Adamın yanında baş kəsərlər – Kişilər haqqında 10 şablon

Adamın yanında baş kəsərlər – Kişilər haqqında 10 şablon
19 noyabr 2021
# 15:15

Bu gün “Beynəlxalq kişilər günü”dür. Bu münasibətlə bütün kişiləri, kişi ola bilməyənləri, yarı kişi olanları, gələcəkdə kişi olacaq insanları səmimi qəlbdən təbrik edirik.

“Kişi” ifadəsi Azərbaycanda “gender”i ifadə edən söz olmaqdan çox, sənətdir. Üstəlik incə sənət. Hər adam kişi ola bilməz. Ölkəmiz doqquz iqlim qurşağı, dolma və muğamla yanaşı, kişiləri ilə də məşhurdur. Biz də elə kişilər olub ki... ardını yazmıram, biz də necə kişilərin olduğunu hər kəs yaxşı bilir.

Kişi və kişilik haqqında qəlibləşmiş 10 ifadəni təqdim edirik:

Kişi ağlamaz

Kişi ağlamaz. Ağlasa da, bir küncə çəkilib, xısın-xısın ağlayar. Kimin xarabasında? Yox, yox, gedib çıxdıq başqa yerə.

Ölkəmizdə belə bir fikir var ki, gərək kişi ağlamasın. Ağlamaq qadınlara xas bir hərəkətdir. Əgər sən ağlasan, deməli “qızbibi”sən. Çünki kişinin ürəyi ya gərək daşdan olsun, ya da betondan. Bildiyiniz kimi tikinti materiallarının da qiyməti qalxıb, daş yaxud betondan olmağa gücü çatmayan kişilər, lambirdən, fanerkadan, ölü yeri lepkadan da istifadə edə bilərlər.

Yox, əgər gözüsulu kişisənsə, yaxşı olar ki, papağını çıxarıb, təsbehini qoyub, təslim olasan və gedib, qadın məclislərində ağı deyəsən.


Ac ol, kişi ol

Yaxud “lüt ol, kişi ol”. Bu ifadələr heç bir reallığı əks etdirməyən, heç bir həqiqətə söykənməyən ifadələrdir. Gənclər bu mövzuda xüsusilə diqqətli olsalar, daha yaxşı olar. Ac olub kişi olmaqdansa, tox olub kişi olmamaq daha yaxşıdır. Onsuz da, pulun varsa, sən avtomatik çönüb olursan kişi. Hətta “kişilərin kişisi”. Qadın da olsan, əgər pulun olsa, deyəcəklər “kişi kimi qadındır”. Ona görə də, əvvəlcə tox olun. Sonra kişi olmaq haqqında fikirləşmək olar.

Adam kişi olar.

Bu ifadə xalqımızın kişilik sənətinə necə həssas yanaşdığının bariz nümunəsidir. Hansısa səhv hərəkət edəndə – yaxud el dili ilə desək, yox, yaxşı olar ki, el dili ilə deməyək. Çünki el dilimizdə düz-əməlli bir ifadə yoxdur – kişi cinsli insanlara ünvanlanan tərbiyəedici və içində az da olsa təhqir ehtiva edən ifadədir. Kökündən yanlışdır. Adam kişi olmaz. Ümumiyyətlə, adam nə istəyir, o olar. Bunun heç kimə dəxli də olmaz.

Kişinin hülqumu olar

Hülqum ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusudur. Xalqımız bu cür mənasız orqana, niyə bu qədər məna yükləyir baş açmaq olmur. Yəqin ona görədir ki, bu əzələ borusu qadınlarda yoxdur. Varsa da, görünmür, üzdə deyil. Bu səbəbdəndir ki, hülquma bu qədər məna yükləyirik. Kişinin hülqumu olar ifadəsi, o deməkdir ki, kişi ağzının danışığını bilməyəndə, söz hülqumda ilişib qalmalıdır. Əgər qalmadısa, deməli hülqumda nəsə problem var.


Kişi sözünün üstündə durar

Təkcə kişi yox, insan gərək sözünün üstündə dura. Bu cür heç bir reallığı əks etdirməyən, məntiqi səbəbi olmayan mənasız və boş ifadələrə görə “qadın-kişi” münasibətləri bizdə kəllə-mayallaq formalaşıb. Kişi sözünün üstündə durar, amma qadın durmasa da, olar da, hə? Həə?


Kişinin yanında baş kəsərlər

Bu nədir belə? Cinayət olub və cinayətkar səndən bunu heç kimə deməməyi tələb edir. Ona görə ki, sən kişisən. Yəni qadın olsan, gedib deyə bilərsən. Kişisən? Bu dəqiqə, bir adam gətirib, yanında başını kəsək, sən də bax.

Kişi yüngül olmaz

Bu ifadə xalqımızın kişiləri mənalandırmağa xidmət edən daha bir banal ifadədir. Burda “yüngül” sözü çəkiyə yox, xarakterə aiddir. Bir dəfə keçiddə pilləkənlərdən sürüşürdüm, yaşlı bir qadın mənə dedi ki, “ay bala, kişi sürüşməz”. Bu söz məni çox düşündürdü. Belə ifadələr, cəmiyyətdə insan azadlığını məhdudlaşdıran və hərəkətlərimizi çərçivəyə salan ifadələrdir.


Kişi hırıldamaz

Kişi nəinki hırıldamaz, heç dodağını da qaçırtmaz. Gülən kişi, qeyri-ciddi adamadır. Qeyri-ciddi adam isə nə ailə məsuliyyəti daşıya bilər, nə pul qazana bilər, nə də cəmiyyətdə dansısa sosial-status tuta bilər. Bir sözlə, kişi gərək ciddi ola.

Kişinin qarnı olar

Yaxud kişi meymundan bir az seçilsə, bəsdir. Bu ifadəni tam yanlış anlayan kişilərimizin əksəriyyəti, o qədər pis vəziyyətdə yaşayırlar ki, heç meymunda da seçilmirlər. Belə sözlərin heç bir həqiqət payı yoxdur. Kişilər də formada olmalıdır, çimməlidir, özünə baxmalıdır, dişlərini yumalıdır, meymundan əvvəlcə görünüşü, daha sonra ağlı və təfəkkürü ilə seçilməlidir. Kişinin qarnı, yalnız o istəsə ola bilər.

Kişi elədiyini deməz

Kiməsə borca pul verirsən, ya yaxşılıq edirsən, bu yaxşılığını nə vaxtsa, ona deyəndə, deyir ki, kişi verdiyini deməz. Necə yəni kişi elədiyini deməz? Doğrudur, insan öz etdiyi yaxşılıqları heç vaxt gərək danışmasın. Amma nadan və qanmaz adama yaxşılıq edirsənsə, – ümumiyyətlə gərək nadan və qanmaz adama yaxşılıq etməyəsən – bu söhbət açılanda, dərhal qayıdıb deyir ki, kişi elədiyini deməz. Burdan o qanmaz və nadan adamlara demək istəyirəm ki, gedin öz işinizlə məşğul olun. Bu dəfə el dili ilə desək, gedin hoppanın. Kişi elədiyini deyər.


Bonus:

Kişilər bir olmur, atam balası...

# 4821 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #