəsində olan konsertində nə işi var axı?!

Zaldakı o 2000 adam içərisində, böyük ehtimal, təhqir edildiyini hiss edən 50-60 nəfər var. Olur. Amma onlar da ya susacaq, ya da ki, “küyə gedəcək”.

Necə ki ya susurlar, ya da ki, “küyə gedirlər”.

Vəssalam.

Nəticədə, “Planet Parni iz Baku”nun bədii rəhbəri Tahir İmanov yoldaşın “Bizi telekanallara buraxmırlar” tipində şikayəti üçün haqqı olur.

Nəticədə, öz danışığında qüsur olan, amma buna rəğmən başqalarına dil dərsi keçmək məram və məqamında bulunan Tahir İmanov yoldaşın camaatla məzələnmək haqqı olur.

Nəticədə, adamlar təhqir edilmək üçün bilet növbəsinə durur.

Və nəticədə, adamlar təhqir edilmələrinə əl çalıb gülür, əylənir.

Olsun.

Onda heç kimdən çəkinmədən deməyə əsasım var ki, “Avtobus sürücülərimiz xiyardır” zarafatına gülənlərin hamısı nəzərdə tutulan avtobus sürücüləri fonunda həmin təhqiri təpədən-dırnağa qədər haqq edən adamlardır.

Məhz elə bu adamlara “Planet Parni iz Baku” komandası düz 30 ildir, eyni tip zarafatı yedizdirir.

Məhz elə bu adamlara “Planet Parni iz Baku” komandası düz 30 ildir, özlərini sənətçi adı ilə sırıya bilir.

Məhz elə bu adamlara “Planet Parni iz Baku” komandası düz 30 ildir, eyni formada davranır və nəhayətində, onlara xiyar deyə bilir.

Yaxşı da edir.

# 4507 dəfə oxunub

Oxşar xəbərlər

İbrahim Tatlısəslə Yıldız Tilbe barışdı

İbrahim Tatlısəslə Yıldız Tilbe barışdı

18:30 19 iyul 2024
Mironov film xəbərini təkzib etdi

Mironov film xəbərini təkzib etdi

17:38 19 iyul 2024
Milyonluq toyda iştirak edən məşhurların qonorarı - Siyahı

Milyonluq toyda iştirak edən məşhurların qonorarı - Siyahı

16:06 19 iyul 2024
Zopa və ya kötək “qanun”u: vicdanlı jurnalist...

Zopa və ya kötək “qanun”u: vicdanlı jurnalist...

13:45 19 iyul 2024
Rihanna Olimpiadanın rəsmi sponsoru oldu

Rihanna Olimpiadanın rəsmi sponsoru oldu

12:45 19 iyul 2024
Cavidan Novruz:  "Amansız ölüm atama imkan vermədi bunu görsün"

Cavidan Novruz: "Amansız ölüm atama imkan vermədi bunu görsün"

11:19 19 iyul 2024
# # #