Yaşadığı blokda soyulan məşhur yazıçı

Yaşadığı blokda soyulan məşhur yazıçı
8 oktyabr 2021
# 21:00

Bu gün məşhur yazıçı Əlibala Hacızadənin anım günüdür. Kulis.az bu münasibətlə onunla bağlı maraqlı faktları təqdim edir.

O, şərqşünas olduğu üçün bir müddət Əfqanıstanda tərcüməçi işləmişdi və həmin dövrləri dərin bir travma kimi yaşayırdı. Yazıçıya respublika şöhrəti gətirən “İtkin gəlin” romanındakı hadisə də Əfqanıstanda baş verib.

***

İlk dəfə 1979-cu ildə çap olunan “İtkin gəlin” kitabı inanılmaz tiraja çatdı və bir neçə dəfə təkrar yayımlandı. Bundan sonra yazıçı romanın davamını yazıb və onu trilogiyaya çevirib: “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”. Sonrakı kitablar da ilk kitab kimi yüz minlərlə satıldı.

***

Sovetlər dönəmində Heydər Əliyev Bərdə pambıqçıları ilə görüşür və onların problemləri ilə maraqlanır. Pambıqçılar ondan “İtkin gəlin” kitabını istəyirlər. H.Əliyev Bakıya qayıdanda kitabın satılıb qurtardığını öyrənir və yenidən 100 min tirajla çap olunması üçün göstəriş verir.

***

Image result for əlibala hacızadə

Azərbaycanda ilk tele-serial da “İtkin gəlin” romanına çəkilib və tanınıb. Qocaman rejissor Lütfi Məmmədbəyovun ekranlaşdırdığı əsərdə baş rolu Məleykə Əsədova ifa edib və bununla da məşhurlaşıb. Aktyorların çoxu serialdan qonorar almayıb, təmənnasız çəkiliblər.

***

Serial başlayanda Aygün Kazımovanın oxuduğu mahnı dillər əzbərinə çevrilmişdi. Serialın musiqisi Cavanşir Quliyevindir.

***

Romanlardan on minlərlə rubl pul qazanıb. Özü bu barədə demişdi: “Pul üstümə xəzəl kimi tökülürdü!”

Image result for əlibala hacızadə

***

Məşhur trilogiyadan sonra yazıçının “Təyyarə kölgəsi” və “Vəfalım mənim” romanları da geniş oxucu kütləsi qazandı. Onun son romanı isə “Möcüzə” adlanırdı.

***

Əlibala müəllim həm də gözəl şeirlər yazırdı. Onun romanında istifadə etdiyi şeirlərin hamısı özünün idi. Sonralar bu şeirləri “Sevəcəyəm” adlı kitabda topladı.

***

Əlibala Hacızadə onu sevənlərin yadında ağzını azca sağa əyib şirin-şirin və asta-asta danışması və siqaret tüstülətməsi ilə qalıb. O, möhkəm siqaret çəkən idi. Hardasa siqareti-siqaretə calayırdı.

***

Image result for İtkin gəlin

İçki ilə arası yaxşı idi. İlyas Tapdıq və Nahid Hacızadə ilə bir yerdə hərlənirdilər və tez-tez məclis düzəldirdilər. Hərdən bu trioya şair Oqtay Rza da qoşulurdu.

***

Əlibala Hacızadənin maraqlı fikirləri çoxdur. Onlardan biri bu idi: “Xoşbəxtliyi arzulaya-arzulaya, bədbəxtlikdən qorxa-qorxa yaşadım”.

***

Bir gecə cavan uşaqlar yaşadığı binanın blokunda Əlibala müəllimi soyurlar. Özü bu əhvalatı gülə-gülə danışırmış. Deyirmiş, soruşdular, nə qədər pulun var, dedim, bir “şirvan”. Oğlanlardan biri əlini döş cibimə salıb əlliminlik çıxartdı, dedi, ağsaqqal kişisən, utanmırsan, yalan danışırsan?!

# 6904 dəfə oxunub

Oxşar xəbərlər

# # #