Amerikada və Azərbaycanda ata fərqi

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

26 may 2022
# 09:00

Liverpul Universitetindəki araşdırmalardan biri diqqətimi çəkdi. Araşdırma beş-altı nəfər üzərində aparılan təcrübədən ibarət idi. Təcrübə nə təcrübə!? Əvvəl bir neçə klassika seçirlər. Məsələn, Dostoyevski, Şekspir, Balzak. Mütaliə üçün oxuculara təqdim edirlər. Mütaliə zamanı alimlər xüsusi aparatlarla oxucuların beyinlərindəki dəyişiklikləri izləyirlər. Nəticədə roman oxuyarkən beynin sağ yarımkürəsində müdhiş enerji dalğalanması görünür. Beynimizin bu hissəsində eyni zamanda fərdi xatirələrimiz yer alır.

Bu esse yazı, ölüm və yaddaş arasındakı sonsuz münasibətin üzərindən yeyin addımlarla keçir. Əlbəttə, tək deyil. Yolçu yoldaşla gərək. Ol səbəbdən Pol Osterin çox sevdiyim “Yalnızlığın kəşfi” romanı köməyimizdə durur.

“Yalnızlığın kəşfi” Pol Osterin ilk romanlarından biridir. 1982-ci ildə çap olunub. Qısa zamanda gözə düşən çöp kimi Amerika sənət cameəsinin dincliyinə soğan doğrayıb. Roman haqqında esselər yazılıb, müsahibələr alınıb və bu məlum əməllər yetişməkdə olan müəllifin şöhrətinə şöhrət qatıb.

Pol Osterin romanı ölmüş atasının keçmiş həyatını büsbütün yox olmaqdan xilas etmək istəyir. Əvvəl-əvvəl atasının davranışı və qəribəliklərinin xatırlayır, yadda qalan kiçik detallardan, təəssüratlardan ibarət rekonstruksiya qurur. Ailəsinə, iş tanışlarına qarşı davranışını, eləcə də boşandıqdan sonra sosial həyatını araşdırır. Beləcə, bunlar kiçik paraqraf və esselər formasında romanın içində çiyin-çiyinə düzülür. Atasının ölümü ilə bağlı xatirələrdən yığılan roman iki hissədən ibarətdir.

Kitabın ilk hissəsini əhatə edən “Görünməyən adamın portreti” cənab Osterin dağınıq, parça-parça yaddaşının gücü ilə yazılmışdır. O, mövzuya birbaşa, hazırlıqsız filansız daxil olur və beynində axıb keçən xatirələri necə varsa, eləcə sözə çevrilir. Obyektiv reallığın heç bir filtirdən keçmədən sənətə, ədəbi materiala çevrilməsi ədəbi camedə tez-tez rastımıza çıxan qələti-məşhurlardan biridir. Müəllifin ruhundan, canından keçməyən reallıq duzsuz yemək kimidir. Məhz romanın birinci hissəsi bizə deməyə əsas verir ki, doğrudan da, müəllif üçün atasının ölümü fövqəladə hadisədir və müəllif hər paraqrafda bunun stressini, ağırlığını çiyinlərində hiss edir. Müəllif kimi deyil, oğul kimi yazır. Nəhayət, xam quruluş bizi haqlayır.

O yazır:

''İlk cümlədə qəribə bir çılğınlıqla hər şeyin öz-özünə gələcəyini düşünmüşdüm. Yazmaq ehtiyacı o qədər böyük idi ki, sanki, hekayə zəhmətsiz başa gələcəkdi. Lakin sözlər asta addımladı... Bir şeyi düşünmək başqa bir şeyi xatırladır, o yerə qədər ki, az qala detalların çoxluğundan boğulum. Düşünmək və yazmaq arasındakı uçurumu heç vaxt bu qədər hiss etməmişdim”.

Pol Osterin bioqrafiyası fransız ədəbiyyatı ilə əlaqəlidir. Fransız dilindən etdiyi tərcümələr bu gün də məşhurdur. Kitabın ikinci hissəsi olan “Yaddaş kitabı” onun atası ilə əlaqəsini, izolyasiyasını, söhbətlərini, yaddaşını və indiki zamanı əhatəli incələyir.

“Yalqızlığın kəşfinin” bu hissəsi olduqca maraqlı pasajlarla axsa da, elə ilk bölümdən daha çox çağdaş fransız "eksperimental" əsərlərini xatırladır. Təhkiyəçi özündən üçüncü şəxs kimi bəhs etməyi qərara alır və bu qərarı bizə bildirir. Beləliklə, təhkiyəçinin məni dəhşətli faciənin fonunda şəxslər arası səyahət edir.

Təhkiyənin birdən əl (dil deməliydim) dəyişməsini müəllif bu cür izah edir:

“O, tənhalığın qaranlığına girərkən “mən” sözü hekayədən çıxır. Buna görə özündən özgə kimi bəhs edilir. Rimbaundun dediyi kimi “Mən özgədir”.

Pol Oster mütəmadi izlədiyim, kitablarını axtardığım, söhbətlərdə qollarımı ölçə-ölçə danışdığım tək-tük müəlliflərdən biridir. Ona görə yox ki, Pol Osterin eşələndiyi mövzular damağımda tam qoyub. Xeyr! Qətiyyən belə deyil! Ona görə ki, Pol Oster intellekti və atmosfer yaratma bacarığı ilə məni həmişə təəccübləndirib. Atmosfer yarada bilmə bacarığı romançı üçün əsas komponentdir. Mən bunu keyidici iynəyə bənzədirəm. Nazik bir təmasla sənətin enerjisi damarlarına daxil olur və səni tezliklə özünə bağlayır.

“Yalnızlığın kəşfi” müəllifin ilk romanlarından biri olmağına baxmayaraq, yazıçı üçün ənənəvi mövzuları əhatə edir. Yazıçıların əsərləri ilə böyüdüyünə inanıram. Konkret problemlər konkret kitablarla aşılır və nəhayət, zəhmətin, taleyin, istedadın və reklam lövhələrinin sınağından diri çıxıb uğuru qucaqlayır. Osterin bu romanın mövzusu sonrakı əsərləri üçün bünövrə rolunu oynayacaqdı. Demək olar ki, o öz üslubunu və ədəbi yolunu “Yalqızlığın kəşfi”ndə, xüsusilə, “Yaddaş kitabı” hissəsində tapmışdı. İtki və iztirab, izolyasiya və bağlılıq, şans və təsadüf onun sonrakı əsərlərinin əsas mövzularına çevriləcəkdi.

Cənab Oster bu roman haqqında deyir:

“O kitab haqqında həmişə düşünürəm. Sonradan hər şeyin təməli olaraq”.

Roman oxumaq yaddaşımızda sərhədsiz oyun meydançası yaradır. Bu meydançada həm romanın reallığından qopub gələn adamlar, məkanlar, əşyalar, həm də fərdi yaddaşımızdan boy verən adamlar, məkanlar, əşyalar mövcuddur. İngilis alimlərinin araşdırmalarının nəhayətində də bu məsələ dayanırdı. Romanlara həyata inandığımız kimi inanır, ona etibar edirik. Onlar birbaşa “mən”imizə təsir edir, bizi yaradır. Reallıqlar qarışır. Başqa həyatları yaşayırmışıq hissi ruhumuzu büsbütün çuğlayır. Bəzən romanın reallığı ilə həyatın reallığı toqquşur. Madam Bovarilər, Anna Kareninalar, Don Kixotlar belə ortaya çıxır. İki reallığın cəmi faciə törədir.

Romanını mütaliəmdən keçirdikdən sonra yaddaşımda oxşar qarşıdurma yaşandı. Düzdür, mətni əjdaha qanadlarının arasına alan reallıq tamam başqa reallıq idi. Amerika, Azərbaycan fərqi. Həyatının sonunu tənha yaşayıb vəfat edən bir ata. Hamımızı gözləyən məşum son. Amerika və Azərbaycan reallığı ilə müqayisədə roman janrının hüdudsuz gücü sərhədləri çəkib atdı, gözəl və qüssəli şeylərə sevindim. Gözəl şeylərə ona görə sevindim ki, onlar gözəl şeylər idi. Qüssəli şeylərə ona görə sevindim ki, gözəl yazılmışdı. Hər müəllif qüssəli hadisələri gözəl yaza bilmir. Ona görə əksər romanlarda nəql olunan qüssəli hadisələrə yalnız qüssələnirik.

Ölüm naməlum bir məkanı təmsil edir. Yaşayan heç kim o məkanı görməyib və elə buna görə ona bircə addım yaxınlaşdığı və ya şahid olduğu zaman məna sicilləməsi başlayır. Pol Oster ölümə təəccüblənir:

“Uzun xəstəlikdən sonra gələn ölümü qəbul edə bilərik. Qəza nəticəsində baş verən ölümlər də deyək ki, taledir. Lakin insanın görünən, duyulan heç bir səbəb olmadan, ancaq insan olduğu üçün ölməyi bizi həyat və ölüm arasındakı görünməz sərhədə o qədər yaxınlaşdırır ki, hansı tərəfdə olduğumuzu tuta bilmirik. Həyat ölümə çevrilir. Sanki ölüm lap əvvəldən həyata sahib imiş. Oyanmadan ölmək. Bu mənada: Həyat bitir. Həyat hər an bitə bilər”.

Ölümdən xəbəri olmaq o demək deyil ki, kimsə sənin yanında yıxılıb ölür və sən onu son nəfəsini verdiyi yerdə görürsən. Ölümü tragikləşdirən ölümü baş verməsi deyil. Bu adi və sadə qaydalardan biridir. Məsələ, ölən insanın kimliyi, bizim mənəvi aləmimizdə oynadığı rolla əlaqəlidir. Pol Oster romanında yazır:

“Atamın ölüm xəbərini üç həftə əvvəl aldım”.

Hər hansı adamın ölüm xəbəri ilə konkret “ata”nın ölüm xəbəri arasında fərq çoxdur. Oxucu “Atamın ölüm xəbərini üç həftə öncə aldım” cümləsini oxuduğu zaman düşünür: “Onun atası öldü. Nə vaxtsa mənim də atam öləcək”. Və ya: ”Atası öldü. İndi ona çətindir. Bir vaxt mənim üçün də elə idi”.

Romanın və fərdin reallığının qovuşması.

Pol Osterin janrları qarışdırmasını maraqla izlədim. “Qaranlıqdakı adam” romanında qəfil “Velosiped oğruları” filmindən esse danışılanda tər içində qalmışdım. Ona görə yox ki, həyəcanlanmışdım, əziz oxucu. Əksərən belə şeylərdən həyəcana düşmürəm. Sadəcə hava çox isti idi və 2018-ci ilin dəhşətli yayında pəncərəsiz bir evdə yaşayırdım. Öyrədici yazıçılar deyirdilər, təxmin etməzdim ki, terminin belə bir forması ilə qarşılaşaram. Lakin bu janr alış-verişi oturmayan pazl parçası kimi görünmür. Hər şey romanın axınında təbiidir.

Məsələn, müəllif “Xatirə kitabı” hissəsində İncilin Yunus peyğəmbər ilə bağlı əhvalatını şərh edir. Nəhayət, Yunus peyğəmbəri ən tənha peyğəmbər adlandırır. Bu hissə tənhalıq dumanı ilə örtülü olan romanın ümumi ab-havasına uyğunluq təşkil etməklə bərabər, romana intellektual rəng qatır, onun qədim mətnlərlə bağını bərkidir və mətnlər arası körpü yaradaraq gərilmiş əjdaha qanadları arasındakı məsafəsini uzadır.

Şəxsi xatirələrimizlə birləşən roman detalları yaddaşımıza daşa yazılan kimi yazılır. Bu vaxt analogiya qaçılmaz olur. Mətnin hekayəsi və həyatın reallığı fantaziyalar ilə qovuşur. Uşaq vaxtı sürdüyün atın bədənindəki təri xatırladığın kimi, tutaq ki, Osterin ölmüş atasının evinə gedib əşyaları qarışdırdığı anı eyni intuisiya ilə ələyirsən yaddaşında. Pol Osteri sevməyimin əsas səbəblərindən biri də məhz bu atmosferi yarada bilməsidir. Həmişə başqa həyatlar yaşamaq istəyən bir adam üçün, əziz oxucu, bu bənzərsiz bir tapıntıdır.

# 2724 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #