Günün şeiri: Salam, Şuşam!

Günün şeiri: Salam, Şuşam!
30 oktyabr 2020
# 11:01

Kulis.az gündəmi nəzərə alaraq Kərim Kərimlinin “Salam, Şuşam!” şeirini təqdim edir.

Salam, Şuşam, iki gözüm, əzizim!
Sürünüm yollarında mən dizin-dizin.
Sürtüm üz-gözümü “sürünçək” daşlarına,
Açım qollarımı gur sel yağışlarına,
Küləklərin oxşasın pərişan tellərimi,
Haraylayım, haylayım didərgin ellərimi.
Salam, Şuşam, mənim şəhdim, şəkərim!
Salam, Şuşam, mənim şəhid şəhərim!

Salam, Şuşam!
Oğulları qırılmış, kişiləri vurulmuş,
Od içində boğulmuş, qan içində yuyulmuş,
Buludları doluxmuş, çiçəkləri soluxmuş,
Körpələri qocalmış, qocaları yorulmuş,
Qananı “nadan” olmuş, nadanı “qanan” olmuş
Üfüqləri qaralmış, adamları saralmış,
Salam, Şuşam, tale ülkərim, salam!
Var ikən yox olan şəhərim, salam.

Salam Şuşam!
Xanimanı dağılmış, oy... yurdu yağmalanmış.
Sarayları sökülmüş, var-dövləti talanmış,
Min illik xəzinəsi tonqallara qalanmış,
Min cür böhtan, yalanla günahsız damğalanmış,
Uğrunda övlad qanı sellənmiş, laxtalanmış,
Ramizini itirmiş, çalın-çarpaz dağlanmış,
Salam, Şuşam, unudulmuş şəhərim!
Haqqına daş basılmış susdurulmuş şəhərim!

Salam, Şuşam!
Keçəydim yollarından elə payi-piyada,
İçəydim sularından min ləzzət dada-dada.
Qucaydım dağlarının başında buludları,
Görəydim mən ölməmiş o doğmaca yurdları.
Topa-topa daşlara lopa-lopa qar yağa,
Xizəkli körpələrin şütüsünlər sol-sağa.
Qarqar daşsın yaz ağzı, sellər, sular hayqırsın,
Şimşəklərin kişnəsin, qartalların qıy vursun.

Salam, Şuşam, basılmış basılmazım!
Gözgörəti satılmış basılmazım!

Salam, Şuşam!
Salam, Şuşam, siyasətin qurbanı!
Aman! Şuşam-xəyanətin qurbanı!?
Şuşasız bu ölkə Vətən deyilmiş,
Sənə bu dünyada da heç tən deyilmiş,
Gələcəm qoynuna dizlərim üstdə,
Ölsəm, Xarıbülbül məzarım üstdə,
Qalsam, bir daş kimi yonsunlar məni,
Uçuq divarına qoysunlar məni.

Salam Şuşam, iki gözüm, əzizim!
Sürünüm yollarında mən dizin-dizin...

Bakı 1993

# 7601 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər