Auşvitsdən qurtulub 6 il sonra zəhərli qazla intihar etdi - Polşa ədəbiyyatının əzabkeşi

Auşvitsdən qurtulub 6 il sonra zəhərli qazla intihar etdi - Polşa ədəbiyyatının əzabkeşi
12 noyabr 2025
# 15:00

12 noyabr tanınmış polyak şair, nasir və publisist Tadeuş Borovskinin doğum günüdür.

Kulis.az bu münasibətlə Malqojata Olşevskanın “Orta əsrlərdən XXI əsrə qədər Polşa poeziyası antologiyası” layihəsində dərc olunan yazısı əsasında hazırlanan materialı təqdim edir.

Tadeuş Borovski 1922-ci ildə SSRİ-nin Jitomir şəhərində anadan olub, 1951-ci ildə Varşavada faciəvi şəkildə dünyasını dəyişib. Nasistlərin Auşvits və Daxau düşərgələrinin məhbusu olub.

Kiçik yaşlarında Tadeuş Borovski kollektivləşmə və aclıq illərini yaşamışdı. Onun atası Stanislav Borovski 1926-cı ildə həbs edilərək Belomor–Baltik kanalının tikintisinə göndərilmiş, anası Teofila Borovska isə 1930-cu ildə həbs olunaraq Sibirə sürgün edilmişdi.

Tadeuşa xalasının himayəsində böyümək nəsib olur, böyük qardaşı Yuliyuş isə internata yerləşdirilir. 1932-ci ildə azadlığa çıxan ata Polşaya qayıdır, oğulları isə Kiyev və Moskvadan keçməklə təkbaşına səyahət edib onunla birləşirlər. Ailə Varşavada məskunlaşır, 1934-cü ildə azadlığa çıxan ana da onlara qoşulur.

Ailənin ağır maliyyə durumu Tadeuşun təhsilini dayandırmadı: o, Tadeuş Çatski adına gimnaziyada oxudu. İkinci Dünya müharibəsi başlayandan sonra isə gizli liseydə dərs aldı və 1940-cı ilin yazında imtahan verərək bitirdi. Elə həmin ilin payızında Varşava Universitetinin gizli "Polonistika" fakültəsinə daxil oldu və ən bacarıqlı tələbələrdən birinə çevrildi.

Eyni zamanda o, şeir yazmağa başladı və Varşavanın Praqa rayonundakı bir ticarət firmasının anbarında işləyirdi. Ədəbi mühitə qoşulmuş, “Yol” (“Droga”) adlı sol yönümlü aylıq dərginin ətrafında birləşən gənclərlə əməkdaşlıq edirdi. Həmin dövrdə tanış olduğu Mariya Rundo (Tuska) sonradan onun “Mariya ilə vidalaşma” adlı hekayələr toplusundakı qəhrəmanın prototipi oldu.

Tadeuş Borovski 1942-ci ildə gizli şəkildə nəşr olunan “Harada olursa-olsun, torpaq...” (“Gdziekolwiek ziemia...”) adlı poetik silsiləsi ilə ədəbiyyata gəlib. Bu şeirlər, dövrün məşhur katastrofizm cərəyanını davam etdirərək, dünyanı bürüyən məhvin və insanın bu məhvetmə qarşısında acizliyinin poetik mənzərəsini yaradırdı. Şair üçün fəlakət təsadüfi yox, dünyanın öz təbiətindən doğan qaçılmaz hal idi.

O, dünyanın sonunu “Apokalipsis” mövzuları ilə təsvir edir, “Apokalipsis atlıları” kimi bəşəri faciələrin rəmzi obrazlarını yaradırdı.

1944-cü ildə “Poetik vərəq № 2” adlı növbəti şeirlər toplusu “Yol” jurnalında dərc olundu. Buradakı altı erotik şeir klassik üslubda yazılmış və sevgini – dağılmış dünyada insanlığı qoruyan yeganə dayağı – tərənnüm edirdi.

Lakin 25 fevral 1943-cü ildə Borovskinin həyatı qəfil dəyişdi: o, dostunun evində gestapo tərəfindən həbs olundu. Əvvəlcə Pavyak həbsxanasına göndərildi (buradan o, Varşava gettosunun dağıdılmasını pəncərədən izləyirdi), sonra isə Auşvits ölüm düşərgəsinə yollandı. Bir gün əvvəl isə Mariya da tutulmuş, Birkkenau qadın düşərgəsinə salınmışdı.

Auşvitsdə Borovski sanitar işləyirdi, orada şeirlər, mahnılar və məhbuslar arasında yayılan “düşərgə ilahiləri" yazırdı. 1944-cü ilin yazından etibarən tapdığı Mariyaya məktublar yazdı – həmin məktublar sonradan “Biz Auşvitsdə idik” və “Bizdə, Auşvitsdə...” adlı əsərlərinin əsasına çevrildi.

1944-cü ilin avqustunda o, Daudmergen düşərgəsinə, oradan isə Daxauya köçürülür. 1945-ci ilin aprelində Daxau ABŞ ordusu tərəfindən azad ediləndə Borovski xilas olur və Münhen yaxınlığındakı məcburi köçkünlər düşərgəsində yaşayır. Sentyabrda azadlığa çıxaraq Polşa Qırmızı Xaçı yanında itkinlərin axtarışı bürosunda çalışır. O, sevdiyi Mariyanı da axtarırdı – Mariya Ravensbryk düşərgəsindən azad edilmiş və sonra İsveçdəki sanatoriyaya müalicəyə getmişdi.

Münhendə Borovski “Axının adları” adlı şeirlər kitabını nəşr etdirir (1945) və Yanuş Nel-Sedletski və Kristin Olşevski ilə birlikdə “Biz Auşvitsdə idik” adlı sənədli kitabı (1946) çap etdirir.

1946-cı ilin iyununda Borovski Varşavaya qayıtdı, həmin ilin noyabrında isə Mariya da vətənə döndü. Onlar evləndilər.

Tadeuş universiteti bitirib Korbutianum (Varşava Elmlər Cəmiyyətinin Filologiya şöbəsi) institutunda assistent işləməyə başladı. “Gənclər Dünyası” (“Świat Młodych”) və “Axın” (“Nurt”) jurnallarında redaktor kimi çalışdı.

“Nəsil” (“Pokolenie”) jurnalında Zofya Kossak-Şçutskanın “Uçurumdan” (“Z otchłani”) romanına həsr etdiyi “Alisa möcüzələr ölkəsində” (“Alicja w krainie czarów”, 1947, № 1) adlı pamfleti dərc etdirdi. Bu məqalədə yazıçı Kossakı Auşvitsin reallıqlarını təhrif etməkdə və “düşərgə mənəviyyatını” anlamamaqda tənqid edirdi. Yazı ədəbi mühitdə böyük rezonans doğurdu və həm də Borovskinin ünvanına hücumlara səbəb oldu.

Öz düşərgə təcrübəsini o, 1948-ci ildə yazdığı iki nəsr kitabında əbədiləşdirdi: “Mariya ilə vidalaşma” və “Daş dünya”.

Bu hekayələrdə o, düşərgə şəraitinin insan psixologiyasını necə deformasiyaya uğratdığını göstərirdi. “Mariya ilə vidalaşma” əsərinin baş qəhrəmanı Tadek adlı işçi məhbus idi. Tənqidçilər onu müəlliflə eyniləşdirsələr də, Borovski daha çox “düşərgələşmiş insan” – człowiek zlagrowany – obrazını təsvir edirdi: sağ qalmaq üçün mənəvi kompromislərə gedən, lakin daxilən dağılmış insan.

Borovskinin fikrincə, Auşvits Avropa sivilizasiyasının məntiqi nəticəsi idi — işğallar və terror üzərində qurulmuş “mükəmməl idarə olunan müəssisə”.

1948–1949-cu illərdə yazıçının dünyagörüşündə ciddi dəyişiklik baş verdi. 1948-ci ilin fevralında Borovski Polşa Fəhlə Partiyasına üzv oldu. 1949-cu ilin iyununda Berlinə göndərilərək on ay müddətində mətbuat attaşesi kimi və hərbi kəşfiyyat üçün çalışdı.
Polşaya qayıtdıqdan sonra o, sadiq kommunist kimi tanındı. Özünün əvvəlki əsərlərini tənqid edən “Söhbətlər” (“Rozmowy”) adlı məqaləsini “Dirçəliş” (“Odrodzenie”, 1950, № 8) jurnalında dərc etdirdi. Burada o, sosialist realizmi “yeni inanc” kimi qəbul edirdi.

Son illərində o, əsasən publisistika ilə məşğul idi: “Yeni Mədəniyyət” (“Nowa Kultura”) və “Gənclərin bayrağı” (“Sztandar Młodych”) qəzetlərində yazır, Qərb mədəniyyəti və kilsəni sərt tənqid edirdi. Bununla belə, onun sonrakı novellalarında satira və ironiyanın gücü hələ də hiss olunurdu.

Tadeuş Borovski 3 iyul 1951-ci ildə, qızının doğulmasından bir neçə gün sonra, cəmi 28 yaşında Varşavada həyatına son qoydu. Rəsmi versiyaya görə, o, qazla zəhərlənərək intihar etmişdi. Yazıçının nəşi Povonzki Hərbi Qəbiristanlığında dəfn olunub.

Borovskinin poeziyası çox vaxt onun nəsrini kölgədə qoyur, halbuki şeirləri yazıçının sonrakı ədəbi ideyalarının ilkin forması idi. Onun poetik dünyası artıq “məhv olmuş bəşəriyyətin” və apokaliptik dünyanın mənzərəsini təqdim edirdi. İnsan burada kölə, tarix isə bitməz bir zorakılıq və nifrət dövrəsi idi.

Auşvits onun üçün insanlığın tam dehumanizasiyası idi: burada məhbus sadəcə bioloji varlığa çevrilirdi. Lakin Borovski üçün həyat və sevgi qorunmalı yeganə dəyərlər idi — o, sevgilisi Mariyaya həsr etdiyi erotik düşərgə şeirlərində (“Auşvitsin günəşini xatırlayırsanmı”, “Sənin siman gözlərimdə əriyir”) bunu tərənnüm edirdi.

Borovskinin poetik və nəsr yaradıcılığı bir-birindən ayrılmazdır. Onun ədəbi baxışı həm tarixi-fəlsəfi (istoriosofik), həm də etik səviyyədə XX əsr faciələrini dərk etməyin unikal nümunəsidir.

Tadeuş Borovskinin həyatı XX əsr Avropasının kəsişmə nöqtəsidir: Sovet repressiyaları və Sibir sürgünləri, nasist düşərgələrinin cəhənnəmi, müharibədən sonrakı ideoloji təzadlar və insanın mənəvi müqavimətinin sərhədləri.

Onun yazıları qəhrəmanlıqdan çox, insan təbiətinin sınaq anlarını göstərir.

Borovski “insanı olduğu kimi” təsvir edirdi – qorxuları, eqoizmi, sevgi və yaşamaq ehtirası ilə birlikdə...

# 208 dəfə oxunub

Oxşar xəbərlər

İntibah dövrünün saray sənətkarı - Müasirləri onun haqqında nə yazırdılar?

İntibah dövrünün saray sənətkarı - Müasirləri onun haqqında nə yazırdılar?

16:40 12 noyabr 2025
Qulu Məhərrəmli: “Ramiz Mehdiyev Azərbaycan tarixinin bətnindəki "şiş"dir”

Qulu Məhərrəmli: “Ramiz Mehdiyev Azərbaycan tarixinin bətnindəki "şiş"dir”

16:19 12 noyabr 2025
Pulsuz oxuyan müğənnilər, “mənimsənilən” vəsaitlər və dəyişməyən Mənzər xanım - Kimə inanaq?

Pulsuz oxuyan müğənnilər, “mənimsənilən” vəsaitlər və dəyişməyən Mənzər xanım - Kimə inanaq?

16:00 12 noyabr 2025
Təkbaşına dünyanı gəzən və nasistlərlə mübarizə aparan yazıçı-səyyah

Təkbaşına dünyanı gəzən və nasistlərlə mübarizə aparan yazıçı-səyyah

16:00 12 noyabr 2025
Bu il ARKA-ya ayrılmış vəsaitdən qalan pul gələn il necə xərclənəcək? - Nazirlik açıqladı

Bu il ARKA-ya ayrılmış vəsaitdən qalan pul gələn il necə xərclənəcək? - Nazirlik açıqladı

15:05 12 noyabr 2025
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirdi

Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirdi

14:35 12 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər