"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri
17 oktyabr 2026
# 15:30

Bu gün avstriyalı yazıçı Jan Amerinin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Mənim üçün yəhudi olmaq - ötən günün faciəsini daxili bir zülm, daxili bir əzilmə kimi hiss etmək deməkdir. Sol biləyimdə Auşvits nömrəsini daşıyıram; bu nömrə Tövratdan və ya Talmuddan daha qısa oxunur, lakin daha dolğun məlumat verir. O, həm də yəhudi varlığının əsas ehkamlarından daha bağlayıcıdır. Əgər mən özümə və dünyaya - o cümlədən məni özlərindən biri hesab etməyən dindar və millətçi yəhudilərə - Mən yəhudiyəm deyirəmsə, bununla məhz Auşvits nömrəsində ümumiləşdirilmiş o həqiqətləri və ehtimalları nəzərdə tuturam.

***

Mən yalnız özümü daxilən gördüyüm və anladığım qədər gerçəyəm; mən özüm üçün və öz daxilimdə nəyəmsə, yalnız ondan ibarətəm, başqa heç nə.

***

Şeir artıq reallığı aşa bilmirdi...

***

Prust əsərinin bir yerində deyir ki, nə ümid etdiyimiz kimi baş verir, nə də qorxduğumuz kimi. Həqiqətən də, heç nə nə gözlədiyimiz kimi, nə də qorxduğumuz kimi baş verir.

***

Floberin ironiyası sərtdir, bəlkə də qəddardır, hər halda dərindən ədalətsizdir. Gəlin, "Madam Bovari"nin ən mühüm simalarından birinə - əczaçı Omeyə nəzər salaq və onun nümunəsindən çıxış edək. Burjua maarifçiliyi, sivilizasiyamızın irsi, hər bir sosialist utopiyasının zəruri təməli onda dəhşətli dərəcədə gülünc bir vəziyyətə salınmışdır.

Onun qazanılmamış, miras qalmış sərvəti yox olub getmişdi. Kitab sona çatdırılsaydı, ümidsiz axmaqlar Buvart və Peküşe məntiqi olaraq ölümdə pənah axtaracaqdılar.

***

İşgəncəyə məruz qalmış hər kəs işgəncə çəkmiş olaraq qalır. İşgəncə görmüş heç bir kəs bu dünyada yenidən rahatlıq və güvən hissi tapa bilməz. Üzə dəyən ilk sillə ilə çatlayan və işgəncə ilə darmadağın olan insanlığa inam bir daha heç vaxt bərpa oluna bilməz.

Türk dilindən tərcümə: Aydan Ağayeva

# 110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər