Ana dörd uşağını niyə atmışdı?

Ana dörd uşağını niyə atmışdı?
4 iyul 2024
# 15:00

Kulis.az Həmid Piriyevin yeni yazısını təqdim edir.


Ailə münaqişələrində adətən qapılar fiziki şiddətə məruz qalır, uşaqlar isə psixoloji şiddətə.


Qapıların cəftəsi, həşyəsi, şüşəsi sınır, uşaqların ümidi, sevgisi, bəzən də gələcəyi.

Ümumiyyətlə, uşaqlıq travmaları gələcəyimizə birbaşa təsir edir.

Deyirlər ki, uşaq ailənin güzgüsüdü. Amma uşaq təkcə ailəsindən aldığı tərbiyəni əks etdirmir, həm də uşaqlıqda ailəsindən aldığı travmaları içində böyüdür, onlarla yaşayır, gücü çatırsa, yarı yolda onlardan xilas olur, gücü çatmırsa, travmaları qəbrə də aparır özüylə.

Nə qədər adam tanıyırıq, hələ də uşaqlıq travmasından çıxa bilməyib.

Amma uşaqlıq travmaları təkcə ailədən gəlmir, cəmiyyət də yarada bilir belə travmaları.

Dünən xəbər yayıldı ki, Bakıda ana dörd uşağını parkda atıb, qaçıb. Uşaqlar iki gündü parkda imiş, tapıb sığınacağa aparıblar, tibbi yardım göstəriblər. Bayaq isə, elə mən bu yazını yazan vaxt ananın da tapılma xəbəri yayıldı. Hadisənin səbəbləri araşdırılır.

O ana haqqında danışmaq istəmirəm. Çünki ən azı, hələlik motiv məlum deyil. Qadını səbəbini bilmədiyim hərəkətə görə ittiham edə bilmərəm. Əlbəttə, ona min dənə sual ünvanlaya bilərəm. "O uşaqların günahı nədir?"; "Onları nə üçün atmısan?"; "Baxmayacaqdınsa, nə üçün doğurdun?" və s. və i.a. Amma yenə də deyim, şəxsən mən ananın da açıqlamasını gözləyirəm.

İndi uşaqlardan danışacağam. Ananın atıb getdiyi dörd uşaqdan.

Böyüyü on dörd yaşındadı, ikinci beş, üçüncü dörd. Kiçiyin isə hələ bir yaşı da tamam olmayıb. Balaca üç uşaq hələ nə baş verdiyini anlayan yaşda deyil. Əsas zərbə böyük qıza dəyir burda.

Təsəvvür edirsiniz? O yaşda uşağı (əslində, artıq yeniyetmədir) kameraya çəkirlər, efirdə göstərirlər, saytlarda yazırlar. Hamı onu “anasının atıb getdiyi qız” kimi tanıyır. Efirdə üzünü blurlasalar da, fərqi yoxdur. O qız axı özü bilir efirə nə üçün çəkildiyini.

Biz sabah o qızı küçədə görsək, bu qızın “o qız” olduğunu bilməyəcəyik. Amma o biləcək.

Və həmişə ürəyində şübhəylə gəzəcək, hamıya şübhəylə baxacaq, hamıya şübhəylə yanaşacaq.

Üstəlik, qız təhsil də almayıb. Oxumaq-yazmaq bilmir.

Hərtərəfli “şikəst” bir qız uşağı. Travma üstündən travma.

Ümumiyyətlə, bu tip hadisələrdə uşaqları çəkib paylaşmaq nə dərəcədə doğrudu, nə dərəcədə etikdi?

Heç bir halda doğru deyil, heç bir halda etik deyil.

O qız onsuz da zədəlidi, yəqin, heç vaxt ata sevgisi görməyib, ana qayğısı hiss etməyib, hələ, bəlkə, şiddətə də məruz qalıb.

Biz isə onu sağlamlaşdırıb cəmiyyətə qazandırmaq yerinə, yarasını daha da dərinləşdiririk.

Biz deyirəm, çünki bunda o qızın (və qardaş-bacılarının) şəkillərini, haqqında xəbəri tirajlayan, yayan hamının payı var. Həmçinin, mənim də.

Sabah o da öz uşaqlarını atıb getsə, bunda öz payımın olduğunu fikirləşəcəyəm.

İndidən bağışlasın məni.

# 3126 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

12:25 11 sentyabr 2026
Akif Əli: "Azərbaycan kinosunun tarixində AKİ-nin öz rolu var"

Akif Əli: "Azərbaycan kinosunun tarixində AKİ-nin öz rolu var"

12:20 11 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq mümkün olacaq

Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq mümkün olacaq

12:10 11 sentyabr 2026
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir

Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir

12:00 11 sentyabr 2026
Tanınmış aktrisanın səhhəti pisləşdi

Tanınmış aktrisanın səhhəti pisləşdi

11:00 11 sentyabr 2026
Elvin Rüstəmzadə:  "IV Divar"da türk serialı ab-havası var, çünki..." - "Cümə qonağı"

Elvin Rüstəmzadə: "IV Divar"da türk serialı ab-havası var, çünki..." - "Cümə qonağı"

10:00 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər