Xəstənin boğazına tüpürən mollalar, pambığı tibbə gətirən alim, Xalq yazıçısı Anarın babası... - Reportaj

Xəstənin boğazına tüpürən mollalar, pambığı tibbə gətirən alim, Xalq yazıçısı Anarın babası... - Reportaj
3 oktyabr 2025
# 15:00

Kulis.az Kamil Əlisoyun Təbabət Muzeyindən reportajını təqdim edir.

Şəhərin gurultulu küçələrindən, tıxacından, qulaqbatıran siqnallarından, göydələnlərindən canımızı qurtarıb fotoqrafla birgə Nəcəfqulu Rəfiyev küçəsində yerləşən, sakit, çox da gözə çarpmayan Təbabət Muzeyinə daxil oluruq.

Mədəniyyət Nazirliyinin tarixi əhəmiyyətli obyektlər siyahısına daxil edilən Təbabət Muzeyi 1986-cı ilin yanvarında fəaliyyətə başlayıb. Muzey 1890-cı ildə inşa olunmuş tarixi binada yerləşir.

Muzeyin ekspozisiyası ikinci mərtəbədəki 9 zalda nümayiş etdirilir. Burada sənədlər, şəkillər, kitablar, tibb alətləri, AMEA Əlyazmalar fondu, həmçinin Moskva, Sankt-Peterburq və Bakı şəhərlərinin arxivlərindən gətirilmiş qiymətli əlyazmaların fotosurətləri yer alır. Bütün eksponatlar tarixi ardıcıllıqla düzülüb.

Muzeyin qapısının sağ tərəfində 1914–1917-ci illərdə burada çalışmış, ədəbiyyatımızın və səhiyyəmizin görkəmli nümayəndələrindən olan Nəriman Nərimanovun divardan asılmış xatirə lövhəsini görürəm. O, burada həkim kimi fəaliyyət göstərib. Birdən yadıma düşür, o, yeməyinə zəhər qatılaraq öldürülüb. Xatirələrdən birində oxumuşdum ki, onun ən sevdiyi yemək dolma imiş və zəhər də məhz dolmaya qatılıbmış.

İçəridə bizi muzeyin direktoru Sevinc Maniyeva və əməkdaşı Zemfira xanım qarşılayır. Özümü Dantenin “İlahi komediyası”ndakı kimi hiss edirəm: o, axirət aləminin, biz isə tariximizin müxtəlif dövrlərinin arasında səyahətə çıxırıq.

Orada bələdçi Vergili, burada isə muzeyin əməkdaşı Zemfira xanımdır. Lakin Dantedən fərqli olaraq, mən nə harasa tələsirəm, nə də kimisə axtarıram. Yalnız vaxt məhdudiyyətim var — reportajımı bitirib işimə qayıtmalıyam.

Ekspozisiyada Homerin “İliada” və “Odisseya” dastanlarında da təsvir olunan qədim yunan sağlamlıq allahı Asklepin və onun qızları Gigien (Gigiyena tibb termini məhz buradan qaynaqlanır) ilə Panakeyanın nəhəng barelyefi yerləşdirilib.

Sanki eradan əvvəl XII əsrə səyahət edirik. Bu adlar istər-istəməz üç il əvvəlki günlərimi xatırlatdı. Bakı Dövlət Universiteti, onun geniş həyəti, qəhvəyi, parlaq koridorları... İkinci mərtəbə, dünya ədəbiyyatı kafedrası... Mən üç il əvvəl eyni adları orada da - təhsil aldığım filologiya fakültəsində də eşitmişəm. Bir anlıq zaman anlayışını itirdiyimi hiss edirəm. 3 il əvvəl eşitdiklərimlə indi eşitdiklərim eynidir axı!

“Vergili” ikinci mərtəbəyə qalxarkən yorulur və təngnəfəs halda bizə məlumat verməyə çalışarkən öskürür. Bu, məni xatirələrdən reallığa qaytarır. Öz növbəmdə, dünya ədəbiyyatı üzrə magistr təhsili aldığımı xatırlayaraq, bələdçimə bu məlumatları verməsinə ehtiyac olmadığını bildirirəm və diqqətimi Asklep heykəlinə, onun qılıncına yönəldirəm. Müəllimlərimin üç il əvvəlki mühazirələrini yenidən xatırlayıram.

Asklepin sağ əlində ilan dolanmış qılınc, sol əlində isə tərəzi fiquru; Gigiyen, Panakeya… Sən demə, illər sonra vaxtilə oxuduqlarımı canlı görmək də taleyimə yazılıbmış...

Antik dövrlərdən bəri qılınc və ilan sağlamlığın, tərəzi isə insan orqanizmində hər şeyin tarazlığını simvolizə edir.

Müəllimim Nüşabə Sadıxlının vaxtilə mühazirədə dediyi “İlanın qılınca dolanması ilə bağlı isə müxtəlif mülahizələr mövcuddur. Belə hesab olunur ki, bu, qədim xalqlarda müdrikliyin simvolu sayılıb” – cümlələri qulağımda səslənir.

Sonra eksponatların sərgiləndiyi birinci zala daxil oluruq. Qapı açılan kimi tarix sanki yenidən canlanır: qədim alətlər, yazılar, əsərlər, tibbi vasitələr və sair gözümüzün önündə canlanır. Bələdçim sözarası gülərək deyir: “Uşaqlar çox vaxt bu alətləri görəndə qorxub ya müəllimlərinin ətəklərindən bərk yapışır, ya ağlayır, ya da qaçmaq istəyirlər.”

Uşaqların nə günahı var, bura elə məni də vahiməyə salır...

Tibb elmi çox qədim tarixə malikdir. O, insanla birgə yaranmış, əsrlər boyu müxtəlif texnologiya və metodlarla zənginləşərək bu günümüzə gəlib çatmışdır. Nə yaxşı ki, tibbin bu səviyyəyə çatdığı dövrdə yaşayıram. Böyrək daşı problemim yadıma düşür — indiki dərmanlar dəqiqələr ərzində ağrını kəsir. O dövrdə yaşasaydım… Düşünmək belə ağrılıdır...

Burada Hippokratın büstünü görəndə sinif yoldaşımın məzun günündə Hippokrat andını oxuduğu anın videosunu çəkdiyimi xatırlayıram. Zaman çox sürətlə keçir; muzeydə iki addım atanda elə bil hər dəfə zamanda yüz illərlə geriyə gedirsən...

Muzeyin rəhbəri Sevinc xanım sözarası qeyd etdi ki, 1968-ci ildə Parisdə keçirilən İkinci Tibbi Konfransda AMEA-nın müxbir üzvü, professor Umnisə Musabəyova çıxış edərək Hippokrat andına yeni bir cümlənin əlavə olunmasını təklif edib: “And içirəm ki, ömür boyu öyrənəcəyəm.”

Hippokratın andı onun büstünün arxasında şüşə lövhədə divara vurulub.

İbn Sinanın büstü Hippokratla yanaşıdır. Şərqin və Qərbin tibb elminin baniləri birlikdə qoşa dayanıb sanki səhiyyəmizin bu gününə tamaşa edirlər...

Yenə də xəyalən uşaqlığıma qayıdıram. Atam İbn Sina ilə bağlı belə bir rəvayət danışmışdı:

"İbn Sina bir gün Sultan Mahmud Qəznəvidən xahiş edir ki, elmlə məşğul olmaq üçün rəsədxana tikilməsinə icazə versin. Sultan razı olmur. Alim bir nəfəri çağırtdırıb ona içi boş nəhəng bir çəlləyi gecəyarısı yüksək bir yerdən üzüaşağı atmağı tapşırır. Adam bunu edir və gecənin bir aləmində yaranan gurultudan ölkəyə basqın olduğu düşünülür, şəhər ayağa qalxır. Sultan məsələni başa düşəndə alimdən səbəbini soruşur. İbn Sina cavab verir: “Siz boş bir çəlləyin səsinə görə az qala bütün ordunu səfərbər edirdiniz. Biz isə yerdə və göydə baş verənləri bilmirik. Bu, böyük fəlakətə səbəb ola bilərdi.” Bunu eşidən sultan rəsədxana tikilməsinə razılıq verir".

Bu qədər sima arasında Əl-Razinin büstünə baxanda barmağımdakı yara sızladı. Dünən kəsilən barmağımın əzilən yerinə vurduğum pambığı tibbdə ilk dəfə o tətbiq etmişdi. Təsadüf deyə bir şey yoxmuş...

İkinci zala keçirik. Burada sanki tarixin başqa bir səhifəsi açılır. Ümumiyyətlə, ikinci, üçüncü və dördüncü zallarda Azərbaycan tibb elminin “ilk”lərinə imza atan nümayəndələr, onlardan qalan diplomlar, alətləri, eksponatlar və sairə nümayiş olunur.

Buraya daxil olan kimi gördüyüm maketlər, rəsmlər, ayinlər mənə tanış gəlir. 20 il qabaq üzündə xal çıxanları seyid və molla yanına aparırdılar ki, onun şəfalı tüpürcəyi adamı sağaldır. Pirə getmək, “teşt” qoymaq, müqəddəs sayılan ağaca parça bağlamaq… Hələ də buna inananlar var. Bu da ayrı bir dərddir; tibbin bu səviyyəyə çatdığı dövrdə çarəni mənasız və batil inanclarda axtaranların hələ də mövcud olduğunu biləndə o dövrdəkiləri qınamaq olmur.

Stenddə həmçinin Xalq rəssamı Əzim Əzimzadənin karikaturaları nümayiş olunur. Birində xəstə boğaz ağrısı səbəbilə mollaya müraciət edir, molla isə ağzına tüpürərək, guya xəstənin boğazını müalicə edir. Digər karikaturada isə xəstənin canına qorxu düşür; molla onu ox və yayla qorxudaraq müalicə etməyə çalışır.

Orta əsrlərdə yaşamış Azərbaycan xalq həkimlərinin əlyazmalarının fotosurətlərinə də maraqla tamaşa edirik. Bu əlyazmalardan yalnız birinin orijinal nüsxəsi mövcuddur və onun müəllifi naməlum xalq həkimidir.

Qədim dövrlərdə insanlar müalicə üçün ara mamaçası və sınıqçılara tez-tez müraciət edirmiş. Onların metodlarına banka qoymaq, masaj və qan almaq daxildir.

Qarşımıza 19-cu əsrə aid maket çıxır: xəstə yerdə uzanıb və ona həyat yoldaşı tərəfindən banka-küpə qoyulur, gənc qadın isə xəstəyə çay vermək üçün kənarda dayanıb.

Maketlər səhnələri mükəmməl şəkildə canlandırır, bizi həmin dövrün atmosferinə salır.

Orta əsrlərdə xalq həkimləri tərəfindən istifadə edilən cərrahiyyə alətlərinə diqqət etmədən keçə bilmədim. Qeyd edim ki, burada təqdim olunan alətlər orijinal olmayıb, rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləridir.

Növbəti stenddə həcəmət və dəllək ülgücü nümayiş etdirilir. Muzeyin əməkdaşı Zemfira xanım izah etdi ki, ülgüc vasitəsilə xəstənin kürəyi çərtilir, həcəmət və küpədən qan buraxmaq üçün istifadə olunurdu.

Bu müalicə üsulları daha çox dağlıq ərazilərdə, xüsusilə, cənub bölgəsində tətbiq edilirmiş.

Hələ qədim dövrlərdə müalicə üçün dərman və ot bitkilərindən istifadə olunurmuş. Onların toplanması, qurudulması və saxlanması ilə xüsusi şəxslər — əttarlar məşğul olurmuş. Təbii ki, indi bir az soyuqdəymə olan kimi kəkotu dəmləyib limonla içirik. Qısası, bu artıq sadəcə inanc deyil, günümüzün reallığıdır. Bunu düşünəndə öz-özümə gülümsədim.

Zalda gördüyüm bir sıra cərrahi alətlər 8-ci əsrə aid Əbülqasım Zəhrəvinin kitabından götürülüb. Həmin kitabın yeganə nüsxəsi AMEA Əlyazmalar İnstitutunda qorunur və bu alətlər məhz həmin kitab əsasında hazırlanıb.

Sonra zalda qarşımıza Mehmandarovlar ailəsinə aid materiallar çıxır. Əbdülkərim Mustafa oğlu Mehmandarov 1877-ci ildə Peterburq Hərbi Cərrahiyə Akademiyasını bitirib və 50 il Şuşa xəstəxanasına rəhbərlik edib.

Böyük oğlu Mixayil Mehmandarov da atası kimi təhsil müəssisəsində oxuyub və ilk azərbaycanlı olaraq SSR Elmlər Akademiyasında akademik adına layiq görülüb.

Bacısı repressiyaya məruz qalanda o, Bakıya gələrək birinci katib Mircəfər Bağırovla şəxsən görüşüb, ondan icazə alıb ki, bacısı ölkəyə qayıdaraq elmi fəaliyyətini burada davam etdirsin.

Stenddə onların həmkarları ilə çəkilmiş şəkillər və xatirələr də əks olunub.

Burada diqqət çəkən digər məqam isə koridorun sonunda parlayan Həsən bəy Zərdabinin büstüdür. Bildiyimiz kimi, o, ixtisasca həkim olub. Onun “Sağlamlığı necə qorumalı?” adlı əsərinin fotosurəti də burada nümayiş etdirilir.

Zərdabi həmişə deyirmiş: “Mən ona görə həm həkimliklə, həm də ədəbiyyat və yazı ilə məşğul oluram ki, biri ilə xalqın fiziki, digəri ilə mənəvi xəstəliklərini müalicə edib sağalda bilim.”

Özümü nə qədər məcbur etsəm də, bu məlumatın hardan yadıma düşdüyünü xatırlaya bilmədim. Çünki mənim xatirələrimin bələdçisi yoxdur.

1922-ci ildə BDU-nun tibb fakültəsinin ilk məzun buraxılışı olub ki, bunlardan 3-ü azərbaycanlı idi. Onlardan ikisi xanım — terapevt Ceyran Sultanova və 24 yaşında professor-alim adını almış Ədilə Şahtaxtinskidir.

XIX əsrdə Bakıda neft sənayesi yüksək inkişaf etsə də, fəhlələrin infeksion xəstəliklərə yoluxması ciddi şəkildə artmışdı. Bunun nəticəsində pulsuz müalicəxanalar fəaliyyətə başlamışdı. İlk belə müəssisə 1897-ci ildə açılmışdı. Bütün bunları əks etdirən fotolar da muzeydə nümayiş etdirilir.

10-cu sinifə təzə başlayırdım. Tarix fənninə xüsusi həvəs göstərdiyim vaxtlar idi. Müəllim bizə "ilk dəfə aşağı təbəqənin yuxarılara" qalib gəlməsindən, "mazut konstitusiyasından" dərs deyirdi. Eləcə stenddə gördüyümüz şəkillər və maket bu razılaşmadan sonra sahibkarların öz qazanclarının müəyyən bir hissəsinə xəstəxana tikdirməsi ilə bağlı mövzunu canlandırır.

Xeyriyyə cəmiyyəti vasitəsilə uşaq evləri də fəaliyyət göstərməyə başlayıb. Çünki tez-tez uşaqlar çölə atılırmış. Qarşımızda həmin uşaq evinin təsviri canlanır. Burada gördük ki, uşaq evlərinin divarlarına qutular yerləşdirilib. Bu qutular açılanda qəbul otağında zəng səslənirmiş və körpələri uşaq evinə bu yolla qəbul edirmişlər.

Xüsusilə, neft milyonçularından biri olan Hacıağa Dadaşov həm qocalar evinin, həm uşaq evlərinin təsisçilərindən olub. O həmişə deyirmiş ki, bu qədər pulu nə biz, nə də bizdən sonrakılar yeyib qurtaracaq. Bunu ancaq Bakımızın gözəlləşməsi və xalqımızın rifahına xərcləməliyik.

Həmçinin, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri olan Xudadat bəy Rəfibəylinin fəaliyyətinə həsr olunmuş ayrıca bir stend də həmin dövrün tarixi, görülən işləri barədə bizə çox məlumatlar verir.

O, 6 ay bu vəzifədə çalışıb. Daha sonra, Sovet hakimiyyəti qurulanda o "xalq düşməni" elan edilərək güllələnib. 1992-ci ildə isə bəraət alıb.

Onun Xalq şairi Nigar Rəfibəylinin atası, Xalq yazıçısı Anarın isə babası olduğunu bilirdim, amma indiyə kimi simasını görməmişdim.

1914 -1917-ci illərdə Bakıda vəba xəstəliyi yayılıb. Bu xəstəliyin qarşısını almaq üçün 19-cu vəba barakları tikilib. Həmin barakların maketləri də ekspozisiyaların arasında gözümüzə dəyir. Hazırda bu baraklar sökülüb və onların yerində isə 1 nömrəli klinik xəstəxana tikilib. Ona xalq arasında "Semaşko" deyirlər.

Zemfira xanım bildirdi ki, o dövrdə Bakıda asfalt və yaşıllıq çatışmazlığı mövcud idi və traxoma (göz xəstəliyi) geniş yayılmışdı. Bunun qarşısını almaq üçün süni mazot gölməçələri yaradılırdı ki, külək əsəndə havadakı xəstəliyi yatırtsın və yayılmasına imkan verməsin. Bu vəziyyət stenddəki eksponatda əks olunub.

Gördüyümüz dioramalardan birində isə ilk təcili yardım karetası vasitəsilə infeksion xəstənin hospitalizasiyası təsvir olunub.

Bələdçi bildirdi ki, muzeyə bizdən bir gün əvvəl Seçenov İnstitutundan müəllimlər gəlmişdilər. Onlar otaqları gəzərkən Azərbaycanda tikilən və təmir edilən müəssisələrin sayını görəndə dəhşətə gəlmişdilər.

Onların heyrəti məni də təəccübləndirdi: “Bizdə çox şey Sovetdən qalandır” — deyə heyrətlərini gizlədə bilməyiblər.

Stendləri gəzərkən Nəriman Nərimanovun büstünə rast gəldik. Həqiqətən, bu sima xüsusi seçilirdi. O, burada 3 il həkim işləyib.

Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə ali təhsil alandan sonra burada fəaliyyətə başlayıb.

Nəriman Nərimanov burada fəaliyyətə başladığı bir il yarım ərzində 11000 xəstəni qəbul edib, 9000-dən çox resept yazıb və 2500-dən çox əməliyyatda iştirak edib.

İş saatından sonra isə öz evində gecə yarısına qədər imkanı olmayan xəstələrin müalicəsi ilə şəxsən məşğul olub.

1919-cu ildə ADR dövründə qurulan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ilk rektorları və məzunlarının fotoları da stendlərdən birində nümayiş olunur.

Həmçinin, mənim də 6 il təhsil aldığım BDU-nun ilk azərbaycanlı rektoru, 1926-cı ildə bu vəzifəyə seçilən Tağı Şahbazinin fotosu məndə xoş təəssürat yaradır.

Onun sayəsində ilk dəfə ana dilində təhsil verilib. Lakin 1938-ci ildə pantürkist və panislamist damğası ilə repressiya qurbanı olub. Qızı isə ölümündən 10 il sonra BDU-nun filologiya fakültəsinə qəbul olub.

Bir dəfə gənc müəllimlərdən biri ona qarşı qərəzli davranıb. Onun qrup yoldaşları rektor Abdulla Qarayevə şikayət ediblər. Rektor müəllimi çağıraraq soruşub:

- Siz hansı dildə təhsil almısınız?

Müəllim cavab verib:

- Ana dilində.

Rektor isə deyib:

- Siz heç bilirsiniz o kimdir? Siz onun atasının sayəsində öz ana dilinizdə təhsil ala bilmisiniz.

Eyni zalda Nikolay Semaşkonun da xatirə fotosu divardan asılıb. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən şəxslərdən biri olub.

Naftalan neftinin burada sərgilənməsi qeyri-adi olmasa da, bəzi maraqlı faktları öyrənmək mənə maraqlı oldu. Nizaminin, Hegelin, Plutarxın əsərlərində belə Naftalan neftinin müalicəvi əhəmiyyəti haqqında yazılar var. Alman alimi Yeger burada zavod tikdirib, “Yeger məhlulu”nu ixtira edib, ancaq tərkibini gizli saxlayıb. Sonralar Fransada bu məhlul gözəllik salonlarında dərinin qırışlarının və qocalmasının qarşısını almaqda, həmçinin bir çox dəri xəstəliklərinin müalicəsində istifadə olunub.

Maraqlısı budur ki, I Dünya müharibəsi zamanı əsir götürülən yapon əsgərlərinin çantasında da bu məhlula rast gəlinib.

Muzeydə həmçinin Qızıl Aypara Cəmiyyətinin təşkilatçıları Əliağa Şıxlinski və xanımı Nigar Şıxlinskayanın xatirə fotoları saxlanılır. Burada qurumun tibb çantası, geyimi və digər alətlərin maketi nümayiş olunur.

1943-cü ildə Mustafa Topçubaşov tərəfindən “Yad cisimlərin bədəndən çıxarılması” aparatı ixtira edilib. Həmin aparatın maketi də burada nümayiş olunur.

Bu ixtiraya görə, 1978-ci ildə ona Nobel mükafatına təqdim olunacağı gözlənilirdi, lakin siyasi səbəblərə görə alınmayıb.

İlk dəfə dərialtı efir yağlarından istifadə — narkozun tətbiqi də Topçubaşova aiddir. Buna görə birinci katib Stalin şəxsən ona təşəkkür məktubu ünvanlayıb. Sonralar mükafata da layiq görülüb. Həmin dərman nadir eksponat kimi hazırda muzeydə nümayiş olunur. Həmçinin bu il onun 130 illik yubileyi muzey tərəfindən qeyd ediləcək.

Növbəti zala keçirik. Artıq müharibə xatirələri geridə qalır. Daha sonra alimin oğlu İbrahim Topçubaşovun stendinə nəzər salıram.

İbrahim Topçubaşov musiqi ilə müalicə metodundan istifadə edən şəxslərdən biridir. Cərrahiyə əməliyyatları zamanı xəstənin sevdiyi musiqini qoşaraq əməliyyata başlayarmış. Bu üsulun akademik araşdırması da ona məxsusdur. O, xaricdə milli səhiyyəmizi ən çox tanıdan və mühazirələr oxuyan şəxslərdən biri kimi tarixin yaddaşına həkk olunub.

Bu zaman ötən günlərdə sosial şəbəkədə gördüyüm bir videonu xatırlayıram. İsveçdə pasiyent skripkada Motsartın simfoniyasını ifa edirdi, cərrah da həmin vaxt onun beynini əməliyyat edirdi.

Professor Fyodor İliç İlyin ömrünün son illərində görmə qabiliyyətini itirsə də, xatirəsi burada əbədiləşdirilib. Onunla bağlı Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən film də çəkilib və muzeydə qısa da olsa, çəkilişlər baş tutub. Onunla bağlı maraqlı bir fakt var. Ginekoloq kimi fəaliyyət göstərən İlyin kor olduğuna görə, qadınlar onun yanına rahatlıqla gələrmiş.

Həmin dövrün kişiləri nə qızlarını oxumağa qoyurmuş, nə də xanımlarının kişi həkim tərəfindən müalicə olunmasına icazə verirmiş. Əcəb dilemmadır.

Vəli Axundovun adı mənə çox tanışdır və şəkli görən kimi onu dərhal tanıyıram. O, səhiyyə naziri və 1959-69-cu illərdə Azərbaycan SSR-nin birinci katibi işləyib

İlk dəfə yaşıllaşdırılmış parkdan müalicə üsulu kimi istifadə olunması, dəniz gəzintiləri, fitoterapiya ilə bağlı elmi əsərləri də nümayiş olunan Şükür Həsənovun da xatirəsi ayrıca bir bölmə kimi nümayiş etdilir.

Daha sonra isə Kəlbəcərin, Laçının və bir zamanlar işğal alıtnda olan digər bölgələrimizin təbii sanatoriyalarının - İstisu, Turşsu və digərlərinin işğaldan əvvəlki fotoları ayrıca stenddə görürəm. Şükürlər olsun ki, bizim bu gün işğaldan azad olunmuş təbii sanatoriyalarımıza rahatlıqla getmək və orada müalicə ala bilmək şansımız var.

Ayrıca bir zal isə Heydər Əliyevə və onun prezidentlik dövründə səhiyyə ilə bağlı görülən işlərə həsr edilib.

Ordan bir addım irəli keçdikdə akademik, oftalmoloq Zərifə Əliyevanın büstü ilə qarşılaşırıq.

Sonuncu - doqquzuncu zal isə 21 ildən artıqdır ki, ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunub.

Köhnə binaların təmiri, müasir avadanlıqlarla təchiz edilməsi və digər fəaliyyətlər fotolarda, yazılarda öz əksini tapıb.

Sonda Birinci Qarabağ müharibəsində şəhid olan Çingiz Mustafayev, Gültəkin Əsgərova və Muxtar Qasımovun, eləcə də İkinci Qarabağ müharibəsində həlak olan həkim və tibb işçilərinin xatirə fotoları ilə qarşılaşırıq. Burada həqiqətən də fərqli bir ab-hava var: bir əlində ölüm, bir əlində həyat... Özünü mənfur düşməndən qorumaq ehtiyacı...

Fotolardan birində isə gözləmədiyim bir sima ilə rastlaşıram — Mir Lətif Ağayev. O mənim qapı qonşum olub və İkinci Qarabağ müharibəsində şəhid olub. Bir anlıq onun üçrəngli bayrağa bürünmüş tabutunu, anasının onu qucaqladığı anı və qadınların fəryadını xatırlayıram. Təsəlli tapıram ki, getdiyimiz hər yerdə şəhidlərimizin xatirəsi uca tutulur.

Beləliklə, Təbabət Muzeyindəki "çoxəsrlik səyahətimiz" başa çatır...

Fotolar: İlkin Nəbiyev

# 213 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər