“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi

“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
5 avqust 2020
# 13:32

Kulis.az Şəfaqət Cavanşirin "Əsarət" hekayəsini təqdim edir.

Allah taleyimizi yazır. Səhvlərimizin ucbatından qaralan qəlblərimizdə Allahın izini axtarmaq vicdanımızı sakitləşdirmək, günahlarımızı yumaq üçün yersiz düşüncədən başqa bir şey deyil.

Bu gün mənə aid olmayan günahlarımın əlindən tutub səbəb olduğum böyük günahlarımla bərabər, mənə can verən səbəbkara canımı könüllü qaytarmağa qərar vermişəm. Özümü öldürməyə tələsmək fikrim yoxdur. Necə ki mənə azadlığın nə olduğunu hiss elətdirməyən, ömrü boyu qorxu altında saxlayan insanlara qarşı səbrli olmuşam, ölümə doğru addımımı da səbrlə atacam.

Siz qorxaraq həmişə gülümsəməyə məcbur olmağın, məcbur boyun əyib könüllü razı olurmuş kimi özünü göstərməyin necə hiss olduğunu bilirsinizmi? Bilənlər varsa, məni oxuyandan sonra mütləq üsyan etməli, "ölmək ölməkdir, xırıldamaq nədir?"şüarı altında "AZADLIQ " naminə birinci sağ əlini qaldırmalı, səsi kallaşana qədər qışqırmalıdır. Onu mənəvi öldürənləri fiziki məhv etməyi bacarmalıdır. Bilməyənlər isə...

Xahiş edirəm, mənə haqq verin. Əminliklə sizin adınızdan yazıram, haqq verəcəksiz. Məni intihara vadar edən qanımdan olanlara lənət edəcək, inandınız-inanmadınız, cəhənnəmin qır qazanında yanmaları üçün qarğış da edəcəksiz... Mən sizin yerinizdə olsam, ürəyimin zəhərini, çirkabını gənc qızın həyatını idarə eləmək bəhanəsiylə məhv edən insanlara lənət etməklə boşaldardım. Bir gün gözlərim şişənə qədər ağlayar, yuxusuz qalardım. Təəssüf, mən sizin yerinizdə deyiləm, şadam ki, mənim həyatımı şəhərdə yaşayan heç bir qız, məni oxuyandan sonra yaşamayacaq.

İlk dəfə diqqətimi uşaq olanda atamın anamı qorumağı cəlb eləmişdi. Anamın səssiz atama "baş üstə" işarəsi unuda bilmədiyim baş verən hadisəyə qədər xoşuma gəlirdi. Mən qardaşımla həyətdə oynayanda, qonşu arvadları tum çırtlaya-çırtlaya qeybətləşəndə, yaxşı-pis günlərindən danışanda anam evimizin iki pəncərəsinin birindən (pəncərələr mütləq bağlı olmalıydı) qonşulara baxar, onu görən qonşularla gülümsəyərək başıyla salamlaşar, arada bir atam gələn yollara göz gəzdirər, bəzən də qardaşımla mənə nəzarət edərdi.

İlk dəfə o gün anama yazığım gəldiyini hiss eləmişdim. On iki yaşımda ürəyimdə anamın öyrətdiyi duaların üstündən xətt çəkmiş, boyum anamın boyuna çatan günü atamın məni anam kimi evdə əsarətdə saxlamaması üçün dua eləmişdim. Anamın gizli ağladığı gün atama nifrət etdiyimi anama göstərmişdim. Anam ağlayaraq qardaşıma baxırdı, qardaşım qoyun gözlərinə bənzər yumru gözlərini anama zilləmişdi, üstəlik, bir-iki dəfə anamdan niyə ağladığını soruşub məni qıcıqlandırmışdı. Guya anamızın niyə ağladığını başa düşmürdü. Anam ağlamaq hesabına da olsa taleyiylə barışmışdı, atamı sevirdi, neçə illik ailə həyatında xasiyyətinə öyrəşmişdi. Mən özümə görə qorxurdum. Və çox isrəyirdim, anam mənə görə də qorxsun və bunu mənə bircə dəfə də olsa hiss etdirsin.

Deyirlər, qorxan gözə çöp düşər. Əsl mənim üçün deyilmiş cümlədir. İki ildən sonra - 14 yaşımda, doqquzuncu sinifdə oxuyanda atam gördü ki, boyum anamın boyuna çatmayıb, anamın boyunu keçib, saçlarımsa onun saçlarından uzundur, bu bir yana, döşlərimin ucu görünən kimi geyindiyim büsqalter koftamın altından diqqətini çəkmişdi. Deməli, əsl ərlik qız olmuşdum. Şəhadətnaməm alındıqdan sonra, təbii heç kim buna görə mənim fikrimi soruşmamışdı, atama görə həyatımın əsas mərhələsi başlamışdı.

Mütləq ərə getməliyəm, yalnız toydan sonra sevməli, uşaq doğandan sonra anamın yolu mənim üçün örnək olmalıdır... Qardaşım hazırlığa gedirdi, mən onu qısqanırdım. Oğlan doğulmadığım üçün, çəkdiyim əzabdan zövq alsın deyə məni qız yaratdığına görə bütün günahları Allahda görürdüm. Mənim ailə qurmağa yox, oxumağa, tələbə olmağa həvəsim vardı. Bəzi gecələr həyətimizdəki pişiklər cinsi əlaqəyə girəndə körpə uşağın səsinə bənzər səslər çıxarırdılar. İlk dəfə məhz o səslərə görə elə bilmişəm, restoranın arxa divarına qoyulmuş qoşa zibilqabına körpə uşaq atıblar. İçim-içimi yemişdi, üzümdə meyit rəngi olduğunu anam da görmüşdü.

- Zibilxanaya uşaq atıblar. Zibilxanaya uşaq atıblar...

Bəxtim gətirmişdi, atam evdə yoxuydu. Anam məndən iki yaş böyük qardaşımdan həya edirdi, pişik səslərinə aldanışımı izah eləməmişdi!

Qardaşım evdən çıxdı, iki dəqiqədən sonra qayıdanda mənə tərs-tərs baxaraq kitabı götürdü, divarın küncündə, anamın qarışıq, bir-birinə uyuşmayan rəngli parçalarla tikdiyi balaca döşəkcənin üstündə oturdu. O, hazırlığa gedəndən sonra, pişiklərin münasibətləri haqqında anam danışa bilmişdi. İlk dəfə kitablardan oxuduğum ali insan olan mən, pişiklərə həsəd aparmışdım...

Qardaşımın atama oxşamasından qorxurdum, o da başıma gəldi. Təsəvvür edin, ona yalvarmışdım, atamı razı salması üçün mənimlə birlikdə ona yalvarsın, universitet olmasa da olar, texnikumda oxuyum, razıyam, məni atam aparıb gətirsin, təki tələbə qız olum. Amma texnikumu Bakıda oxuyum.

Uşaq olanda, lap qanmayan vaxtı görmüşdüm, əməllicə xatırlaya bilmirəm, televizorda görməklə vurulmuşdum. Bakı mənə görə Paris, Batumiydi. Bakıya olan sevgim, həsrətim dünyada məşhur olan başqa şəhərləri gözümdən salmışdı. Qardaşımın atama təkcə görünüşü yox, ürəyi də oxşamışdı. On birinci sinfi bitirməmiş ilk dəfə qız dodağını öpmüş qardaşım atam kimi oxuyan, işləyən qızın düz yolda olmadığını üzümə demişdi. Düzdür, öpüşdüyü qızın kimliyini heç vaxt bilmədim, sinif yoldaşı, dostu olan Sərxana qapı ağzında danışanda eşitmişdim. Bir qıza "quşdur" dediklərini də ilk dəfə o gün eşitmişdim. Bir oğlanla öpüşən qıza “quş” deyilirdisə, oğlana hansı heyvanın adını yaraşdırırdılar? Başıma gələndən sonra bilmişəm, kişilər "quş" sözünü ilk dəfə fahişələrə deyiblər. Hər nəysə...Mənim dərdim nə qızları yoldan çıxardan kişiləriydi, nə də özünü satan fahişələr. Mən oxumaq istəyirdim, vəssalam.

- Oxumaq pis yoldursa, sən niyə oxuyursan onda?
- Az, cəhənnəm ol, beynimi xarab eləmə, –deyib qardaşım əliylə sinəmdən itələmişdi.

O gündən özümə dua yox, qardaşımın imtahandan kəsilməsi üçün qarğış edirdim.

Alqışıma cavab verməyən yaradan ürəyimə sərin su səpmişdi, qarğışım qardaşımı tutmuşdu. Ali məktəbə qəbul olmağa balı çatmamışdı, qonşular ona təsəlli verəndə, atam-anam heyfslənəndə, mən sevincimdən az qala qanadsız uçurdum. İlk dəfə Allaha şükür eləmişdim və mənim səsimi eşitdiyini duymuşdum. Atam qardaşımı qonşu məhəllədəki maşın ustasının yanına işə düzəltdi. Qardaşım həm öyrənəcəkdi, həm də kişi kimi pul qazanacaqdı. Bizdə qadınlar ev işlərini görəndə qadın, kişilər pul qazananda kişi olurdu. Məni dustaq eləmək növbəsini atam qardaşıma vermişdi. Bizdən uzaqda qalan sinif yoldaşlarımın evinə, paltar almağa, kitabxanaya qardaşım aparırdı. Oxuduğum kitabları da, geyindiyim paltarları da qardaşım seçirdi. Sonunda dözə bilmədim. Arzularıma görə özümü öldürməyə cəsarətim çatmazdı. Bircə yol vardı, evdən qaçmaq...

Hara qaçacaqdım?

Hər qaçan qızın bəxti gətirmir, oxuduğum əsərlərdən bilirdim bunu. Kinoların övladlıqdan rədd edilmiş qızların rəngarəng həyatından göstərməklə deyildi. Yox, mən fahişə olmaq istəmirdim. Pərişan idim, həyatıma görə çox narahat olurdum.

Bir gün möcüzə baş verdi: ev telefonumuz oldu. Atamın da, qardaşımın da internet sevdası anamla mənə olan qısqanclıqlarına güc gəlmişdi. Gülən gözlərimi onlardan gizlədirdim, onlardan çox mən sevinmişdim. Sinif yoldaşlarımla rahat danışırdım.

Bu gün o da yoxdur. Bətnimdə cinsiyyətini bilmədiyim övladımla balaca otaqda ölüm fərmanımı gözləyirəm. Necə öləcəyimə atam qohum kişilərlə qərar verəcək.

Yay həyatımın uğursuz fəslidir. Arzularımın yolları bu fəsildə daşlı-kəsəkli, nakam cavanın ömrü qədər ümidlərimlə birgə dəfn olunurdu.
Həyətin ortasına qoyulmuş tabuta baxıram, anamın dediyi ağıları eşidirəm. Məhəllənin kişiləri atamdan gizli pəncərədən mən tərəfə baxırlar, hamısı susub, gözləriylə danışırlar. Dünyagörmüş İslam dayının mənə yazığı gəlirdi. Baxışları onu asanlıqla ələ verirdi. Mən gülümsəyirdim. İlk dəfə rahatıydım, etdiyim hərəkətdən ikinci dəfəydi qorxmurdum. Qonşu qızlar mənə acıyırdı, aralarında ağlayan sinif yoldaşım Selcan düşdüyüm vəziyyətdə özünü günahkar sayırdı. Ailəmizdən kənar yeganə insanıydı, həqiqəti çılpaqlığıyla bilirdi.

Az sonra anamın sakit ağısı çığırmasıyla əvəz edildi, heyrətlənməyimi gizlədə bilmədim, içimi çəkdim. Selcan eləcə mətbəx pəncərəsiylə üzbəüz olan evlərinin qapısından mənə baxırdı, sözlü adama oxşayırdı, deməmiş əl çəkən də deyildi, onu yaxşı tanıyırdım. Ona gülümsəyib stolun arxasına keçdim, yazmağa davam elədim. Bu gün ən gözəl paltarımı geyinmək istəyərdim... Qırmızı paltarımı... Əsl bayram ediləsi günüydü. Qardaşımın ölməyi məndən başqa hər kəsə pis təsir eləmişdi. Qəribədir, onun cavan ölümünə bir tərəfdən heyfslənirdilər, bir tərəfdən də "şərəfsiz" deyirdilər. Hər halda özümü yasa gələnlərin yerinə qoyurdum, onların yerinə düşünəndə bu qərara gəlmişdim.

Mənim nə anama, nə ərinə, nə də oğluna zərrə qədər yazığım gəlmirdi. Məni o evə qardaşım aparmışdı, bədbəxt olmağıma, hamilə qalmağıma bais olmuşdu. Bu günahda atamın da payı vardı ki, məni öldürməklə ört-basdır eləmək istəyirdi. Qardaşım istəsəydi özünü yox, hardansa tapdığı tapancayla məni vurardı. Axı, mən qonşuların eşidib tərəfimi tutması üçün var gücümlə bağıra-bağıra "Məni sən hamilə qoymusan" demişəm. Qonşular da eşitmişdi, atam da, anam da... Atam nifrətlə qardaşıma baxmışdı, mən qəhqəhə çəkib düzünü deyənəcən ilk dəfə mənim yanımda, oğlunun qarşısında dayanmışdı.

- Məni o evə ilk dəfə oğlun apardı. Yenə oğlun apardı. Yenə oğlun apardı... Hər həftə apardı. Axırda hamilə qaldım. Gözünüz aydın, nəvəniz olacaq. Bütün günahlar səndədi. - barmağımı anama ovunu nişan almış ovçular kimi tuşladım:

- Bir dəfə də olsun, oxumağım üçün tərəfimi saxlamadın. Eləcə boyun əydin, qorxaqlıq elədin. Məni qoruyurdun, a kişi?

Bu dəfə barmağımı atama tuşladım:

- Kim qoruyacaqdı? Siz? Sizin ucbatınızdan bədbəxt oldum da!!! İmkan vermədiz e, gözüm açıla. Türmədə yatanlar məndən çox adam görür e... Məni oxutsaydın, tələbə olardım. O oğraşla evdə yox, parkda görüşərdim, əl-ələ küçələri gəzərdik, nişanlanardıq, evlənərdik.
Əllərimlə qarnımı tutdum, havalanmışdım:

- Uşağımız vaxtsız olmazdı. Siz neylədiz? Məni öz əlinizlə onun evinə apardız. Qorumaq buna deyirsiz? Buna deyirsiz qorumaq? Mən sevilmək istəyirdim, ay əclaflar! İşləmək istəyirdim!

Açılan atəş səsindən sonra yerə sərilən qardaşımın başından axan qan havamı alan sonuncu addım oldu. Valideynlərim məni unudub qardaşımın meyitini qucaqladılar. Bu dəfə onların fəryadı məni ilk dəfə qorxutdu, mətbəxə keçib, qapısını arxadan bağladım...

Polislər qardaşımın ölüm səbəbini anamdan soruşa bilmədilər, özündə deyildi. O, özünə gəldikcə "Ay Allah, məni də apar balamın yanına" deyir, yenə ürəyi gedirdi. Atam oğlunun niyə özünü öldürdüyünü bilmədiyini deyirdi. Neçə il məni qorxudan, əsarətdə saxlayan kişinin susduğunu görəndə özümdə qəribə yüngüllük hiss edirdim. Mənimki məğlubiyyətə bərabər qələbə olmuşdu. Sonunda polis intiharın səbəbini məndən soruşdu, atamın üzünə baxdım. Gözləriylə susmağım üçün mənə hədə-qorxu gəlirdi.

- Sizə hər şeyi danışacam, – deyəndə baxışlarında yalvarmağa başladı. Hökmü nafiləydi.

Mətbəxdə stol arxasında, atamın gözündən uzaq, mənə etdiklərindən tutmuş, telefon zənginəcən hər şeyi necə varıydı, o cür də danışdım...

Ümidimin tükəndiyi gün bizim nömrəni o, yığmışdı, səhv düşmüşdü. Səsinin məlahəti məni sehirləmişdi. Tələbəydi, üçüncü kursda oxuyurdu. Altı ay anam qonşuda olanda, mən yığandan-yığana danışırdıq. Gec-gec yığırdım, çox danışa bilmirdik. Ailəmizdəki vəziyyəti bilirdi, onunla görüşmək üçün bircə çıxış yolu vardı. Atasının onun üçün aldığı evdə görüşə bilərdik. O, nə demişdisə, o cür addım atmışdım. Evimizdəkilərə sinif yoldaşım Aytacgilin təzə evə köçdüyünü, bizi qonaq çağırdığını demişdim. Mənim həqiqətən Aytac adlı sinif yoldaşım var, doğrudan köçmüşdülər. Əlbəttə, Aytacgilin yox, onun ev ünvanını demişdim qardaşıma. Qardaşım da bir-iki dəfə Selcanla apardı məni, dördmərtəbəli binanın girişində bizi ötürüb geri qayıtmışdı. Selcan o biri otaqda kitabxanadan götürdüyü kitabı oxuyanda, mən onunla şirin söhbət edərdim. O, mədəniyyətli, qızın oxumasını yüksək qiymətləndirən əsl tərbiyə almış oğlanıydı.

Bir gün…Bir gün qardaşımın evdə olmağından istifadə elədim, Selcanı bizə çağırdım. Selcan Aytacdan küsdüyünü, daha onlara getməyəcəyini dedi. Mən Aytacla danışıb onları barışdıracağımı dedim ki, qardaşım eşitsin, növbəti gün onunla görüşəndə niyə Selcanın gəlməmək səbəbini soruşmasın. Aparmaya bilərdi, xoşbəxtliyimin zirvəsindən kəlləmayalaq yerə çırpılmaq istəmirdim. Soruşmadı, apardı.

Kaş soruşardı, aparmazdı, yaza bilmirəm. Səhv olduğumu yaxşı bilirəm. Amma mən öldürülmüş arzularımın qisasını planlaşdırmamış almışdım.
O əclaf atamdan qardaşımdan fərqlənmədi. Saxta sevgisinə inandırmış, saxta azadlığı sevdirmişdi mənə. Mən ona özümdən çox inanırdım, düşündüklərimi mənə danışa-danışa inandırmışdı. İnandığım üçün bakirəliyimi ona könül xoşluğuyla bağışlamışdım. Bir aydan sonra elçilərini göndərməliydi, səs-soraq çıxmadı... Zənglərimə cavab vermir, zəng də eləmirdi. İlk dəfə sınmışdım, illərini bir uşağa görə iynə-dərmanla başa vuran qadınlar yox, kişiylə ilk münasibətdən hamilə qalan mən olmuşdum.

Dediklərimdən dodaqlarını bir-birinə sıx birləşdirən polis verdiyim ünvana yoldaşlarıyla getdi, tapa bilmədilər. O ev, ehtirasın zövqlü dəqiqələrini yaşayan, əslində, ürəklə heç bir əlaqəsi olmayan alovlu bədənlər üçün verilən birgünlük kirayəlik evmiş. Eşidən gündən bu yana gülürəm. İndi də gülməyim gəlir, özümü birtəhər saxlayıram, ayıbdır, yasımız var. Ondan daha xəbərim yoxdu. Bilirəm ki, qardaşımın dəfnindən sonra ölüm növbəsi mənimdir. Polisə sığınaraq atamdan özümü qoruyub övladımı dünyaya gətirə bilərdim, özüm istəmədim. Oğlumun olmasından qorxuram, mən heç bir kişidən xeyir görmədim, gələcəkdə hansısa bir qızın oğlumdan ziyan çəkməyini rəva bilmərəm. Qızım olsaydı... Yox, qızların taleyi analarının bəxtinə bənzəyir. Cəmiyyət öz gücünü tək, çarəsiz, kimsəsiz qadınların üstündə sınayır. Qızımın üstündə güclərini sınayıb özündən iyrənən qadın edəcəklər. Bu qədər... Əlvida, əsarət!...Əlvida,qorxu!...

***

O, mətbəxin qapısını bağlayıb-bağlamadığını yoxlayıb pəncərəyə yaxınlaşdı. Pəncərəni açıb öncə on iki vərəqli dəftəri aşağı atdı ki, Selcan götürsün...

# 21857 dəfə oxunub

Oxşar xəbərlər

“Tron 3” filminin nümayiş tarixi açıqlandı

“Tron 3” filminin nümayiş tarixi açıqlandı

18:40 30 aprel 2024
"Qobustan" dərgisinin Türkiyə Özəl sayının təqdimatı oldu

"Qobustan" dərgisinin Türkiyə Özəl sayının təqdimatı oldu

18:00 30 aprel 2024
Epidemiyaların ədəbiyyatdakı yeri və gələcəyə dair ehtimallar - Ramin Qasımov

Epidemiyaların ədəbiyyatdakı yeri və gələcəyə dair ehtimallar - Ramin Qasımov

17:30 30 aprel 2024
Kevin Speysi haqqında sənədli film çəkiləcək

Kevin Speysi haqqında sənədli film çəkiləcək

17:00 30 aprel 2024
Nikol Kidman Akademiyanın Fəxri Mükafatına  layiq görüldü

Nikol Kidman Akademiyanın Fəxri Mükafatına layiq görüldü

16:30 30 aprel 2024
Məşhur aktyor:  "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - Müsahibə

Məşhur aktyor: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - Müsahibə

16:15 30 aprel 2024
#
#
# # #